525.Az

Məsafədən təhsildə öyrənmə nəticələri: sorğu və müsahibələr nə göstərir?


 

Məsafədən təhsildə öyrənmə nəticələri: <b style="color:red"> sorğu və müsahibələr nə göstərir?</b>

Təhsil Nazirliyinin 2021-ci il üzrə ali və orta ixtisas təhsil müəssisələrində məsafədən təhsilin təşkilinə dəstəyin göstərilməsi ilə bağlı həyata keçirilən fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məsafədən təhsildə öyrənmə nəticələrinin araşdırılması üçün orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinin, professor-müəllim heyətinin, inzibati heyətin və  məsafədən təhsilin təşkilindən birbaşa məsul şəxslərin iştirakı ilə sorğu və müsahibələr aparıb. 

ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı deyir ki, ilkin mərhələdə cari vəziyyəti təhlil etmək üçün orta ixtisas təhsili və ali təhsil müəssisələrinə sorğular göndərilib. Sorğular tələbələr, tədris işlərinə məsul heyət və professor-müəllim heyətini əhatə edib. Keçirilən sorğularda 41366 nəfər tələbə, 465 nəfər tədris işlərinə məsul heyət və 3059 nəfər professor-müəllim iştirak edib. Müvafiq araşdırmanın davamı olaraq ikinci mərhələdə isə pandemiya dövründə 21 ali və orta ixtisas müəssisəsinin məsafədən təhsilin təşkilindən və tədris prosesinin təşkili və keyfiyyət təminatı ilə bağlı fəaliyyətlərin icrasından məsul olan əməkdaşları ilə müsahibələrin təşkil olunması və vəziyyətin təhlili məqsəd olaraq qarşıya qoyulub. Onun sözlərinə görə, sorğu və müsahibələrin həyata keçirilmə məqsədləri bənzər olduğu üçün istifadə olunan suallar bir-birini dəstəkləyici xarakter daşıyıb. İstər sorğu, istərsə də müsahibə mərhələsindən əldə edilən məlumatlar təhlil olunduğu zaman eyni və ya yaxın məzmunlu suallar qarşılaşdırılıb, respondentlərin cavabları, rəy və təklifləri müqayisəli təhlil edilib. Müsahibə və sorğunun respondentlərinin fərqli qrupları təmsil edən şəxslər olması müqayisəli təhlilin vacibliyini artırıb: "Sorğu və müsahibələrdən əldə edilən nəticələrin müqayisəsi zamanı aydın olub ki, orta ixtisas təhsili və ali təhsil müəssisələrində məsafədən tədrisin təşkili ilə bağlı bir sıra çətinliklər yaşanıb. Belə ki, həm sorğuların, həm də müsahibələrin nəticələri göstərmişdir ki, internet bağlantısının kəsilməsi, İKT-dən istifadə vərdişlərinin zəif olması, texniki problemlər, tələbələrin özünütəhsil motivasiyasının aşağı olması məsafədən təhsil zamanı qarşılaşılan əsas çətinliklərdir. Məsafədən təhsilin təşkili zamanı yaşanan çətinliklərə baxmayaraq, onun tətbiqinin özünəməxsus üstünlüklərinin də mövcudluğu sorğu və müsahibələrin təhlili nəticəsində ortaya çıxıb. Təhlillər məsafədən təhsilin tədris prosesinin bütün iştirakçılarına, eyni zamanda, təhsil sisteminin özünə bir çox töhfələr verdiyi ilə əlaqəli araşdırma iştirakçılar arasında ortaq düşüncələrin olduğunu göstərib. Belə ki, istər sorğuda, istərsə də müsahibələrdə iştirak edən respondentlər məsafədən təhsilin inkişafı izləyən və xüsusi hesabatlar yaratmağın mümkünlüyü, təlimdən yararlanmağa kömək edəcək funksiyalara malik olması, innovativ tədris-öyrənmə vasitə və materiallarının olması, rahat və müstəqil təhsil şəraiti kimi  üstünlüklərinin olduğunu və məsafədən təhsilin müəllimlərin İKT bacarıqlarının artması, elektron resursların yaradılması, effektivliyin təmin olunması, vaxt itkisinin qarşısının alınması kimi töhfələr verdiyini qeyd ediblər. Bu mənada təhsil prosesinin iştirakçılarının məsafədən təhsilin tətbiqinin sadəcə çətinliklərə səbəb olmadığının, eyni zamanda, məsafədən təhsil mexanizminin  düzgün qurulmasının təhsil sisteminə əhəmiyyətli fayda və töhfələr verdiyinin fərqində olduqları qeyd oluna bilər".

