525.Az

Ramil Səfərovun ekstradisiyası: Bu necə olmuşdu?


 

Ramil Səfərovun ekstradisiyası:              <b style="color:red"> Bu necə olmuşdu?  </b>

(Əvvəli ötən şənbə sayımızda)

Erməni diplomat da Komitədəki müzakirə ərəfəsində Budapeştə gəlmişdi. Aydındır ki, səfərinin məqsədi yanından ayrılmadığı Mihal Ballanın yardımları ilə layihənin hətta ilkin müzakirəsinin yolverilməzliyi barəsində parlamentdə "maarifçilik işi" aparmaq  idi. Təsadüfən Xarici İşlər Nazirliyindəki qəbul zamanı rastlaşdıq və o, bir az da erməni sırtıqlığı qarışmış ərkyana əda ilə narazılığını bildirdi, "Nə özünüz sakit oturursunuz, nə də bizi işimizlə məşğul olmağa qoyursunuz" - deyə məni qınadı. Sonra da eyni sırtıq tərzdə əlavə etdi: "Ancaq bilin ki, Vyanada olsam da, bir gözüm, bir qulağım həmişə buradadır". Mən də Dunayın qarşı sahilindəki Parlament binasını göstərib "Bir gözünüzün və bir qulağınızın burada olmasından xəbərdaram, - dedim. - Həm də zənnimcə, bir deyil, daha çoxdur".

Bu hadisəni niyə xatırladım? Aşot Hovakimyan həqiqətən də Budapeştdə cərəyan edən hadisələri və təbii ki, Azərbaycan Səfirliyinin fəaliyyətini bacardığı şəkildə izləməyə çalışırdı. İşlərimizlə  maraqlandığını Budapeştdəki bir-iki müsəlman ölkəsi səfirindən də  eşitmişdim. 2011-ci ilin oktyabr ayında, Vyanadakı dörd illik fəaliyyətdən sonra  Hovakimyanı Yerevana çağırıb xarici işlər nazirinin müavini təyin etdilər. Yeni səfir Arman Kirakosyan sələfi ilə müqayisədə daha böyük "balıq" idi. Xarici işlər nazirinin müavini, Ermənistanın ABŞ-da səfiri kimi çalışmışdı. 1992-1993-cü illərdə bir neçə ay xarici işlər naziri vəzifəsini icra etmişdi.

Türk düşmənçiliyi məsələsində də mükəmməl məktəb keçmişdi. Təkcə elə erməni şovinizmi və revanşizminin  xaç atalarından sayılan Con Kirakosyanın (1929-1985) oğlu olması necə  təlim-tərbiyə aldığını aydın göstərirdi. Yeri gəlmişkən, ata Kirakosyanın erməni millətçilərinin masaüstü kitabına çevrilmiş "Gənc  türklər tarixin məhkəməsi qarşısında" (1983, rusca nəşri 1989) kitabında guya hələ xalqlar dostluğu və beynəlmiləlçilik prinsiplərinin mövcudluğu şəraitində XX əsr Azərbaycan ictimai-siyasi fikrinin bir sıra tanınmış simaları panislamizm, pantürkizm, panturanizm təbliğatında günahlandırılır, onların Rusiyaya və  rus xalqına düşmən münasibətindən, "erməni qırğınlarının təşkilindəki rolundan" söz açılırdı.

