525.Az

"Mümkünsüz heç nə yoxdursa..." - Pərvinə İsmayılova ilə söhbət


 

"Mümkünsüz heç nə yoxdursa..." -<b style="color:red"> Pərvinə İsmayılova ilə söhbət</b>

3 dekabr Beynəlxalq Əlillər Günüdür. Hər il bununla bağlı bütün dünyada olduğu kimi, ölkəmizdə də silsilə tədbirlər keçirilir, cəmiyyətin diqqətə layiq bu qrupu ilə bağlı dövlətin, fond və təşkilatların gördükləri işlər müzakirə olunur.

Ümumiyyətlə, sağlamlıq imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və eləcə də mövcud potensiallarından istifadə etməklə özlərini realizə şəraitinin yaradılması dövlətimizin əsas məqsədlərindən, əlillərlə bağlı siyasətinin özəklərindən biridir.

Uzunmüddətli sistemli iş və onun müsbət nəticələri hasil olduqca əlillərlə bağlı siyasətdə, onlarla iş istiqamətlərində də yeni mərhələlərə keçilir. Nəticə olaraq müvafiq mərkəzlər sayəsində əlilliyi olan şəxslər özləri müxtəlif fəaliyyət istiqamətlərində məşğulluğa cəlb olunur, onların bilik və bacarıqlarından, istedad və yaradıcılıq keyfiyyətlərindən səmərəli istifadə olunur. Təbii ki, məhz bu məqam daha çox əlilliyi olan cəmiyyət fərdlərinin özlərinə inamının artmasından maddi təminatlarına dəstəyə qədər xeyli yöndə stimul rolunu oynayır. Dövlət başçısının, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin bütün üzvlərinə qarşı diqqət və qayğısı göz qabağındadır. Beləliklə, hər il əlilliyi olan şəxslərin istedadının inkişafı və özünüməşğulluğunun təmin edilməsi məqsədilə bir sıra mühüm və sosial əhəmiyyətli layihələr həyata keçirilir.

Elə bu yaxınlarda, Bakıda yaradılan geniş və çoxşaxəli fəaliyyət sahələrini əhatə edən “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” də bu uğurlu siyasətin, dövlətin əlilliyi olan vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir.

Əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açan mərkəzə baş çəkərək onun direktoru, bundan öncə də sosial yönümlü mədəniyyət layihələrində tanıdığımız Pərvinə İsmayılova ilə həmsöhbət olduq.

Söhbətinə mərkəz və onun fəaliyyət istiqamətlərindən başlayan direktor bu məkanın həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstək olacağına inamını dilə gətirdi.

- Biz, ayrı-ayrı studiyalarda əlilliyi olan vətəndaşlarımızın mərkəzə cəlb olunan qisminə həm bacarıqlarına uyğun yön verəcək, həm də fəaliyyət istiqamətlərində daha da təkmilləşmələrinə nail olacağıq. Bu məqamda mərkəzimizdəki studiyalar barədə də məlumat vermək istərdim. Audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audiodisklərin və solo albomların yazılması, videoçarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi nəzərdə tutulur.

Floristika, bağçılıq və landşaft dizaynı studiyasında isə floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması nəzərdə tutulur. Metal və ağac oyma studiyasında isə, dekorativ tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti öyrədiləcək. Studiyada artıq istedadlı gənclər tərəfindən ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur.

Xalçaçılıq, tikmə, toxuma və dərzilik studiyalarına gəlincə burada dekorativ tətbiqi sənətin əsas növü olan Azərbaycan xalçaçılıq sənəti və onun 7 xalçaçılıq qrupunun əsasları tədris ediləcək.

Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin təlimi nəzərdə tutulur. Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 6 yaşdan yuxarı eyni vaxtda 20-25 nəfər təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması da planlaşdırılır.

Gördüyünüz kimi, mərkəzimizin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgi-satış yarmarkalarının, təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin keçirilməsi, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsi üçün hər cür şərait vardır.

