525.Az

Papa Avropanın mühacirlərə qarşı davranışını pislədi


 

Papa Avropanın mühacirlərə qarşı davranışını pislədi <b style="color:red"></b>

Papa Fransisk Yunanıstanın Midili adasında keçən il yanan Moria düşərgəsinin yerində tikilən və 2 minə yaxın insanın yaşadığı düşərgəyə baş çəkib. Səfəri çərçivəsində verdiyi açıqlamada, Avropanın mühacirlərə qarşı millətçiliyini qınayıb.

525.az xarici KİV-ə istinadən bildirir ki, mühacirlərlə görüşən Papa, immiqrantların siyasi təbliğat üçün istifadə edildiyini ifadə edərək, mühacirləri cəzalandırmaq əvəzinə köçün səbəblərinə diqqət yetirilməsi lazım olduğunu bildirib. Qaçqınların ölkəyə girişinin qarşısını almaq üçün sərhəd divarının inşasını tənqid edən Papa, "Avropada problemin onları maraqlandırmayan bir məsələ olduğunu iddia edənlər var, bu, faciəvi vəziyyətdir. Tarix bizə xırda maraqları və millətçiliyin fəlakətli nəticələri göstərdi”, - deyib. 

Roma Papasını səfərdə müşayiət edən Yunanıstan prezidenti Katerina Sakellaropulu isə deyib ki, immiqrasiya problemi təkcə Yunanıstanın deyil, bütün Avropanın üzərinə düşür.

Qeyd edək ki, ötən ay Fransadan İngiltərəyə gedən qayığın La-Manş boğazında batması nəticəsində 27 qaçqın həyatını itirib. Beynəlxalq Miqrasiya Təşkilatı bu il 650 nəfərin Aralıq dənizindən keçərək müxtəlif ölkələrə qaçmaq istəyərkən itkin düşdüyünü açıqlayıb.

Müjgan Cabbarova
 

 





06.12.2021    çap et  çap et