Sahibsiz, arxasız adam kimi daim üzdə qalmaq, xidmət göstərmək savaşı verən Aşot Hovakimyandan fərqli olaraq Kirakosyan siyasi bomond həyatı yaşayırdı. Vyanaya gələn kimi Avstriya cəmiyyətində geniş əlaqələrə malik mxitaristlər (əsası 1810-cu ildə qoyulmuş erməni katolik konqreqasiyası) tərəfindən böyük ehtişamla  qarşılanmışdı. Fikrimcə, şəxsinə göstərilən diqqətdə özünün tutduğu mövqe və xidmətləri ilə bir sırada artıq həyatda olmayan atasının da bəlli payı vardı. Bir sözlə, Kirakosyan aristokratik Vyanada çox qapıları açmağa qadir həmvətənləri ilə Ermənistanın, erməniliyin xeyrinə daha böyük işlər görmək planları qururdu və təbii ki, belə şəraitdə kasıb Budapeştdən hətta soyadları da ənənəvi "yanla" bitməyən, əsli-kökü bilinməyən, amma özlərini erməni  kimi qələmə verən naməlum şəxslərin bəlkə də özlərini gözə soxmaq üçün göndərdikləri  məlumatları yoxlamağa vaxtı, hövsələsi yox idi. Budapeştlə Vyana arasında cəmisi iki saatlıq yol olsa da, etimadnaməsini Macarıstan prezidentinə yalnız aradan bir neçə ay ötəndən sonra təqdim etmişdi. Yerli erməni icmasının nümayəndələri ilə görüşməyə isə ümumiyyətlə lüzum görməmişdi. Çox ehtimal ki, Budapeştdə çalınan həyəcan təbilinin Avstriyada eşidilməməsi də ilk növbədə səfirin fəaliyyəti, daha dəqiq desəm, fəaliyyətsizliyi ilə bağlı olmuşdu. Həm də yəqin "Yalançı çobanın nağılı"ndakı kimi zaman-zaman yayılan, çox vaxt da düz çıxmayan  xəbərdarlıqlara vaxt və enerji itirməmək  qərarına gəlmişdi.

Ermənistan Xarici İşlər Nazirliyinin mühüm məlumata səthi yanaşması da  fikrimcə, Vyananın reaksiyası ilə bağlı idi. Səfirlik hər hansı təxirəsalınmaz addımlara lüzum görməmişdisə, deməli, məsələ o qədər də ciddi deyil. Azərbaycan tərəfi növbəti uğursuz, səmərəsiz təşəbbüslə ortaya atılıb. Yəqin ki, əvvəllər olduğu kimi, yenə də nəticəsiz başa çatacaq... Bir sözlə, ya vəlvələdən, ya zəlzələdən hadisələr bizə əl verən belə bir təxmini ssenari üzrə cərəyan etmişdi. Laqeydlik, yaxud saymazyanalıq üzündən ermənilər aranı qarışdırmaq fürsətini əldən qaçırmışdılar.

Bunun nəticəsində ekstradisiya gerçəkləşəndən sonra ən ciddi tənqidə məruz qalan dövlət qurumlarından biri düşmən ölkənin xarici siyasət idarəsi oldu.  Nazirliyin tənqidində, məşhur ifadədə deyildiyi kimi,  pulunu ödədiklərinə görə musiqi sifarişi haqqını özündə saxlayan diaspora təşkilatları xüsusilə sərt mövqe nümayiş etdirirdi. Onların Ermənistan prezidentinə məktubunda milli maraqların müdafiəsi tələb olunan Macarıstanı bir kənara qoyub Danimarka, yaxud İrlandiya kimi ölkələrdə səfirlik açmaqla erməni "başbilənlərinin" hansı məqsəd güddüyü, hansı qohumu, yaxını, oliqarx övladını işlə təmin etmək istədiyi soruşulurdu. XİN-in artıq vecsiz, dişsiz bir quruma çevrildiyi iddiası irəli sürülürdü.
Amma son nəticədən asılı olmayaraq bütünlükdə Macarıstan ermənilərindən alınan xəbərdarlığın tamamilə qulaq ardına vurulduğunu söyləmək üçün də əlimizdə əsas yoxdur. Tək bir faktı xatırlatmaq yerinə düşər: azərbaycanlı məhbus vətənə yola salınmazdan 4 gün əvvəl, avqustun 27-də panarmenian.net saytında 13 erməni qeyri-hökumət təşkilatı rəhbərlərinin macar xalqına və hökumətinə müraciəti yayılmışdı. Sənədi imzalayan ictimai fəallar erməni zabitinin qatili Ramil Səfərovun qaytarılmasına hazırlıq getdiyini bildirib buna yol verməməyi tələb edir, "erməni xalqının əleyhinə çevrilmiş" belə bir addımın regionda gərginliyi artıracağı, yeni qarşıdurma və fəlakətlərə yol açacağı ilə bağlı ənənəvi tezisləri təkrarlayırdılar. Heç şübhəsiz, müraciət quru yerdə meydana çıxmamışdı. O, ilk növbədə Budapeştdən eşidilən həyəcanlı yeniliyə hələlik "xalq diplomatiyası" səviyyəsində verilən reaksiya idi. Həmin günlərdə ardıcıl izlədiyim erməni saytında bu təhlükəli xəbəri görəndə necə narahat olduğumu təsəvvürə gətirmək çətin deyil.

