525.Az

”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirilib


 

”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirilib<b style="color:red"></b>

06 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində ”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirildi.

525.az-ın məlumatına görə, sərgidə 1,3,5 nömrəli UGİM-nın, Tamara ART, Günəş ART, Palitra ART studiyalarının dərnək üzvlərinin, Bakı şəhəri 14, 91, 211, 179, 227, 238, 167, 229, 272, 201 nömrəli orta məktəblərinin, Bakı Avropa , İdrak , Zəngi, Türk-Ankara, 16 nömrəli Texniki Humanitar liseylərinin, XXI əsr məktəbinin, İncəsənət Gimnaziyasının şagirdlərinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 №-li XİM–in, “Xarı Bülbül” hazırlıq kurslarının, Kəlbəcər, Qax, Balakən, Zaqatala, Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucularının 160-a yaxın illustrasiya və rəsmləri Xətai Sənət Mərkəzinin sərgi salonunda nümayiş olundu.

Yağlı boya, qələm, akvarel və ipək üzərində çəkilən rəsm əsərləri sərgi iştirakçılarında maraq doğurdu.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən, Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Gəncliyə Yardım Fondundan nümayəndələr, Azərbaycan Xalq rəssamı Arif Hüseynov, qrafik rəssam İlqar Mehdiyev gənc rəssamlara Nizami əsərlərinə çəkdikləri rəsmləri yüksək qiymətləndirərək, onlara gələcəkdə uğurlar dilədilər.

Sərgi zamanı R.Hacıyev adına 15 nömrəli onbirillik , Leopold və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəblərinin şagirdlərinin təqdimatında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar ifa edildi. Tədbirin sonunda Festival iştirakçıları diplom və təşəkkürnamələr ilə təltif olundular.

Qeyd edək ki, Festivalın keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

 

 

 





07.12.2021    çap et  çap et