Əlilliyi olan istedadlı şəxslərin maraq və bacarıqları istiqamətlərini araşdırdıqdan sonra mərkəzdə keramika studiyasını da yaratdıq. Burada dulusçuluq sənəti üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, farfor qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi və dekorativ heykəltəraşlıq öyrədiləcək.

Bildiyiniz kimi, əlilliyi olan şəxslərin ən çox maraq göstərdiyi istiqamətlərdən biri də təsviri incəsənət, rəssamlıqdır. Burada onunla bağlı ayrıca studiya var. Kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur.

Rəqs zalımızda isə fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılmasını planlaşdırmışıq. Həmçinin burada yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də keçiriləcək. Mərkəzin 121 nəfərlik auditoriyasında kino, teatr və konsert təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir şərait yaradılıb.

Mərkəzdə kitabxana da mövcuddur. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət sahələrinə aid kitablar vardır.

- Pərvinə xanım, sadaladıqlarınızdan da göründüyü kimi, fəaliyyət istiqamətləri çoxşaxəli və müəyyən mənada həm də yenidir. Maraqlıdır, ölkədə əlillərin inteqrasiyası ilə bağlı çoxsaylı layihələr var. Sizin mərkəzin yaranması hansı ideyanın davamıdır və onun alternativ təşkilatlardan fərqi nədədir?

- Bildiyiniz kimi, bu tip yaradıcılıq mərkəzləri çoxdur. Amma sırf bu mərkəzin unikallığı onun dövlət tərəfindən dəstək görməsindədir. Dünyada, nümunə kimi götürdüyümüz qonşu ölkələrdə bu işləri ayrı-ayrı fondlar gördüyü halda, Azərbaycanda dövlət bu missiyanı da öz üzərinə götürərək əlilliyi olan şəxslərə bu istiqamətdə də dəstəyini göstərir.

- Təbii ki, bu işə başlayarkən dünya təcrübəsi, yəni mütərəqqi tətbiqləri araşdırmısız, bu, öz yerində. Maraqlıdır, yaradıcılıq istiqamətlərini necə seçdiniz və bu zaman əlilliyi olan şəxslərin maraq və bacarıqlarını necə müəyyən etdiniz?

- Bildiyiniz kimi, ölkə başçısının birbaşa təşəbbüsü və dəstəyi ilə bir neçə il öncə Ramana qəsəbəsində Peşə-Əmək Reabilitasiya Mərkəzi yaradılmışdır. Məlumat üçün deyim ki, ora yarımstasionar şəkildə fəaliyyət göstərir. 15 yaşdan yuxarı əlilliyi olan şəxslər bir neçə ay ərzində orada qala və peşə sənətinə yiyələnə bilirlər. Yəni bu, sırf peşə reabilitasiya istiqamətidir.

- Bu yönləndirmə də yəqin hər hansı seçim əsasında olur?

- Daha çox əlillərin istəkləri və israrlı seçimlərinə əsasən olsa da, iş prosesində maraqlı məqamlar da ortaya çıxır. Məsələn, 2 ay tətbiqi sənət sahəsində çalışan, təlimə cəlb olunan şəxsin sonradan unikal səhnə bacarığını – hər hansı çalğı alətində ifasını, yaxud vokal istedadını üzə çıxarırdıq. Yenidən bacarığı üzrə profilini dəyişir, musiqi müəssisələrinə, televiziyalara və s. yönləndirirdik. Beləcə, biz istedad və yaradıcılıq istiqamətlərində geniş profilliliyə nail olurduq. Düşünürəm ki, bu proses ailələrdən başlamalı və bu zaman ilk növbədə, əlilliyi olan şəxslərin marağı və istedadı nəzərə alınmalıdır.

- İncəsənət sahələri, teatr və musiqi istiqamətlərində reabilitasiya necə, maraq doğurur?

- Əlbəttə, məhz bu istiqamətlər üzrə özünü ifadə etməyə çalışan əlilliyi olan şəxslər kifayət qədər çoxdur. Reallaşdırdığımız layihələr sayəsində həmin şəxslərin daxili potensialı üzə çıxır, onlar səhnədə özlərini daha inamlı və sərbəst şəkildə ifadə edə bilir, bununla da, art reabilitasiya vasitəsilə cəmiyyətə asan inteqrasiya və adaptasiya olunurlar.

