525.Az

Tariximizə yenidən baxış – Uğurlu xan hekayəti 


 

Tariximizə yenidən baxış –<b style="color:red">  Uğurlu xan hekayəti </b>

 

XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, ədəbi mühitinə istiqamət vermiş böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Füyuzat” dərgisi çarizmə – istibdada qarşı mənəvi birlik ideologiyasına çevrilmişdi. İstər nəşrin çıxdığı dövrdə, istərsə də ideologiyasının davam etdiyi illər ərzində göstərdiyi xidmətləri nəzərə alan MİMTA Fondu Əli bəyin bu böyük mirasını 2007-ci ildən bərpa edərək ömrünə ömür qatdı. Artıq 14 ildir ki, “Füyuzat” yenidən Azərbaycanın ədəbi, mədəni, mənəvi mühitinə naxışlarını vurur, maarifpərvər dəyərlərini anladır. 

“Füyuzat” bərpa olunduğu gündən ətrafına topladığı çağdaş fikirli, milli məfkurəyə sahib, köksü mənəviyyat dolu parlaq qələm sahibləri ilə müstəqil Azərbaycan mətbuatına öz ziyasını saçmağa başladı. İllərdir yad təfəkkürdə, yad baxışda olanların təlqini ilə yazılan tarixə, ədəbiyyata öz millətinin dəyərləri ilə baxmağa can atdı, tarixin tozlanmış, üzəri torpaqla örtülmüş sətirlərinə yenidən nəzər saldı, onları araşdırıb ortaya çıxarmağa səy göstərdi. “Füyuzat” bu illərdə əvvəlcə özünə, öz məktəbinə nəzər saldı, özünü yenidən kəşf etdi, sonra millətinə döndü, onun yadlaşdırılmış keçmişini vərəqləyib əcdadının şanlı tarix yazan səhifələrinə yönəldi. Araşdırdıqları içərisində Azərbaycanın düşüncə və elm tarixinə yön verən irfan sərdarlarını, torpaqlarına göz dikən düşmənlərə tutarlı cavab verən qeyrətli sərkərdələrini, itirilmiş maddi-mənəvi dəyərlərini tapdı.

“Füyuzat” dərgisində zaman-zaman işıqlandırılan tarixi dövrlərin arasında xanlıqlar dövrü xüsusi yer tutur. Sovetlər dönəmində bölünmə, parçalanmadan başqa heç bir yönü anladılmayan, tanıdılmayan xanlıqlar dövrü, əslində, başlı-başına bir mücadilə və mübarizə tarixidir. Bizə qarşı daim məkrli siyasət yürüdən çar Rusiyası və onun uzantısı olan sovetlər dönəmi milli mücadilə hərəkatlarımızı yaddaşlardan silməyə çalışmış, tariximizin şanlı səhifələrini unutdurmuşdur. Hərb tariximizi, xeyriyyəçilik, maarifçilik, mədəniyyət, ədəbiyyat, incəsənət tariximizi ya cılızlaşdırmış, ya da bizdən olmayanları bizə yamamaqla dəyərlərimizi saxtalaşdırmağa, təhrif etməyə çalışmışdır. Bu assimilyasiya siyasəti sadəcə yazılı abidələrimizə, mənəvi dəyərlərimizə toxunmaqla qalmamış, elimizə, obamıza, törəmizə qədər uzanmışdır. Elə bir şəhər və kəndimiz yoxdur ki, orada çar Rusiyası və ya SSRİ dönəmində məbədlərimiz, məscidlərimiz dağıdılmasın və ya anbarlara çevrilməsin. Bu dövrlərdə hansısa bölgəmizi göstərmək çətindir ki, orada talan edilən kitabxanalarımız, məhv olunan ədəbi-mədəni irsimiz, sürgünlərə göndərilən, edam olunan başbilənlərimiz, ziyalılarımız, ağsaqqallarımız olmasın. Heç şübhəsiz, təcavüzə məruz qalan bu diyarlarımızdan biri də möhtəşəmliyi ilə tariximizdə özünəməxsus yeri olan, öz abidələri ilə görənləri heyran qoyan, mədəniyyət və mərdliyi ilə dillərdə dastan olmuş Gəncə şəhəri, Gəncə  xanlığıdır... 