Hadisələri qabaqlayaraq qeyd etmək istərdim ki, baş verənlərin isti izi ilə sentyabrın 4-də hvg.hu saytında macar jurnalisti Andraş Koşanın  "Azərbaycanlılar macar hökumətini yaxşıca barmaqlarına doladılar!" adlı  təxribat xarakterli məqaləsi dərc olunmuşdu. Həmin yazıda hələ avqustun 20-dən Macarıstandakı erməni vətəndaş cəmiyyəti təşkilatlarının məhbus Ramil Səfərovun ekstradisiyasının qarşısını almaq məqsədi ilə imza toplamağa başladıqlarını, lakin hökumətin onların xəbərdarlığını saya salmadığı  xəbər verilirdi...

Nəhayət, S.Sarqsyan da avqustun 31-də keçirdiyi təcili toplantıda guya hər şeydən xəbərdar olduqları, Macarıstan parlamentinə və ölkənin Xarici İşlər Nazirliyinə bir neçə gün əvvəl sorğu göndərdikləri barədə ədalı bir şəkildə danışmışdı. Onun dediyinə görə, hər iki qurum ermənilərin başının altına yastıq qoymuş, ekstradisiya məsələsinin  gündəlikdə olmadığını bildirmişdilər. Əgər Ermənistan prezidenti  əlini daim  Budapeştdə cərəyan edən hadisələrin nəbzi üzərində saxlaması təəssüratı yaratmaq məqsədi ilə vətəndaşlarını aldatmırsa, iki ehtimala  əsas qalır: ya əlaqəyə girdikləri macar rəsmiləri prosesdən xəbərsiz qalmış, ya da sadəcə danışmaq  istəməmişdilər. İstəməmişdilərsə, deməli, Viktor Orban hökuməti Ermənistanın reaksiyasına əhəmiyyət vermədən başladığı işi sona çatdırmaq əzmində olmuşdu.

Bir sözlə, avqustun sonunda Budapeştdə təkcə təbiətdə deyil, ekstradisiya ilə bağlı fəaliyyətdə də hərarət nəzərəçarpacaq dərəcədə yüksəlmişdi. Həbsxanada son günlərini keçirdiyini düşünən Ramil Səfərov, təbii ki, hər gün üzləşdiyimiz sürprzlərdən və bizim ondan az həyəcanlı anlar yaşamağımızdan xəbərsiz idi. Qabor məhbusla görüşləri və telefon danışıqlarını mümkün qədər azaltmağı xahiş etmişdi. Finişə yaxınlaşdıqca daha ehtiyatlı olmaq lazım gəlirdi...

***
Nisbi sakitlik yarandığını görüb avqustun 20-də Bakıya gəlmişdim. Budapeştə sentyabrın ilk ongünlüyündə, səfirlərin iki ildən bir XİN-də təşkil olunan ənənəvi toplantısı başa çatandan sonra qayıtmağı düşünürdüm.
Amma avqustun 27-də səhər çağı polkovnik Arpad Nad zəng edib görüşümüzün ayın sonuncu gününə təyin edildiyini bildirdi. Aydındır ki, "görüş" deyəndə səbirsizliklə gözlədiyimiz ekstradisiya nəzərdə tutulurdu. Tələsikliyin səbəbi mənə bəlli deyildi. Əslində, nə qədər tez olsa, o qədər yaxşı idi.

