525.Az

İncəlik, inandırıcılıq, möhtəşəmlik... - Ziyadxan Əliyev yazır


 

SƏNAN EYNULLAYEVİN YARADICILIQ ÜSLUBU VƏ SƏNƏT UĞURLARI HAQQINDA QEYDLƏR

İncəlik, inandırıcılıq, möhtəşəmlik... -<b style="color:red"> Ziyadxan Əliyev yazır</b>

Müstəqillik dövrü təsviri sənətimizin yeni və maraqlı əsərlərlə zənginləşməsində qardaş Türkiyədə fəaliyyət göstərən rəssam və heykəltəraşlarımızın da duyulası xidmətləri olub. Belə yaradıcılardan biri Sənan Eynullayevdir. Etiraf edək ki, 1992-ci ildən İstanbulda yaşayan sənətkarın ərsəyə gətirdiyi rəngkarlıq əsərləri təkcə milli təsviri sənətimiz üçün yeni olmayıb, bütünlükdə, bədii yozumuna görə çox orijinal qəbul olunmaqdadır. Əlavə edək ki, Azərbaycan rəssamının gerçəkliyə və insanlara münasibətində  "Domye baxışı" ilə səsləşən nisbi məqamlar sezilsə də, mahiyyətcə, fərqli görünməkdədir. Bu müxtəlifliyi şərtləndirən başlıca səbəbsə Sənan Eynullayevin, öz əsərlərində tənqidə üstünlük verən fransızdan fərqli olaraq, hadisə və obrazları xeyirxah ironiyaya bələyə bilməsidir.  

Maraqlısı bu cür yanaşmanı yaradıcılığının leytmotivinə çevirən rəngkarın müraciət etdiyi süjetlərə ironiyanın inandırıcılığına əsas verən bədii yozum tapa bilməsidir. Əhatələndiyi cəmiyyətin ən müxtəlif sahələrinə diqqət yetirən rəssam, görüntüyə gətirdiyi ən adi hadisələrə və obrazlara tamaşaçısını ən azı qımışdıra biləcək poza-jest və mimika verməyə nail olub. Qənaətimizcə, əsərlərin cəlbediciliyinin kökündə ilk növbədə müəllifin incə müşahidə qabiliyyətinə malik olması durur. Belə olmasaydı, onun qonaqlığa, çayxanadakı və çimərlikdəki qələbəliyə, sevgililərin görüşünə, sərgi tamaşaçılarına, rəssam emalatxanasına verdiyi bədii şərhlər bu qədər ovqatyaradıcı olmazdı. Doğrudan da rəssamın kinayəli ironiyadan uzaq olan  personajlarını səciyyələndirən  milli xüsusiyyətləri  və əlamətləri xüsusi vurğulamasının doğurduğu estetik tutum həm də yüksək sənətkarlıqla - gözoxşayan bədii stilizə ilə gerçəkləşdiyindən, kompozisiyalar ovsunlayıcı bütövlüyü ilə diqqət çəkir...

Əgər Sənan Eynullayev rəngkarlıq tablolarında sənətsevərləri əldə etdiyi incəliklə heyrətləndirməyi bacarıbsa, ərsəyə gətirdiyi heykəltəraşlıq əsərlərində isə qeyri-adi möhtəşəmliyə nail olub. Türkiyə, Macarıstan, Azərbaycan və digər ölkələrdə ucaldılan abidələri onun bu sahədə özünəməxsus yaradıcı potensiala malik olduğunu sərgiləyir. Müəllifin İstanbulu fəth edən Osmanlı hökmdarı Fateh Sultan Mehmetə və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə ucaltdığı (hər ikisi İstanbulda yerləşir) tunc abidələr duyulası monumentallığı ilə diqqət çəkməkdədir. 

Tişə ustasının İstanbulda yer almış "Hüseyn Cavid" və "Çingiz Aytmatov" abidələri də qərarlaşdıqları məkana özünəməxsus aura bəxş edən plastika nümunələridir. O, türk dünyasının qürur duyduğu bu söz xiridarlarına xas olan ikonoqrafik cəhətlərin inandırıcılığını əldə etməklə,  həm də onların obrazlarına xas məziyyətlərin cəlbedici psixoloji-dramatik tutumda təqdimatına nail olmuşdur. Sənan Eynullayevin  bal mumundan hazırladığı heykəllər onun yaradıcılığında xüsusi yer tutur. Bu vaxta kimi o, Türkiyənin bir neçə siyasətçi və dövlət adamlarının (Rəcəb Tayyib Ərdoğan, Müəmmər Gülər, Cəlaləddin Cərrah və başqaları) inandırıcılığı danılmaz olan fiqurlarını yaradıb...

Son bir qərinə ərzində Türkiyədə  yaradılan rəngkarlıq diaramalarının böyük tamaşaçı marağına səbəb olmasındandır ki, hazırda ölkənin neçə-neçə şəhərində belə muzeylər fəaliyyət göstərməkdədir. İstanbulun Bağçılar rayonundakı Şəhidlər parkındakı diaramanın müəllifi isə azərbaycanlı fırça ustasıdır. "Çanaqqala şəhidləri" adlanan möhtəşəm diaramada (5x20 metr) Türkiyə tarixinin ən qanlı savaşında yaşananlar çox inandırıcı tutumda öz əksini tapıb. Rəssam bu cür layihələri Azərbaycanda - Gəncə və Şuşa şəhərində də həyata keçirmək niyyətindədir. Yeri gəlmişkən o, Vətən müharibəsindəki şanlı qələbədən sonra Şuşanın bərpasına cəlb olunub. Onun görkəmli musiqiçi Bülbülü on dörd yaşında təsvir edən portreti  artıq sənətkarın Şuşadakı ev-muzeyinin ekspozisiyasını bəzəməkdədir...

Bu vaxta qədər təkcə Türkiyədə 50-dən çox fərdi sərgi təşkil edən həmyerlimiz, qardaş ölkədə memarlıq məkanlarına yeni və müasir görkəm verə bilən sənətkar kimi tanınır. Bunu onun Ankara, Çanaqqala,  Samsun və başqa şəhərləri bəzəyən abidələri də təsdiqləyir. 

 





06.12.2021    çap et  çap et