525.Az

Bərdədə şəhər poliklinikası ilə Uşaq xəstəxanası rayon Mərkəzi xəstəxanasına köçürülüb


 

FATMA YILDIRIM: "XƏSTƏXANA BİNALARININ BİRLƏŞDİRİLMƏSİ NƏTİCƏSİNDƏ SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNDƏ YARANMIŞ SIXLIQ VƏTƏNDAŞLARIMIZIN HAQLI NARAZILIĞINA SƏBƏB OLUR"

Bərdədə şəhər poliklinikası ilə Uşaq xəstəxanası rayon Mərkəzi xəstəxanasına köçürülüb<b style="color:red"></b>

"Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına yönəlib".

Bu fikirləri "525"ə açıqlamasında Bərdə rayonundan seçilmiş millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində əhalinin sağlamlığının qorunması başlıca yer tutur: "Ötən illər ərzində ölkəmizdə müasir səhiyyə infrastrukturunun yaradılması istiqamətində mühüm işlərin görülməsi pandemiya ilə mübarizədə öz sözünü deyir. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilib.  Ölkədə pandemiya ilə mübarizə istiqamətində görülən uğurlu işlərlə yanaşı, təmsil etdiyim Bərdə rayonunda yaranmış xoşagəlməz vəziyyət məni və seçicilərimi ciddi şəkildə narahat etməkdədir. Bərdə şəhər Poliklinikası və Uşaq Xəstəxanasının boşaldılaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına köçürülməsi ilə əlaqədar rayonda insanlar səhiyyə xidmətlərindən istifadə zamanı çox böyük çətinliklərlə üzləşirlər. Bərdə rayonunun 150 mindən çox əhalisi var və eyni zamanda rayonda xeyli sayda keçmiş məcburi köçkün ailələri yaşayır. Xəstəxana binalarının birləşdirilməsi nəticəsində səhiyyə müəssisələrində yaranmış sıxlıq vətəndaşlarımızın haqlı narazılığına səbəb olur. Təcili yardım xəstəxana binasının 3-cü mərtəbəsinə yerləşdirilib. Eyni binada həm doğum evi, həm uşaq xəstəxanası, həm travmatologiya və əməliyyat otaqları, həm vərəm dispanseri var. Ən təsiredici isə, qəza, avtoqəza və ya digər səbəblərdən yaralı insanlar təcili yardımla bağlı xəstəxanaya gətirildikdə bütün uşaqlarının gözünün qarşısında koridorlardan keçirilib üçüncü mərtəbəyə qaldırılırlar. Bu, uşaqlarda psixoloji travma yarada bilər və çox böyük narazılıq var. Rayonda uşaq xəstəxanası olduğu halda, o, boşaldılaraq və hansısa özəl müəssisəyə icarəyə verilib, bir hissə isə hələ də boş saxlanılıb. Bu, dövlətin hələ Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtdan tikilmiş bir xəstəxanadır. Çox xoşagəlməz bir yanaşma mövcuddur və bu, insanlar tərəfindən böyük narazılıqlarla qarşılanır. Bütün dünyanı bürüyən pandemiya dövrünün hələ də davam etdiyini nəzərə alsaq, hesab edirəm ki, yaranmış vəziyyətlə əlaqədar lazımi tədbirlərin görülməsi zəruridir.  Məsələnin həlli üçün aidiyyəti üzrə İcbari Sığorta üzrə Dövlət Agentliyinə tərəfimizdən müraciət olunub. Problemin tez bir zamanda həlli üçün qurumun operativ reaksiya verərək, lazımi təcili addımlar atacağını ümid edirəm".

S.QARAYEVA

 





04.12.2021    çap et  çap et