|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 davam edir. Dekabrın 2-də Forum çərçivəsində "Postpandemiya dövründə elm və təhsil" mövzusunda panel iclas keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.
Panel iclasda çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov pandemiyanın yaratdığı yeni sosial-iqtisadi problemlərə toxunub: "Dördüncü Sənaye İnqilabı və bu çərçivədə baş verən rəqəmsallaşma qlobal iqtisadi artımı yeni və kifayət qədər də təcili çağırışlarla üz-üzə qoyur; qlobal vaksin siyasəti, idarəetmə problemləri, gəlir və sərvət bərabərsizliyinin dərinləşməsi, sosial və iqtisadi imkanlara çıxışda qeyri-bərabərliyin artması daha ədalətli iqtisadiyyatlar naminə daha adekvat siyasətlərin tətbiqini tələb edir. Rəqəmsallaşmanın sürətlə artması, iqtisadiyyatların rəqəmsal transformasiya prosesindəki qeyri-bərabərliklər, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan çətinliklər qlobal iqtisadi inkişaf paradiqmalarında da köklü dəyişikliklərə gətirib çıxarır. Ölkələr arasında artan rəqəmsal uçurum bir növ gələcək və həm də daha dərin iqtisadi bərabərsizliyin təməllərini atır".
Nobel mükafatı laureatı, professor Əziz Səncər isə bildirib ki, öz tədqiqat qruplarında daim elmi axtarışlar edirdik. Pandemiyanın təsiri nəticəsində araşdırmalarımız ixtisar olunub. Onun sözlərinə görə, işçi qrupları bir ildir ki, öz mənzillərində qapalı şəkildə qalıblar. Son 4 ayda ABŞ-da vəziyyət nisbətən düzəlib. Bu da peyvəndləmə nəticəsində mümkün oldu: "Yenə də maska taxılmalı və ciddi qoruyucu tədbirlər həyata keçirilməlidir. Son iki ayda çalışdığım təhsil müəssisəsində akademik il başlayandan tələbələr arasında 4 intihar hadisəsi baş verib".
Təhsil naziri Emin Əmrullayev isə deyib: "Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var. Pandemiya emosional və elmi qərarlar arasında böyük fərqin olmasını öyrətdi". Nazirin sözlərinə əsasən, pandemiya şəraitində Azərbaycan hökumətinin qərarları ikinci qəbildən olan idi: "Qərarlar emosional müstəvidə deyil, digər göstəricilər əsasında verildi. Qərarların hazırkı şəraitdə Azərbaycanı fərqlənən ölkə qismində göstərə bildi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik".
E.Əmrullayev qeyd edib ki, təhsil və elmi siyasətin qarşısında hər zaman xeyli məqsəd dayanır: "Pandemiya dövründə distant təhsillə bağlı əlçatanlıq yeniliyi öyrənildi. Distant təhsil sisteminin özündə mənfi və müsbət mənada bir çox hallar var. Distant təhsildə bir qisim öyrənmə təmin etmək olur, amma təbii ki, ənənəvi təhsilin yerini tam verə bilmir. Heç də bütün sahələrdə distant təhsillə istənilən keyfiyyəti əldə edə bilmirik. Keyfiyyət olmadan distant təhsil barədə danışmaq yarım qalır". Onun sözlərinə görə, ali təhsilin keyfiyyət və ölçülmə prosesi əsas götürülməlidir: "Pandemiya dövründə sosial-iqtisadi qrupların öyrənmə prosesinin monitorinq mərhələsi hələ də davam edir. İlkin nəticədə onu demək olar ki, öyrənmə böyük şəhərdə yaşayanlara bir şəkildə, daha az resursları olanlara da ayrı təsir edir. İtirilmiş öyrənmə Bakının mərkəzində yaşayan şagirdlərə və ucqar ərazilərdə yaşayan təhsilalanlara eyni təsir etməyib. İtirilmiş öyrənməyin bərpası ilə bağlı suallar hələ də açıq qalır. Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir".
Sevinc QARAYEVA