525.Az

Belarus iqtisadiyyatına zərbə


 

Belarus iqtisadiyyatına zərbə<b style="color:red"></b>

Avropa Birliyi, Böyük Britaniya, Kanada və ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Legitimliyi Qərb tərəfindən tanınmayan Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Dmitri Lukaşenko başda olmaqla 20 nəfərə qarşı sanksiya tətbiq edilib. Onların arasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Andrey Parşin, daxili işlər nazirinin müavini Dmitri Korzyuk, Dövlət Sərhəd Xidmətinin rəisi Anatoli Lapo, onun müavinləri İqor Butkeviç, Sergey Novikov, İqor Peçen və digər rəsmi şəxslər də var. Minsk üçün daha təhlükəli məqam Qərb dövlətlərinin Belarus iqtisadiyyatının önəmli müəssisələrinə qarşı qadağalar tətbiq etməsidir. ABŞ-ın məhdudiyyətlər tətbiq etdiyi təşkilatlar siyahısına silah və hərbi texnika ixracatçısı "Beltexeksport", zirehli texnikanın təmiri və modernləşdirilməsi ilə məşğul olan 140 saylı təmir zavodu, hərbi və mülki təyinatlı optik-elektron məmulatların hazırlanması və istehsalı üzrə şirkət, "TransAviaExport" yük aviaşirkəti, AGAT Elektromexanika Zavodu ASC, Belarus Potaş Şirkəti kimi iri müəssisələrin də adı düşüb. Bundan başqa, ABŞ Belarusun dövlət borcuna qarşı sanksiyalar tətbiq edərək, Amerika vətəndaşlarına 90 gündən çox ödəmə müddəti olan və dekabrın 2-dən sonra buraxılmış veksellərlə əməliyyatlara qadağa qoyub.

Avropa Birliyi isə dövlətə məxsus "Belavia" aviaşirkəti, dövlət turizm agentliyi, "Qrodno Azot", "Belshina", "Belorusneft" şirkətləri də daxil olmaqla 11 şirkət və müəssisəyə qarşı sanksiya tətbiq edib.

Qərbin yekdilliklə qoşulduğu yeni sanksiya paketi Belarus iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Məsələn, postsovet məkanında ən uğurlu hava şirkətlərindən biri olan "Belavia"nın bundan sonra mövcudluğunu qoruması çətin olacaq. Eləcə də, Belarusun hərbi-sənaye kompleksi ağır məhdudiyyətlərlə üzləşəcək. "Belarusneft" şirkətinə və dövlət borcuna qarşı tətbiq edilən qadağalar Minski valyuta mənbələrindən məhrum edəcək. Bu isə Belarus hakimiyyəti üçün ciddi problemlər yaradacaq. Yeni sanksiyaların tətbiqilə Belarusda sosial-iqtisadi böhran dərinləşəcək və rəsmi Minskin fəaliyyətini məhdudlaşdıracaq. Ekspertlər gələn ilin ortalarında Belarus iqtisadiyyatının tamamilə dayana biləcəyini vurğulayır, sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər. Belarusun bundan sonra yeganə ümidi Rusiyayadır. Rusiyanın isə Belarusa kredit vermək imkanları mövcud olsa da, Belarus iqtisadiyyatının fəaliyyətini təmin etmək imkanı yoxdur.  Digər tərəfdən, Belarusa qarşı tətbiq edilən sanksiyaların 5-ci paketinin sonuncu olmayacağı da aydın görünür. İstisna deyil ki, Belarusa qarşı yeni sanksiya paketi də  gündəmə gələcək. Çünki Minsklə Qərb paytaxtları arasında münasibətlər hər ötən gün daha da gərginləşir. Rəsmi Minsk Rusiyadan hətta nüvə başlıqları da istəyib ki, bu da münasibətlərin nə qədər gərgin olduğunu göstərir. Rəsmi Minskin davakar siyasətini davam etdirdiyi bir zamanda Belarus iqtisadiyyatı çökməkdə, ölkədən insan kapitalının qaçışı isə davam etməkdədir. 

 





06.12.2021    çap et  çap et