525.Az

NATO-dan Rusiyaya xəbərdarlıq: Ukraynaya toxunma


 

NATO-dan Rusiyaya xəbərdarlıq: Ukraynaya toxunma<b style="color:red"></b>

Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin Riqada keçirilən sammiti tarixə önəmli zirvə görüşlərindən biri kimi düşəcək. Xarici işlər nazirlərinin əsas müzakirə mövzusu Alyansın dünyadakı rolu və Rusiya ilə münasibətdə yeni dövrün başlandığının müzakirəsi olub. Hazırda NATO ilə Rusiya arasında münasibətlər soyuq müharibə dövrünün səviyyəsinə qədər düşüb. Sovet İttifaqının son illərindən indiyə kimi NATO ilə Moskva arasında qurulmuş bütün struktur dağılıb, toplanmış təmas və qarşılıqlı anlaşma təcrübəsi itib, münasibətlər ritorika düşmənçilik səviyyəsinə qədər yüksəlib. NATO-nun baş katibi Yens Stoltenberqin Riqa sammitindən sonra açıqlaması da bunu təsdiqləyir: "Rusiyanın maraq dairəsinin olması fikri bizim üçün qəbuledilməzdir. Rusiyanın təsir dairəsinin tanınması onun suveren dövlətlər olan qonşu ölkələrə nəzarət edə biləcəyinin de-fakto etirafı olardı. NATO Gürcüstan və Ukrayna ordusunun inkişafına fəal şəkildə köməklik göstərəcək". Baş katibin bu açıqlaması Şimali Atlantika Alyansının postsovet məkanın Rusiyanın təsir dairəsi kimi tanımaqdan imtina etməsinin və bundan sonra NATO-nun bu regionda fəal siyasət yürüdəcəyinin anonsudur. Bu isə Rusiyanı qıcıqlandıracaq. Çünki Moskva postsovet məkanı Rusiya üçün həyati əhəmiyyətli bölgə hesab edir və bu regiona başqa ölkələrin, xüsusən Qərbin daxil olmasını istəmir. Rusiyanın xarici siyasətinin təməlində postsovet məkanında iki və ya çoxmərkəzliyin yaranmasının qarşısını almaq dayanır.

Riqa sammitinə kimi Qərbin bu məsələdə açıq şəkildə Rusiyaya qarşı çıxmadığı müşahidə olunurdu. İndi isə aydın görünür ki, Qərb Rusiyanın belə bir müstəsna hüquqa malik olmasını qəbul etmir. Bəzi ekspertlərə görə, 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında possovet məkanın 30 il müddətinə Moskvanın müstəsna təsir dairəsi kimi tanınması ilə bağlı qeyri-rəsmi anlaşma əldə olunub. İndi həmin 30 illik zaman başa çatır və ABŞ artıq postsovet məkanının Rusiyanın təsir dairəsi kimi tanınması dövrünün başa çatdığını bəyan edir. Bu ehtimalın gerçəkliyi nə qədər əks etdirdiyini söyləmək çox çətindir. Ancaq tarixdə belə gizli anlaşmaların olduğu məlumdur.

Səbəbindən asılı olmayaraq Qərbin əsas hərbi-siyasi ittifaqı olan NATO artıq postsovet məkanı Rusiyanın təsir dairəsi kimi tanımaqdan imtina edir və bu regionda fəal siyasət yürüdəcəyini rəsmən ortaya qoyur. Bu, Şimali Atlantika Alyansının Şərqə, Rusiyanın sərhədlərinə doğru genişlənəcəyi anlamına gəlir.