Bəlkə də mətləbə dəxilsiz görünəcək. Amma vacib xəbəri eşitdiyim həmin gün baş verən iki qəribə təsadüfi xatırlatmadan keçə bilmirəm. Budapeştlə telefon danışığından sonra özümün idarə etdiyim maşını Gənclər meydanında qoyub yarım saatlığa Nizami Muzeyinə getmişdim. Geri qayıdanda avtomobili yerində görmədim. Yaxınlıqda başqa bir maşını evakuatora yüklənməsinə nəzarət edən polis məni tanıdı. "Vilayət müəllim, o sizin maşınınız idi? - deyə soruşdu. - Bilsəydim qoymazdım. Bir az var apardılar. Bir taksiyə oturub Patamdara gedin, orada olacaq".
Deyəsən, taksi sürücüləri evakuator sahibləri ilə əlbir çalışırlar. Çünki mən ünvanı deməyə macal tapmamış aralıda dayanmış sürücü "Patamdara gedəcəksiniz?" - soruşub maşını işə saldı. Sonra güzgüdə mənə baxıb: "Müəllim, görürəm, yaman dilxorsan. Amma məndən sizə məsləhət, orada spor-zad eləməyin. Sakitcə cəriməni verin, maşını götürün. Yoxsa mənim kimi ilişərsiniz" - dedi.

Ağsaqqal adamın sözlərini cavabsız qoymamaq üçün "Sizin də maşınınızı evakuator aparmışdı?" - deyə soruşdum.

Deyəsən, əksər həmkarları kimi danışmaq  həvəskarı olan sürücü "Yox  ee, - dedi, - mənimki alayı istoriyadı. İki-üç il əvvəl sizin kimi bazburutlu bir yoldaş prospekt Neftyanikdə əl eləyib maşını saxladı. Oturub adresi dedi. Mən də xatalı kimi o vaxtlar podpresə Ramil Səfərovun şəklini yapışdırmışdım. Yəqin eşitmiş olarsınız -Venqriyada  erməni öldürən. Onun adını bilməyən yoxdur. Maşını təzəcə yerindən tərpətmişdim ki, pasajir  "Bu nə şəkildir şüşəyə vurmusan? - deyə soruşdu. Elə bildim məni imtahana çəkir. Ona görə də ürəklə "Qəhrəmanımızın şəklidir də!" - dedim. "Hansı qəhrəmanın?" "Ramil Səfərovdur da, tanımadınız?" "Nə qəhrəmanlıq eləyib ki?" "Necə yəni nə qəhrəmanlıq eləyib? Bəs bilmirsiniz? Erməni ofiserini öldürüb də!" Pasajir "Yatan adamı öldürmək nə vaxtdan qəhrəmanlıq olub?" - deyib hirsli-hirsli mənə baxdı. Daha bir söz demədi. Adamın qırımını görüb mən də səsimi çıxarmadım. Amma bir az gedəndən sonra nəysə fikrini dəyişib başqa yerə sürməyi tapşırdı. Gəlib KQB-nin hansısa otdeleniyasının qabağında dayananda ürəyim düşdü. Dedim, vəssalam, heç nədən əlli-ayaqlı getdim. Çoluq-cocuğum başsız qaldı.  Mənimki də bura qədər imiş. Maşındakı yoldaş  dokumentimi alıb idarəyə girdi, tapşırdı ki, heç yerə getməyim, gözləyim. İki-üç saat ac-susuz orada qaldım. Hannan-hana qayıdıb "O şəkli ordan qopart at!" - dedi. Yanımda dayanıb şəkli güclə şüşədən qaşıyıb təmizləyənə qədər gözlədi. Sonra dokumentimi qaytarıb "Get, kasıbçılığını elə, belə boş-boş işlərə baş qoşma!" - deyə tapşırdı. Asta qaçana imam qənim deyib aradan çıxdım. Heç indi də o həndəvərə hərlənmirəm.