- Mərkəzə qəbul komissiya və seçim əsasında müəyyən olunur?

- Qeyd edim ki, bütün müraciətlərə mütəxəssislərdən ibarət komissiya heyəti baxacaq və rəsmi qəbuldan sonra əyani qaydada onlarla söhbət edilib, seçiləcəklər. Komissiyaya, müxtəlif sənət sahələri üzrə tanınmış pedaqoqlar, öz sahəsində ustad sənətkarlar, eləcə də psixoloqlar və digər mütəxəssislər cəlb olunacaqlar.

- Cəmiyyət, xüsusən əlilliyi olan şəxslərin ailələrinin bu təşəbbüslərə adekvat reaksiyası arzulanan səviyyədədirmi? Yaxşı bilirsiniz ki, bütün məsələlər həm də ailədən başlayır.

- Bu gün cəmiyyətimizdə məhz bu məsələ ilə bağlı da maarifləndirmə işinə böyük ehtiyac var və təbii ki, dövlətimizin istəyi əlilliyi olan istedadlı şəxsləri, necə deyərlər, dörd divar, bağlı qapılar arxasından çıxarıb sağlam cəmiyyətin fərdi kimi təqdim etmək, onların özünü ifadə imkanlarına qol-qanad verməkdir. Bizim əsas məramımız elə budur və bizə tapşırılan işin də ən ümdə vəzifəsi məhz bu prosesi sürətlə davam etdirməkdir.

- Dövlət siyasəti və müvafiq qurumu bildim. Məni maraqlandıran başqa məqamdır. Məsələn, dünyada məşhur simalar hər hansı sosial mövzularda çarxlarda, təbliğat aksiyalarında tam təmənnasız və sevə-sevə iştirak edirlər. Bizim sənət dünyasının məşhur simalarının bu kimi aksiyalara münasibəti necədir? Yəqin müəyyən məqamlarda onlara da müraciətlər edirsiniz?

- Bəli, biz məşhur simalarla da işləmişik və bu iş davam edir. Bildiyiniz kimi, biz iki mövsüm telekanallardan biri ilə “Bərəbərik” adlı musiqi layihəmizi çox böyük uğurla həyata keçirdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə baş tutan layihə istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə tanınmış müğənnilərin ifalarının eyni səhnədə yer aldığı silsilə verilişləri əhatə edirdi. Əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaq məqsədli bu layihənin üçüncü mövsümünə gələn ildən start verəcəyik.

Biz həmçinin müvafiq olaraq Mədəniyyət Nazirliyi, müxtəlif teatrlarla da əməkdaşlıq çərçivəsində yaddaqalan işlərə imza atmışıq. Bildiyiniz kimi “ƏSA inklüziv teatr”ı ilə bir sıra tamaşalar ərsəyə gətirmişik. Bundan başqa, mütəmadi olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, onun nəzdindəki studiyalarla yaddaqalan yaradıcılıq işlərimiz vardır. Hazırda müstəqil “OYUN” teatrı ilə əməkdaşlıq çərçivəsində Qarabağ müharibəsinə həsr olunmuş tammetrajlı bədii film çəkilir. Həmçinin istedadlı uşaqlardan ibarət “Küllücə” inklüziv teatr-studiyasında, eləcə də “OYUN” teatrında bir neçə tamaşanın ərsəyə gəlməsinə dəstək vermişik.

- Əlliliyi olan istedadlı insanlar və onların parlaq səhnələrə yolu. İfadə özü romantik, romantik olduğu qədər də mühümdür. Bunu realizə etmək isə, yəqin ki, elə də asan deyil.