Rusiya ilə Qərb arasında əsas fikir ayrılığı da NATO-nun Şərqə doğru genişlənməyəcəyi ilə bağlı guya ABŞ rəhbərliyinin Moskvaya verdiyi sözə əməl etməməsidir. İndi isə məlum olur ki, NATO-nun keçmiş SSRİ-nin sərhədlərinə kimi genişlənməsi prosesi də son deyilmiş. Şimali Atlantika Alyansı Rusiyanın sərhədlərinə kimi genişlənməyi hədəfləyir. Bu proses zamanı ilk öncə Ukrayna və Gürcüstanın Alyansa qəbul ediləcəyi gözlənilir. Rusiya isə Ukraynanın NATO-ya üzvlüyünün Moskva üçün qırmızı xətt olduğunu və bu xəttin keçilməsinə imkan verməyəcəyini açıq bəyan edir. Rusiyanın Ukrayna sərhədinə 100 minlik canlı qüvvə və külli miqdarda hərbi texnika cəmləməsi də bu prosesin qarşısını almaq niyyətindən irəli gəlir. Qərbin kəşfiyyat orqanları Rusiyanın yanvarın sonu, fevralın əvvəllərində Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edirlər. Görünür, bu xəbərdarlıqlar əsassız deyil. Buna görə NATO-nun Riqa sammitinin iştirakçıları Rusiyaya xəbərdarlıq etməyi vacib biliblər. İlk öncə Şimali Atlantika Alyansının baş katibi Rusiyaya səslənərək Ukraynaya toxunmamağa çağırıb.

NATO baş katibinin ardınca ABŞ-ın iki yüksək rəsmisi - dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nuland Rusiyanı öz ordusunu Ukrayna sərhədindən uzaqlaşdırmağa, hərbi müdaxilə niyyətindən əl çəkməyə çağırıblar. Dövlət Departamentinin rəhbər şəxsləri açıq şəkildə bildiriblər ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxiləyə əl atsa, Qərb onu çox ağır cəzalandıracaq. Dövlət katibi Entoni Blinken bəyan edib ki, Rusiya Ukraynanı işğal etməyə cəhd etsə, Qərb sərt və qətiyyətli cavab verəcək.

ABŞ-ın bu mövqeyi onun əsas müttəfiqləri tərəfindən birmənalı dəstəklənib. Kanadanın mövqeyini ifadə edən Kris Aleksandrın "Globe and Mail" qəzetində yazdığı məqalədən anlaşılır ki, Ukraynaya hərbi təcavüzə məruz qalsa, Qərb Rusiyanın iqtisadiyyatını çökdürəcək. Bunun üçün Rusiya beynəlxalq maliyyə sistemlərindən kənarlaşdırılacaq və neft-qaz satışına qadağa qoyulacaq. Artıq Qərb Ukraynaya ciddi dəstək verməyə başlayıb. Hətta bu məqsədlə Vaşinqtonun Ukraynaya hərbi yardımı artırması da planlaşdırılır. Kəşfiyyat məlumatları, hərbi təlimçi və mütəxəssislərlə Ukraynaya dəstək verən Qərb bir qədər də irəli gedə bilər. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın işğalçıq ehtimalı haqqında danışarkən deyib ki, gərginliyin aradan qalxacağına ümid edirlər, amma hadisələrin inkişafının ən pis variantına da hazırlaşırlar.
Gərginlik o həddə çatıb ki, Belarusda Rusiyanın, Polşada isə ABŞ-ın nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı təkliflər səslənib.

Rusiyanın Ukraynaya yönəlik siyasətində hələlik dəyişiklik baş verməyib. Hətta gərginliyin bir qədər artacağını proqnozlaşdırmağa yol açan daha bir hadisə baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində iki terror aktı hazırlayan Ukrayna kəşfiyyatçısının tutulduğunu açıqlayıb. Bu isə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasına səbəb olacaq ciddi ittihamdır. Belə görünür ki, Rusiyay hərbi müdaxiləyə hazırlaşır, Qərb isə onu Ukraynaya toxunmamağa çağırır. Belə qeyri-müəyyən vəziyyət isə uzun müddət davam edə bilməz.

 





05.12.2021    çap et  çap et