525.Az

Tolstoyun məğlubiyyəti - Türkan Turan yazır


 

Tolstoyun məğlubiyyəti -<b style="color:red"> Türkan Turan yazır</b>

Peşmançılıqlarımızın, ruhsal, duyğusal sıxıntılarımızın səbəbi bir şeydən israrla dördəlli yapışmağımızdır. Vədəsi dolmuş işlərlə, getmək vaxtı çatmış insanlarla vidalaşmağı bacarmırıq. Nə özümüzə "Yetər, dayan" deyə bilirik, nə qarşımızdakına. Nə özümüz çıxıb gedə bilirik, nə qarşımızdakına "Get!" deyə bilirik. Yarpaq-yarpaq tökülməyi, dörd mövsümün hamısını qış kimi sərt, soyuq yaşamağı gözə alırıq. Əslində, özümüzü içimizdə yavaş-yavaş öldürdüyümüzü dərk etmirik. Çox sonralar bədəlini ödəyərkən necə böyük xətalar etdiyimizin fərqinə varırıq. Təbii ki, onda da iş işdən keçmiş olur.

Dahi Lev Tolstoy da bu xətanı etmişdi. Dünyanın ən çox sayğı duyulan, rəğbət görən insanı idi. Xüsusilə, 1890-1910-cu illər arasında heyranları böyük yazıçının üzünü görmək, səsini eşitmək, əşyalarına toxunmaq üçün evinə axın edirdilər. Ağzından çıxan hər söz, qurduğu hər cümlə müqəddəs bir kəlam kimi qeyd edilirdi. Ancaq özəl həyatına boylananda baxırdın ki, xaosdan, qarmaqarışıqlıqdan, toz-dumandan göz-gözü görmür. Milyonlarla insanın ruhunu yazdıqları ilə çözən adam, canını, qanını ortaya qoysa da, arvadı ilə münsibətləri qaydasına sala bilmirdi. Tolstoy çox sevdiyi Sofiya Andreyevna ilə evlənmişdi. İkisi də xoşbəxt idilər və bunun ömür boyu belə davam etməsi üçün dua edirdilər. Əlbəttə, xoşbəxtlik ömür boyu davam edə bilməz, fərqi yoxdur dahisən, bütün dünya səni sitayiş edərcəsinə sevir, ya da çox uzaqgörən və ağıllısan. Xoşbəxtlik də ölüm kimidir, idarə edilməsi mümkün deyil. Bu nəzəriyyə böyük yazıçı ilə Sofiya arasında da təsdiqini tapdı. Qadın həddən artıq qısqanc idi. Bəzən bir kəndli qiyafəsinə bürünərək Tolstoyu meşədə təqib edir, nə elədiyini, hara getdiyini öyrənməyə çalışır, bəzən də otağına girərək gələn, gedən məktubları araşdırırdı. Buna görə aralarında şiddətli davalar yaranırdı. Həm də ən biabırçı formada. İş elə yerə çatmışdı ki, qadın ərini övladlarına da qısqanırdı. O dərəcədə ki, silahla qızının fotolarına atəş açmışdı. Əlinə bir zəhər şüşəsi alıb yerlərdə sürünür, yumalanır, intihar etməklə təhdid edirdi ətrafdakıları. Çarəsiz uşaqlar bu mənzərə qarşısında qorxu içində bir küncə sıxılıb ağlayırdılar. Bəs Tolstoy nə edirdi? Qadına onun dili ilə cavab versə, təbii ki, haqsız sayılmazdı. Çünki onun elədiyi hərəkətlər dözülməz hal almışdı. Ancaq yazıçı daha betərini elədi. Bir gündəlik tutdu; arvadının çıxartdığı hoqqaları, ziddiyyətli əməllərini, bütün yanlışlarını sərt şəkildə qələmə aldığı bir gündəlik. Bununla gələcək nəsillərin onu anlamasını və həqiqətən də arvadının suçlu olduğunu görmələrini istəyirdi. Hikkəsi yeri-göyü dağıdan arvadı bunu öyrəndiyi zaman gündəliyi cırıqladı, ürəyi soyumadı, bütün parçaları ocağa atıb yandırdı. Ərinin ideyası ağlına batdı və bunu özü gerçəkləşdirdi. Vaxt itirmədən Tolstoyu ittiham edən fikirlərlə dolu bir gündəlik tutdu. Hətta "Xəta kimdədir" adlı bir roman da yazdı. Bu romanda ərini bir canavar, özünü isə zavallı bir qurban kimi göstərdi. Sual yaranır: işgəncəyə çevrilən bu həyatı yaşamaqlarına səbəb nə idi? Nə üçün bu iki insan sahib olduqları evi, yuvanı dəlixanaya çevirmişdilər? Sevgi, eşq? Əsla! Bunun bir çox açıqlaması var. Ən önəmlisi isə gələcək nəsilləri təsirləndirmək üçün dəlicəsinə bir istək duymaları idi. Həmin nəsil bizlərik. Amma bizə onlardan hansının suçlu, hansının suçsuz olduğu maraqlı deyil. Bizim gördüyümüz iki insanın həm özlərini, həm ətrafdakıları bədbəxt etmələridir. Bu iki yetkin insan hər anlarını bir-birinin burnundan gətirdilər. İkisi də "Yetər!" deyə bilmədiyi üçün düz 48 il cəhənnəm əzabı yaşadılar. İkisi də, "artıq buna son qoyaq, həyatımızı, bir-birimizi məhv edirik. Bunu bitirməyin zamanı çoxdan çatıb" deyə biləcək iradəyə sahib deyildilər. Beyinin hüzurlu olmağının sirri budur; iradə. İradə ortaya qoymağı bacardığımızda özümüzü xilas edə bilərik. Doğrudur, bir gün Tolstoy son həddə çatdı və bu addımı atdı, amma çox gec idi, ömrünün sonuna 7-8 gün qalmışdı. Bu qədər gözləməyə dəyərdəmi?

Əslində, çoxumuz beləyik. Münasibətin bitdiyini qəbul etməyi özümüzə sığışdırmırıq. Eqomuz buna imkan vermir. Aradakı bütün bağlar qırılır, çirkaba bulaşana qədər davam edirik. Artıq sevişmirik, ancaq dava üçün üz-üzə gəlirik. Buna rəğmən, bir-birimizdən ayrı yaşamırıq. Beləcə, həyatımız birlikdə keçir; səfil, amma ayrılmadığımız üçün xoşbəxt.

Yeri gəlmişkən, mütəmadi olaraq Tolstoyun adından paylaşılan bir fikirlə qarşılaşıram. Guya, "Mənə xəstəxanada "arvadın öldü" deyiləndə nə edəcəyimi, necə reaksiya verəcəyimi bilmədim. Ürəyimdən evə getmək keçdi, baş verənləri ona danışmaq və mənə nə etməli olduğumu söyləməyini istədim"  deyib. Amma yuxarıdakı faktlar bu deyimin Tolstoya aidiyyatı olmadığını sübut edir. Özü də Sofiya  Levdən sonra 9 il yaşadı. Nəvəsi Tanyanın dediyinə görə, həmin illərdə xeyli sakitləşmişdi. Stalinin dediyi kimi, "insan yoxdursa, problem də yoxdur". Deyəsən, Levsizlik də Sofiya üçün bir növ belə olmuşdu.

 





04.12.2021    çap et  çap et