- Bəs indi necə fikirləşirsiniz, Ramil Səfərov qəhrəmandır? - deyə səhərki telefon söhbətini xatırlayıb soruşdum. Taksi şoferi əvvəlcə diksinən kimi oldu, sonra şübhəli nəzərlərlə üzümə baxıb "Müəllim, sizdən çox xahiş edirəm, məni belə cəncəl işlərə qoşmayın. Bir dəfə başım çəkib!" - cavabını verdi.

"Qəribədir, deyəsən, bu gün Ramil günüdür" - deyə öz-özümə fikirləşdim.

Həmin axşam ikinci qəribə təsadüflə üzləşdim. Xüsusi xidmət orqanlarının əməkdaşından, hərbçidən daha çox milli ruhlu ziyalı kimi çoxdan ünsiyyət saxladığım general Fərhad Vahabov bir neçə dostlarla birlikdə xanımımla məni də Buzovnada, dəniz sahilindəki "Seaside" restoranına, ailəvi şam yeməyinə dəvət etmişdi. Həmişəki kimi, bu dəfə də Budapeştdə işləməyim dərhal məlum mövzunun ortaya çıxmasına səbəb oldu. Masadakı xanımlar elə bil qeyri-adi intuisiya nəticəsində nə isə duyublarmış kimi qadınlarımıza xas canıyananlıqla Ramil Səfərov barədə sorğu-suala başladılar. Onun nə vaxtsa azadlığa çıxmağına, ya da Azərbaycana qaytarılmasına ümid olub-olmadığı ilə maraqlandılar. Budapeşt məhbusunun bu gün üçüncü dəfə xatırlanmasına bir daha heyrətləndim. Hansısa biotokların mövcudluğu haqqında düşündüm. Arada az qala "Artıq məsələ həll edilib. Bəlkə də beş-altı günə Ramil Səfərov Bakıda olacaq" - deyə özümü hər şeydən xəbərdar adam kimi göstərib lovğalanmaq istəyirdim. Amma necə deyərlər, hadisələri qabaqlamağın düşər-düşməzi ola bilərdi. Həmişə belə məqamlarda olduğu kimi, yenə ümumi sözlərlə kifayətləndim, bu istiqamətdə danışıqlar, müzakirələr aparıldığını dedim.  

Ertəsi gün az qala səhərdən axşama qədər Macarıstana xüsusi təyyarənin göndərilməsi məsələsi müzakirə mövzusu oldu. AZAL rəhbəri Cahangir Əsgərov dövlət başçısını Belorusa səfərdə müşayiət etdiyindən bütün işlər müavini, əslində, qurumu idarə edən təcrübəli mütəxəssis və işgüzar insan kimi tanıdığım Sabir İlyasovun üzərinə düşmüşdü.  Macar tərəfinin tələbi ilə ssenarini gün ərzində bir neçə dəfə dəyişməli olduq. Əvvəlcə Bakıdan göndəriləcək təyyarənin Budapeştin Ferens List hava limanına enməsi nəzərdə tutulurdu. Bizim Ədliyyə Nazirliyinin əməkdaşları da həmin təyyarədə gəlməli və qanunvericiliyə uyğun şəkildə Səfirliyin konsulluq şöbəsinin işçisi ilə birlikdə Ramil Səfərovu təhvil almalı idilər. Lakin Budapeşt aeroportu kifayət qədər hərəkətli yerdir. Bu baxımdan yaranacaq ajiotaj, aeroportda çoxsaylı təhlükəsizlik qüvvələrinin peyda olması istər-istəməz diqqəti cəlb edə bilərdi. Belə şəraitdə hətta müəyyən kortəbii aksiya təşəbbüsü də  istisna olunmurdu.
Yəqin ki,  bu amillər nəzərə alındığından günün sonunda polkovnik Nad zəng vurub təyyarənin Budapeştdən  təxminən 90  km. cənub-şərqdə, Baç-Kişkun medyesinin (Macarıstanda ərazi bölgüsü, əyalət - V.Q.) mərkəzi Keçkemetdə yerə enməsinin daha məqsədəuyğun olduğunu bildirdi. Bu şəhərdə NATO  aeroportu vardı. Hərbi uçuşlar üçün nəzərdə tutulduğundan təbii ki, qapalı obyekt idi. Diqqəti cəlb etməmək baxımından Səfirlik maşınlarının, yaxud əməkdaşların ərazidə görünməsi də arzu olunan deyildi. Ramil Səfərov üçün hazırlanan sənəd - ölkəni tərk etmək haqqında şəhadətnamə bir gün əvvəl Antiterror Mərkəzinin nümayəndəsinə verilməli idi. Hər şey tam qapalı ərazidə cərəyan etsə də, bizim Ədliyyə Nazirliyi əməkdaşlarının təyyarədən çıxmamaları tövsiyə olunurdu.