Tarixin bütün dövrlərində öz mücadiləsi ilə, tarixi şəxsiyyətləri ilə mübarizlik simvoluna çevrilmiş Gəncənin qədim və şərəfli bir tarixi var. Bu mübarizlik çar işğalı ərəfəsində, demək olar, özünün ən zirvə dövrünü yaşamışdır. Öz mücadiləsi yolunda şəhid düşən böyük Cavad xanın adını çəkmək fikrimizin sübutu üçün yetərlidir, düşünürük. Amma bəzilərinin yazdığı kimi, bu mübarizə Cavad xanla bitməmişdir. Əksinə, davam etmiş, xanlığın həqiqi varisi Cavad xan oğlu Uğurlu xanla yeni bir mərhələyə qədəm qoymuşdur. Dəyərli yazarımız Müzadil Zauroğlunun qeyd etdiyi kimi: “Napoleon Fransası və Qacar imperiyasını, Osmanlı dövləti və Böyük Britaniya imperiyasını hər istiqamətdə məğlub edən, Avropa və Asiyanı lərzəyə salan nəhəng Rusiya imperiyasının ən əzəmətli dövründə Gəncənin igid oğlu Cavad xan oğlu Uğurlu xan ona qarşı yorulub-usanmadan ölüm-dirim savaşına çıxmışdı. Bu şanlı mücadilə 23 ildən artıq davam etdi! Göstərilən rəqəm haqqında bir qədər dərindən düşünün... Bu illər ərzində Rusiyada iki imperator, Qafqazda 7 canişin və onlarla döyüş generalı dəyişdi, ancaq Uğurlu xan meydanda yenə özü idi!”

"Cavad xan oğlu Uğurlu xanın hekayəti” bədii-tarixi povesti milli düşüncəsinin işığında qələm çalan, tədqiqatlarını millət və vətən yolunda faydalılıq prinsipi ilə aparan dəyərli ziyalımız Müzadil Zauroğlunun “Füyuzat” dərgisində dərc olunan eyniadlı silsilə məqalələrindən tərtib olunub. İnanıram ki, xalqımızın milli mücadilə tarixində önəmli bir dövr olan xanlıqlar dövrünə, xüsusən Gəncə xanlığına işıq salacaq bu əsər unutdurulmağa çalışılan mübarizə yaddaşımıza yenilənmə gətirəcəkdir. 

Kitabı oxuyarkən fərqli-fərqli məqamlarda hərbi, siyasi və strateji yanaşmalarla Uğurlu xanın uzaqgörənliklə  verdiyi qərarlarla rastlaşacaqsınız. Bu qərarların Azərbaycan üçün nə qədər taleyüklü olacağını görəcəksiniz. Yüz ildən bir az artıq müddətdə isə həmin qərarların həm Gəncənin, həm də bütün Azərbaycanın taleyində necə müstəsna rol oynayacağının şahidi olacaqsınız.  

Dəyərli oxucu, bu kitabın hər cümləsində bir qeyrət nümunəsi, bir cəsarət abidəsi görəcəksən.  İsimləri unudulmuş, ancaq fədailikləri ilə silinməz izlər qoymuş igidlərlə, ər oğlu ərlərlə, vətən sevdalıları ilə qarşılaşacaqsan. Bir anlığa durub bu xalqın milli təpər gücünü, düşmənə hərb dərsi keçən komandanlarını, canlarını vətənə qurban verən, adları tarixə düşməmiş naməlum əsgərlərini görəcəksən. Burada sadəcə o mübariz ruhlu insanlardan biri – Azərbaycanın mərd qızı Mələk Nisə bəyimin həyat yoldaşı Cavad xanın dəfn mərasimində söylədiyi sözləri qeyd etmək  istərdim: 

“Ey başımın tacidarı, qəhrəman sərvərim, Xan Cavadım!    Sən aslantək cəngə girdin, atəşbar toplara sinə gərib, üzünü Haqqa çevirərək əbədiyyətə qovuşdun.Ey zamanın şanlı şəhidi!    Şəhadət badəsini nuş etdin, Mərhaba!..
Ey özündə vətən sevgisini, millət namusunu barındıran qəhrəman! Sən səhabələr səfasındasan!.. 
Ey Ər oğlu Ər! Bundan sonra heç bir əsrdə sənin hürriyyət hayqırışın millət fərdlərinin qulaqlarından çıxmayacaq!
Get... Xatircəm get! Sənin iftixarlı adın millətin xatirindən qiyamətədək silinməyəcək! Torpağın bağrına süzülən şəhid qanın əsla yerdə qalmayacaq! Bu qanlar sənin Vətən uğrunda can fədakarlığını Uca Yaradana isbat edəcək. Ey Ər oğlu Ər! Məkanın behişt olsun...
Nə qədər ki, bu torpaq var – analar yenə igid oğullar doğacaq...    
Nə qədər ki, o igidlər var – bu torpaq yağı tapdağı altında əbədi qalmayacaq...” 

Başqa söz söyləməyə nə hacət var... Bu sənin keçmişin, sənin tarixindir. Sahib çıx, oxu! Bu müqəddəs amala və şüura yönəl!..


“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus


 

 





03.12.2021    çap et  çap et