525.Az

Hüzn günü və TV-lərin əyləncəli verilişləri - Sosial şəbəkədə yazılanlar


 

Hüzn günü və TV-lərin əyləncəli verilişləri -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Murad Sadəddinov, hüquq müdafiəçisi: 

- "Ömür boyu əzab çəkəcəyəm, amma şəhidliyi mənə dözüm verir". "Mən balamla fəxr edirəm". Bu sözləri ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçi ilə keçirilən vida mərasimində kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev deyib: "Ana-bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız. Mən dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm. Torpaqlarımız azad olunub. Mənim balam şəhid olub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidi".

***

Eynulla Fətullayev, jurnalist: 

- Vertolyot qəzasında həlak olanların kimliyini biləndə adam dəhşətə gəlir. Bir baxın, 14 nəfərdən 13-nün hərbi rütbəsi yazılıb, 14-cü içlərində ən titulsuz sayılıb, onun adını ən sonda  çəkiblər, sadəcə "işçi" yazıblar. Titullular qalsın, mən sizə bu sadə "işçi"nin kim olmasını bildirim.

O, təqaüddə olan polkovnik Elçin Nəbiyevdir. Azərbaycanın baş şturmanı, Naviqasiya Atası titulunun sahibi, HHMQ və HHQ Baş Qərərgah Rəisi olub. İlk və yeganə azərbaycanlıdır ki, Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Birinci Qarabağ müharibəsi zamanı ön cəbhədə düşmənin koordinatlarının və atəş nöqtələrinin zərərsizləşdirilməsində müstəsna rol oynayıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların müəlliflərindən biri, ön cəbhədə, məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanıdır.

Bax belə! 

Azərbaycanın itkisinin miqyası yoxdur.

P.S. Və daha dərinə getmək istəyənlər üçün zəruri bir əlavə. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayevi xatırlayırsınız da yəqin, o Rail Rzayevi ki, əvəzedilməz hərbçilərdən biriydi, Azərbaycanın modern hava qüvvələrini yaratmaq üzrə idi, amma 11 fevral 2009-cu ildə "naməlum səbəblərdən" qətlə yetirildi. 
Elçin Nəbiyev Rail Rzayevin kadrı və ideyalarının davamçısı idi.

***

Rüstəm Əbülfətoğlu, jurnalist:

- 14 igidimizin bir anda Şəhid olması fonunda bəzi TV və radioların efir cədvəlində, əlaxüsus əyləncəli və yumoristik verilişlərin yayımında heç bir dəyişiklik etməməsi həqiqətən acı təəssüf doğurur. Bu, ilk növbədə milli kimlik, milli düşüncə və milli mənəviyyat məsələsidir.

Yeri gəlmişkən, "Media haqqında" yeni qanun layihəsində TV və radiolar üçün nəzərdə tutulan vəzifə və yayıma dair tələblərdə bu məqama xüsusilə həssas diqqət yetirilib.

Layihəyə əsasən, hüzn və matəm günlərində komediya və erotik filmlər, yumoristik, əyləncəli, ümumiyyətlə matəm günlərinin mahiyyətinə uyğun olmayan musiqi janrında proqramlar, televiziya və radio viktorinalar o cümlədən, reklamlar yayımlanmamalıdır. Bununla yanaşı, TV və radiolar ən azı hər 2 saatda bir dəfə hüzn və matəm günü ilə bağlı ictimaiyyətə məlumat verməlidirlər.

Bəli, aydındır ki, mənəviyyat məsələsi qanunla tənzimlənmir... Amma hər halda matəm və hüzn günlərində saat 12.00-da bir dəqiqəlik sükut elan edilməsi də artıq qanun layihəsinə salınıb ki, mənəviyyat boşluğumuzu vətəndaş məsuliyyəti ilə qanunun ayrıca, xüsusi maddəsi doldursun.

***

Rey Kərimoğlu, jurnalist:

- Şəhidimiz olanda telekanallara efirlərindən konserti, şit verilişləri çıxarmaq, doğrudan, çətindir? Ayıbdır ey, 14 şəhidimiz var axı!

***

Heydər Mirzə, jurnalist:

- 1. Polkovnik baş zabit heyətidir. Ali deyil. İllah da ki, "yüksək rütbəli" düzgün ifadə deyil.  

2. Orduda olur rütbə və vəzifə. Rütbə ola bilər polkovnik, vəzifə isə briqada komandiri, korpus komandirinin müavini və ya nazirlikdə, misal üçün, idarə rəisi. Aviasiyada polkovnik eyni zamanda şturval arxasında təyyarə və ya helikopter də idarə edə bilər - normalda 10 il uçuşu olan pilot azı kapitandan, mayordan olur artıq.

Yəni "bir helikopterə o qədər yüksək rütbəli şəxs neynirdi" sualı başı çıxan adamın anidən platasını yandırır, eyni şeyi illah da ard-arda hamı yazanda. Özü də, helikopter bir deyildi, son fotolardan göründüyü kimi, azı iki dənə olub (düşən helikopterin göyərtəsindən digərinin fotosu çəkilib qəzadan bir neçə dəqiqə əvvəl, havada).  

+ Təlim uçuşları haqda. Bu ad əslində, çox geniş anlamı əhatə edir. Bu səbəbdən təlim uçuşunda bir helikopterə 16 nəfər zabitin minməsi normaldır, burada gözlənilməz şey yoxdur. O model helikopterlər elə təxmini bu sayda qrupları daşımağı da nəzərə tutur, unutmayın. Bunu yazıram, çünki bəzi şərhlər bir liftə 12 nəfərin mindirilməsi hissi yaradır. Səhvdir.   

Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyək, qalanını istintaq göstərər... Sağ qalanların ifadələri inşallah istintaqa kömək edəcək.

***

Yusif Mirzə, rəssam:

- Laçının işğaldan azad olunduğu bu gün bütün həyatı və yaradıcılığı ilə Laçına bağlı olan, Ustadım, dostum və mənim unudulmaz müəllimim Nadir Əbdürrəhmanovu xatırlamaq istəyirəm. Laçının işğalından sonra  çox sevdiyi Lerikə də getmədi. Çox acı, ağrılı bir nisgil yaşayırdı. Mən onunla Laçın haqqında söhbətlərdən qaçırdım. Çünki bilirdim ki, bu söhbətlərin sonunda bizi sakitləşdirəcək, bizə təskinlik verəcək kimsə olmayacaq. Allah Sənə rəhmət eləsin, Ustad. Gözəl İnsan. Ruhun duyur yəqin, Laçın azaddır.

***

- Yeni akvarel rəsmim Qaragölə həsr olunub. Mənim Qaragöldə, naturadan işlədiyim bir xeyli akvarel, qaralama və yağlı boya etüdlərim vardı. Təəssüf ki, bu rəsmlərimdə minlərlə digər rəsmlərim kimi Laçında məhv oldu. Mən heç vaxt yenidən bu mövzuda rəsm çəkməmişdim. Bəxtdən və taledən küskünlüyüm vardı. Lakin torpaqlarımızın işğaldan azad olunması mənə yenidən yaradıcılıq həvəsini qaytardı. Davam edirəm. Qaragöl mövzusuna müraciətim başa düşüləndir. Bu ecazkar göl ora yolu düşən, oranı tanıyanlar üçün müqəddəsdir. Mənim uşaqlığım Qaragölün sahilində keçib. Təsəvvür edə bilməzsiniz ki, dövlət başçımız, cənab Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyev deyəndə, "Qaragöl bizimdir". Bu iki kəlməni necə böyük bir məmnunluqla, böyük xoşbəxtliklə qarşıladım. Bu sözləri ən azı 50 il gözləyən insanlar var. Qaragöl bizimdir. 

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- 1988-ci ilin mayında bir neçə yüz min nüsxə tirajla (belə zamanlar da vardı!) çıxan "Molodёjğ Azerbaydjana" qəzetində repressiya qurbanı şair və yazıçılarımız haqda "Rodilsə v 1939 qodu, Rasstrelən v 1937 qodu" (sərlövhə Vaqif Səmədoğlunun şeirindən götürülüb) adlı böyük həcmli məqaləm dərc olunmuşdu. Bir günün içində məşhur olmuşdum. Azərbaycan və rus dillərində xeyli məktub almışdım. İş telefonuma aralarında çoxu xanım olan onlarla adam zəng etmişdi. Yazıda öz sənət dostları haqqında əslində ədəbi-mənəvi ölüm hökmünə bərabər "tənqidi fikirlər" söyləyən "korifeylərin" hələ çox az adama bəlli olan çıxışlarından sitatlar gətirilmişdi. Xalq şairi Süleyman Rüstəmin də adı bir neçə yerdə çəkilmişdi. "Fikirlərindən" geniş çıxarışlar verilmişdi.

Bir neçə gün sonra təsadüfən Yİ-nın qarşısında rastlaşdıq. Yaxasından Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzu asılmış pencəyini çiyninə salmışdı, siqareti damağında idi. Mənə zəndlə baxdığını görüb salamlaşmaq üçün ayaq saxladım. Aramızda təxminən belə bir dialoq oldu:

- Komsomolun qəzetindəki sicilləməni sən yazmısan?

- Məqaləni deyirsiniz? Bəli.

- Çox ideyasız yazıdır! Komsomolçusan?

- Yox, partiya üzvüyəm.

- Rus demişkən, eşyo xuje! Mən o vaxt yazdıqlarımın üstündə indi də dururam. O adamların çoxu mənim partiyamın düşməni idi, quruluşumun, dövlətimin düşməni idi. Mənim yolum onlarla bir ola bilməzdi. Get, indi dediklərimi də harada istəyirsən yaz!

Təbii, heç harada yazmadım. 

Amma Süleyman Rüstəmin heç olmazsa, mənim səviyyəmdə də olsa, sözünün dalından qaçmamasından xoşum gəldi.

***

Azər Sarıyev, jurnalist:

- Avropa ölkələrində elə nazirliklər var ki, iki mətbuat katibi ştatı saxlayırlar. Ona görə ki, özlərini media qarşısında məsul bilirlər - daha dəqiq, təfsilatlı, peşəkar informasiya verilməsi üçün.  Məsələn, Niderlandın İqtisadiyyat Nazirliyində. Həmin ölkələrdə media mənsubları da özlərini cəmiyyətin üstündə görmür, özlərini cəmiyyət qarşısında məsul bilirlər. Məsələn, bilmədikləri sahə barədə ağıllarına gələn sualı ünvanlamırlar, peşələrini hörmətdən salmamaq üçün ixtisaslaşırlar - əvvəlcə, sahəni öyrənir, sonra uyğun suallar verirlər... Əlbəttə, bu şəraiti onlara özünə və məsləkinə hörmət edən media qurumları yaradır. Özünə hörmət edən həmin cəmiyyətlər də əsl medianın yaşam təminatıdır.

 





03.12.2021    çap et  çap et