Macar tərəfi son mərhələdə məxfiliyə xüsusilə ciddi əməl edirdi. Proseslə bağlı çox məhdud dairə məlumatlı idi. Sonradan öyrəndiyimə görə, hətta Kozma həbsxanasının rəhbərliyi də Ramil Səfərovun ekstradisiyasından   xəbərsiz olmuşdu. Rəisə sadəcə həmin gün məhbusun saxlanma yerinin dəyişdiriləcəyini bildirmişdilər.  İşin nə yerdə olduğunu yalnız son anda öyrənmişdi.

Avqustun 29-da ilk reyslə İstanbul üzərindən Budapeştə uçdum. Qəfil qayıdışımla bağlı heç bir izahat verməsəm də, məni aeroportda qarşılayan Səfirlik əməkdaşları sözsüz hər şeyi başa düşdülər. Onların sifətindən qayğılı-təntənəli ifadə oxunurdu. Təfərrüatları bilməsələr də, hamısı çox maraqlı, hətta bəlkə də tarixi anlar yaşamağımızın fərqində idi. Yəqin, iştirakçısı olduğumuz proses gənc diplomatlara yalnız təhlükəli deyil, həm də romantik görünürdü. Müşavir Anar İmanov artıq dünəndən  Səfirliyin və səfir igamətgahının qarşısında polis postları qurulduğunu və ərazinin iyirmi dörd saat nəzarətdə saxlandığını xəbər verdi. Macarların tələsmələri bir az qəribə təsir bağışlayırdı. Çünki bu təxminən bizim məşhur ifadədəki kimi "Qarğa, məndə qoz var" anlamına gəlirdi. Macar polisi Budapeştdə cəmisi üç  diplomatik missiyanı - ABŞ, İsrail və Türkiyə səfirliklərini mühafizə edirdi. Bəzi diplomatik təmsilçiliklərin öz təhlükəsizlik xidmətləri vardı. Bəziləri isə yerli-dibli qorunmurdu. Biz də sonuncuların sırasına daxil idik. Səfirliyin və səfirin iqamətgahı önündə polis postlarının peyda olduğunu görənlər istər-istəməz düşünə bilərdilər: birdən-birə bizə bu qayğı və diqqət  haradan yaranmışdı? Azərbaycan seçilmişlərin sırasına necə düşmüşdü? Eyni küçədə, bizimlə üzbəüz binada yerləşən, necə deyərlər, qapıbir qonşumuz olan İspaniya səfirliyinin əməkdaşları da təəccüblənmişdilər. Amma belə məsələlər müzakirə mövzusu olmadığından heç bir şey soruşmurdular.

Bəlkə də, Ramil Səfərovun mümkün ekstradisiyası ilə bağlı Yerevana və Vyanaya həyəcanlı məktublar göndərən erməni diasporunun fəalları mühafizə postlarını görsəydilər, gedişindən şübhələndikləri prosesin artıq kuliminasiya nöqtəsinə çatdığının fərqinə vara bilərdilər. Bunun üçün qətiyyən Şerlok Holms olmaq lazım deyildi. Yəqin, görməmişdilər. Ya da ağılları o qədər dərinə işləməmişdi. Hər halda, bəxtimiz gətirdi, macarların yersiz tələskənliyi əlavə problem yaratmadı.