- Həyatda asan heç nə yoxdur və istənilən uğurun arxasında gərgin əmək durur. Bu mənada xüsusən əlilliyi olan istedadlı uşaqların, yeniyetmə və gənclərin, ümumən yuxarı yaş qrupunda insanların parlaq istedadını, illərlə içində saxladığı, az qala özündən belə gizlədiyi hər hansı fitri bacarığını üzə çıxarmaq və ona yol açmaq düşünürəm ki, toplum olaraq hər birimizin əsas vəzifəsi və uğuru olmalıdır. Bilirsiz, əsas odur ki, əlilliyi olan şəxs özünü kütlənin arasında, böyük səhnədə, necə deyərlər, göz önündə rahat hiss etsin. Biz də məhz bunu - onların özünəinamını təmin etməyə, müəyyən məqamda yol açmağa çalışırıq. İstəyirik ki, onlar özlərini rahat hiss etsinlər, məhdudiyyətlərinin maneə, yaxud imtiyaz olmadığını, tam sağlam cəmiyyət fərdi kimi özlərini istədikləri kimi ifadə edə biləcəklərini anlasınlar, mübarizə aparsınlar, məqsədlərinə can atsınlar, rəqabəti hiss etsinlər. Və sevinirəm ki, buna nail oluruq. Arzu edərdim ki, cəmiyyət də, ətraf mühitdə də onlara münasibətdə bu kimi məqamlar ön plana çıxsın. Yəni hər hansı bir qurum, yaxud təhsil müəssisəsi, mütəxəssislər yox, cəmiyyət, fərdi olaraq hamımız onların inteqrasiyasına nail olaq.

- Yaxşı bəs incəsənət sənayesi anlayışı və əlilliyi olan şəxslərin öz bacarıqlarına görə maddi təminatları istiqamətində nə qədər yol qət etmişik?

- Hələ bu mərkəzdən öncə, 2018-ci ildən başlayaraq peşə təhsili alan məzunların təhsildən sonrakı mərhələsi ilə maraqlanmağa başladıq. Bizim üçün vacib məqam onların peşə reabilitasiyasından sonra yenidən evlərinə gedib qapanmamaları, bacarıq və təhsilləri üzrə məşğulluğa cəlb olunmaları idi. Nazirliyin tədbirləri, müxtəlif layihələri üçün bacarığı olan məzunlarımızın əl işlərini satın almağa başladıq. Biz mütəmadi şəkildə sərgi-satış yarmakaları keçirərək onların iştirakını və məşğulluğa cəlb olunmalarını təmin edir, habelə, vəsait qazanmalarına nail oluruq.

- Bunu tərəfdaş nazirlik olaraq edirsiz, anladım. Bəs digər qurumların, iri şirkətlərin bu kimi auksionlara, festival və sərgilərə marağı necə varmı?

- Cənab Prezidentin tapşırığı əsasında biz istedadlı əlilliyi olan şəxslərin əl işlərini əks etdirən kitab-kataloqunu hazırladıq və yayımını təşkil etdik. Bu, bir növ əlilliyi olan istedadlı şəxslərin tanınması və əl işlərinin, bacarıq və imkanlarının nümayişi idi. 2021-ci ildə isə artıq ikinci kitab-kataloqu ərsəyə gətirdik. Əlaqəli şəxs kimi bizə müraciət edirlər və sevinirəm ki, məhz bunun sayəsində maraqlı olan şəxslərin – həm alıcıların, həm də satıcıların sayı artır.

- Dünya təcrübəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilərin, hərracların, bundan başqa, festival və yarmarkaların, yəni sırf əlilliyi olan yaradıcı şəxslərin özünü təqdimat və təminatına hesablanmış layihələri görürük. Mərkəz olaraq bu barədə necə, hər hansı fikriniz var?

- Mütləq. Biz hətta bunu ənənə halına salacağıq. Əvvəl məkanımız yox idi, amma gördüyünüz kimi, indi geniş sərgi sahəmiz var və biz mütəmadi olaraq sərgi-satış yarmarkaları təşkil edərək həmin şəxslərin özünüməşğulluğunu təmin edəcəyik. Daha sonra gələcəkdə həmin istedadlı şəxslərin əl işləri, incəsənət nümunələri, istedad və bacarıqları ilə beynəlxalq səviyyədə müxtəlif sərgi, müsabiqə və festivallarda təmsil olunmalarına və tanınmalarına köməklik göstərəcəyik.

Həmidə Rüstəmova

 





03.12.2021    çap et  çap et