Şöbə müdiri bildirib ki, istər sorğuların, istərsə də müsahibələrin təhlili bunu deməyə imkan verir ki, məsafədən təhsil dövründə keyfiyyətin artırılması məqsədilə müəssisələrdə təlimlərin təşkili, video təlimatların hazırlanması, əlavə dərs saatlarının təyin edilməsi, metodik vəsaitin hazırlanması və fərdi köməkliyin göstərilməsi kimi dəstək tədbirləri həyata keçirilib. Araşdırma çərçivəsində təşkil olunan sorğularda iştirak edən inzibati və tədrisin təşkilindən məsul şəxslər tələbələrin ümumi nailiyyət səviyyəsinin yaxşılaşdığını qeyd edib. Müsahibədə iştirak edən respondentlər də ümumi nəticələrdə bu tendensiyanın müşahidə olunduğunu bildirsələr də, nəticələrin tam reallığı əks etdirmədiyini, tələbə nailiyyətinin yüksəlməsində kənar vasitələrdən istifadə kimi faktorların təsirlərinin də olduğunu vurğulayıblar: "Tələbə nailiyyətləri ilə əlaqəli professor-müəllim heyətinin fikirlərində isə digər qruplarla müqayisədə fərqliliklərin olduğu müşahidə olunub. Belə ki, sorğularda iştirak edən professor-müəllim heyətinin demək olar ki, yarısı tələbə nailiyyətlərində hər hansı bir dəyişikliyin olmadığını qeyd ediblər. Professor-müəllim heyətinin müvafiq mövzu ilə bağlı fərqli düşüncələrinin olmasının onların tələbələrlə birbaşa işləməsi və real vəziyyəti rəqəmlər üzərindən deyil, situasiyalar üzərindən qiymətləndirilməsi ilə əlaqəli olduğu təxmin edilir. Əlavə olaraq, həm sorğu, həm də müsahibə nəticələri təhlil edildikdə təhsilalanların təhsil müəssisələrinin məsafədən təhsilin təşkili fəaliyyətlərini ümumilikdə yaxşı olaraq dəyərləndirdiyi müşahidə olunur.  Müvafiq araşdırmanın həyata keçirilməsində iki fərqli ölçmə aləti tətbiq olunub. Ölçmə alətləri fərqli olsa da, təhlillər göstərir ki, məsafədən təhsilin təşkili ilə bağlı bir sıra mövzularda əldə edilən nəticələr bir-birini dəstəkləyir. Həm müsahibələr, həm də sorğular nəticəsində əldə olunan məlumatlar emal edildikdən sonra ortaya çıxan nəticələrə uyğun olaraq müvafiq təkliflər və tövsiyələr hazırlanıb". 

Könül Abaslının dediyinə görə, sorğuların nəticələri əsasında hazırlanan təkliflərdən bəziləri -professor-müəllim heyətinin və tələbələrin rəqəmsal resurslara əlçatanlığının təmin olunması məqsədilə universitetlərin kitabxanalarının rəqəmsallaşdırılması, onlayn dərslərin həyata keçirilməsinə aid müvafiq təlimatların, elmi-metodik vəsaitlərin hazırlanıb professor-müəllim heyətinin və tələbələrin istifadəsinə verilməsi, rəqəmsallaşma davamlı inkişaf edən bir proses olduğu üçün ali təhsil müəssisələrinin tədris prosesinin rəqəmsallaşdırılması ilə əlaqədar hədəflərinin müəyyənləşdirilməsi, bu hədəflərə çatmaq üçün ali təhsil müəssisələrində distant təhsil mərkəzinin yaradılması, həmin mərkəzdə davamlı olaraq professor-müəllim heyətinin və tələbələrin şəbəkə, rəqəmsal məzmun, tədris və qiymətləndirmə barədə bacarıqlarının artırılması istiqamətində sistemli işin aparılması və sair təqdim olunub. 

Araşdırmanın nəticələri əsas alınaraq hazırlanmış təklif və tövsiyələrdə müəyyən fərqlər olsa da, bu təklif və tövsiyələrdə ölkədə məsafədən təhsilin səmərəli və keyfiyyətli təşkili üçün normativ hüquqi bazanın yaradılması məsələsində həmfikirlik olduğu müşahidə olunur. Belə ki, təhsil müəssisələrini təmsil edən nümayəndələrlə həyata keçirilmiş müsahibələrdə məsafədən tədris zamanı bir sıra məsələlərdə necə bir yol izlənməsi ilə bağlı vahid qaydaların olmadığı və belə durumlarda təhsil müəssisələrinin hər birinin fərqli mexanizmlər tətbiq etdikləri aydın olmuşdur. Təhsil müəssisələrinin qərarvermə prosesini asanlaşdırmaq və ziddiyyətli durumların ortaya çıxmasının qarşısını almaq üçün məsafədən (distant) təhsilin hüquqi bazasının hazırlanması və hər bir mövzuda konkret qaydaların müəyyənləşdirilməsi  məqsədəuyğun hesab olunur: "Yekdilliklə qeyd olunan digər bir təklif isə elektron resurs bazaların yaradılması ilə bağlıdır. Belə ki, texniki səbəbdən məsafədən təşkil olunan dərslərə qoşula bilməyən tələbələrin tədris prosesindən geri qalmaması üçün birbaşa (canlı) dərslərin arxivləşdirilmiş video komplektinin yaradılması, müvafiq ixtisasların tədris proqramları üzrə dərslərin  materiallarının artıq paket halında istənilən zaman tələbələrin istifadəsinə verilməsinə, təhsil müəssisələrinin müxtəlif fövqəltəbii vəziyyətlərə hazır və distant təhsil bazarına daxil olmalarına şərait yaradacaqdır. Bu mənada digər təhsil müəssisələrinin də məsafədən təhsil zamanı istifadə edilmiş elektron materiallarının, dərslərin qeydə alınmış video yazılarının və s. hesabına elektron resurs bazası yaratmaları və prosesin qərarverici orqanlar tərəfindən təbliğ və təşviq edilməsi məqsədəuyğun hesab olunur".

Sevinc QARAYEVA
 

 





06.12.2021    çap et  çap et