Ertəsi gün həbsxanada yerinin dəyişdiriləcəyi ilə bağlı Ramil Səfərova xəbər vermişdilər. Əşyalarını saf-çürük etməyi, qablaşdırmağı tapşırmışdılar. Bütün bu illər ərzində dustaq kamerasında  kiçik kitabxanası və arxivi formalaşmışdı. Ona özü ilə hər hansı baqaj aparması  məsləhət görülmürdü. Nəyi vardısa, hamısı müvəqqəti saxlanmaq üçün Səfirliyin konsulu Eldar Əliyevə təhvil veriləcəkdi.

Lakin Antiterror Mərkəzi ekstradisiya ərəfəsində əməkdaşımızın həbsxanaya getməsini məqbul saymamışdı. Artıq az öncə də qeyd etdiyim kimi,  bu arada səfirlik işçilərinin məhbusla  hər hansı təması məqbul sayılmırdı. Qabor da Səfirliyə gəlib işlərin həlledici mərhələyə daxil olduğu məqamda heç bir artıq hərəkətə yol verməmək,  ünsiyyətdən mümkün qədər yayınmaq barədə növbəti xəbərdarlıq etmişdi.

Avqustun 30-da Ramil mənə zəng vurdu. Nə qədər çalışsa da, səsindəki həyəcanı gizlədə bilmirdi. Əgər son anda hər hansı dəyişiklik baş verməsə, bu, 2004-cü ilin fevralından bəri saxlandığı macar həbsxanasında keçirəcəyi son gün idi. Həmin gecə yerinin dəyişdiriləcəyini demişdilər. Ona görə də möhkəm həyəcanlanmışdı. Təbii ki, söhbətin nədən getdiyini dəqiq bilməsə də, təxmin edirdi. Eyni zamanda sevincinə həyəcan, narahatlıq və səksəkə də qarışmışdı. Onu anlamaq çətin deyildi.  Təyyarə səmaya qalxmayana, bəlkə də Bakı hava limanında yerə enməyənə  qədər  səksəkə və narahatlıq çəkilməyəcəkdi.

Məhbus zabiti lap yaxındakı azadlıq münasibəti ilə təbrik etdim. Azərbaycan dövlətinin gücü, iradəsi sayəsində yenidən həyata qayıtdığını, daha doğrusu, qaytarıldığını dedim. Olub-keçənləri pis bir yuxu kimi unutmağı məsləhət gördüm. İnsanlarımızın həqiqətən böyük ürəklilik göstərib vaxtından əvvəl verdikləri şərəfli "qəhrəman" adını həqiqətən də doğrultmaq üçün hər kəsə qismət olmayan nadir şans qazandığını dedim. Əgər taleyinə yazılıbsa, Qarabağ uğrunda son, qəti savaşda iştirakını, erməni ordusunun əsgər və zabitləri ilə açıq döyüşdə üz-üzə gəlməsini arzuladım.

Ramil dönə-dönə təşəkkürünü bildirdi. Əgər tale məni bura gətirməsəydi, ömrünün ən yaxşı illərini, bəlkə də bütün həyatını məhbəsdə keçirəcəyini dedi. Prezidentə, Ali Baş Komandana minnətdarlığını çatdırmağı xahiş etdi.  Özünü yenidən dünyaya gəlmiş insan kimi hiss etdiyini, qismətinə yazılmış ömrün qalan hissəsini tamamilə fərqli yaşayacağını bildirdi. Bir əyləncə kimi baxdığı tərcümələrinin kitab şəklində  çapının həyatına tamamilə yeni  rəng qatdığını dedi. İki il ərzində göstərdiyimiz qayğıya, diqqətə görə şükranlarını çatdırdı. Qışın soyuğunda, yayın istisində bircə sözü ilə yanına tələsən, hər istəyini yerinə yetirməyə çalışan Səfirlik əməkdaşlarının haqlarını halal etmələrini istədi.
Bakıya nə vaxt gələcəyimlə maraqlandı. Atası ilə birlikdə mütləq məni ziyarət edəcəklərini, indiki həyəcanlı anda telefonda deyə bilmədiklərini o zaman üzbəsurət söhbətdə dilə gətirəcəyini dönə-dönə vəd etdi.

Nəhayət, avqustun 30-dan 31-nə keçən gecə. Axşam işdən çıxandan sonra uzun müddət evə getmək istəmədim. Budapeştin Peşt səmtindəki tarixi küçələri, Dunay sahilini dolaşdım. Arada düşündüm ki, çox sevdiyim bu şəhərdə bəlkə də axırıncı dəfə belə asudə, arxayın gəzirəm. Yəqin ki, tezliklə sərbəstliyimizi xeyli məhdudlaşdırmalı olacaqdıq. Gecəni  çox səksəkəli yatdım. Uzun müddət yuxuya gedə bilmədim. Sabahkı gün haqqında fikirləşirdim. Həmişə böyük gözləntilər qabağı belə olur. Bilirdim ki, proses tam nəzarət altındadır. Ekstradisiya əməliyyatını həyata keçirən Antiterror Mərkəzinin rəhbəri, general Haydu əvəzsiz peşəkardır.  Bakıdan təyyarə vaxtında qalxacaq. Macar tərəfin də dəqiq işləyəcəyi şübhə doğurmurdu. Amma yenə səbəbi bilinməyən narahatlıqdan qurtara bilmirdim...

Səhər saat 6-da artıq ayaqda idim. Gözümü saatın əqrəblərindən çəkə bilmirdim. Nəhayət, yerli vaxtla saat 8-də polkovnik Arpad Nad mobil telefonuma zəng vurub təyyarənin havaya qalxdığını xəbər verdi. Mən onu, o da məni təbrik etdik. Türk seriallarında tez-tez deyildiyi kimi "Bacardıq!"

İlk olaraq bütün bu ayların gərginliyini, həyəcanını mənimlə birlikdə yaşayan xanımıma zəng etdim. Hər şeyin qaydasında olduğunu, narahatçılığa səbəb olmadığını dedim. Amma hiss etdim ki, sözlərim onun sakitləşdirmədi.

Ramil Səfərovla mütəmadi əlaqə saxlayan, az qala Bakıda onun təmsilçisinə, vəkilinə çevrilən köhnə həmkarım Asif Rüstəmliyə "Dostun artıq havadadır" məzmunlu mesaj göndərdim. Sonralar Asif mənə danışırdı ki, nə qədər fikirləşsə də, bu qəribə mesajı necə, hara  yozacağını bilməmişdi. Yalnız Ramil Səfərovun artıq Bakıya gətirildiyini eşidəndən sonra məsələ ona aydın olmuşdu.  

Bakıda saat 11 idi. Ən geci saat 14.30-da xüsusi reys Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanında yerə enəcəkdi. Sonra nələr olacağını təsəvvürə gətirmək o qədər də asan deyildi. Amma baş verən hadisənin həm Azərbaycan, həm də Ermənistan üçün qəfil partlayan bomba effekti doğuracağı şübhəsiz idi.

Bir neçə ay əvvəl təsəvvürümüzə belə gətirə bilmədiyimiz hadisə baş verəndən sonra Səfirliyimizdə qəribə bir sakitlik yaranmışdı. Doğrudur, 2 nəfəri istisna etməklə əməkdaşlarımızın qalanı prosesdən kənarda idilər. Amma elə bil hamı ağır, üzücü işdən sonra yorulmuşdu. Hamı sanki hər şeyi tezliklə unutmağa, son günlərin gərginliyini üzərindən atıb adi, monoton həyata qayıtmağa tələsirdi. Yəqin ki, bu həyəcanlı gözləntilərin doğurduğu stressin nəticəsi idi. O biri tərəfdən, şübhəsiz, hamını qarşıdakı mübhəmlik, nigaranlıq, "Sonra nə olacaq?" sualı düşündürürdü. Heç kəs bu barədə açıq danışmasa da,  əməkdaşların  yad ölkədə gələcək həyatları ilə bağlı bəlli bir narahatlıq yaşadıqlarını hiss edirdim...
(Davamı var)

 





05.12.2021    çap et  çap et