525.Az

Elmə həsr olunmuş ömür - Məmmədəli Qıpçağın xatirəsinə


 

Elmə həsr olunmuş ömür -<b style="color:red"> Məmmədəli Qıpçağın xatirəsinə</b>

Müəllimlik bütün peşələrin fövqündə dayanan peşədir. Cəmiyyətin tərəqqisində müstəsna rolu olan müəllimlərimiz, həm də gənclərimizin formalaşmasında və əsl vətənpərvər kimi yetişməsində əvəzolunmaz şəxsiyyətlərdir. Haqqında söhbət açmaq istədiyim müəllim də məhz bu qəbildən olan insanlardan biri idi - ömrünü kitablara həsr edən, bu yolda daim tər töküb, külüng vuran, türkçülüyü, türkologiyanın bir çox sahələrini, qədim türk yazılı abidələrinin dilini, türk dillərinin tarixini, təşəkkülünü elm sahəsinə qədəm qoyan gənc nəslə daima aşılayan dəyərli türkoloq alim, professor Məmmədəli Qıpçaq (Məmmədəli Novruzov).  

Naxçıvan Muxtar Respublikasında Kəngər türklərinin məskunlaşdığı bir kənddə - Cəhri kəndində anadan olan Məmmədəli Qıpçaq gənc yaşlarından türkçülük, türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetik, leksik və qrammatik, türk əlifbalarının araşdırılması sahələrində uğurlu nəticələrə nail olmuşdu. Məmmədəli Qıpçaq 11 kitabın, 150-dən çox elmi və 700-dən çox elmi-publisistik məqalənin müəlllifi idi. 

Görkəmli aliminin həyat yoluna, elmi fəaliyyətinə nəzər salarkən cəsarətlə demək olar ki, ömrünü bütünlüklə elmə sərf edən bu cəfakeş alim qədim yazılı abidələrdə işlənən əlifbaların tarixinin, türk xalqları mədəni tarixinin tanıdılması və araşdırılması istiqamətində dərin araşdırmalar aparmışdı. 
Professor Məmmədəli Qıpçaq türkologiyanın aktual məsələlərinin öyrənilməsi, türkoloji dilçiliyin əsas problemləri, türk dillərinin qrammatik quruluşu və bununla bağlı elmdə hələ də mübahisə doğuran məqamlar barədə daim ustad dərsləri keçər, fikir mübadilələri aparar, mübahisəli məsələlərə öz münasibətini bildirərdi. Tələbələrinin layiqli vətəndaş kimi yetişməyində də onun əvəzsiz xidmətləri vardı. Şərəflə və zəhmətlə dolu bir ömür yaşayan, tələbələrinin sevimlisi olan M.Qıpçaq onlardan diqqət və qayğısını heç vaxt əsirgəməmiş, müəllim-tələbə münasibətlərinin səmimi ata-övlad münasibətlərinə çevrilməsi naminə əlindən gələn kömək etməyə çalışmışdı.  

Tanınmış alim Məmmədəli Qıpçaq türkologiya elminin inkişafında olduğu kimi, elmi-pedaqoji kadrların hazırlanması sahəsində də böyük xidmətlər göstərmişdi. O, görkəmli alim, əsl tədqiqatçı, peşəkar müəllim olduğu kimi, sözün həqiqi mənasında həm də yaxşı dost, gözəl insan idi. Təsadüfi deyil ki, vaxtilə Məmmədəli müəllimin bakalavr, magistratura və doktorantura pilləsində rəhbərlik etdiyi və dəyərli məsləhətlər verdiyi tələbələri bu gün müxtəlif sahələrdə çalışır, dövlətə və cəmiyyətə öz töhfələrini verirlər. 

Professor Məmmədəli Qıpçaq bu gün aramızda olmasa da, onu sevənlərin qəlbində daim yaşayacaq. Çünki nəsillərə nümunə olan fədakar bir alim ömrü yaşayıb. Onun xatirəsi həmişə əzizlərinin, dostlarının, tanışlarının, həmkarlarının, ən əsası isə minlərlə tələbələrinin yaddaşında silinməz bir xatirə olaraq qalacaq, "Məmmədəli Qıpçaq" imzası milli-mənəvi dəyərlərimizi, dilimizin tarixini və inkişaf mərhələlərini öyrənən gələcək nəsillərə daim istiqamət verəcək. Unudulmaz alimin "Türk dillərində hal kateqoriyası" (1994, rus dilində), "Türk say sistemi" (1996), "Türk savaş sənəti" (Ə.Əsgərlə birlikdə) (1996), "Kəmiyyət anlayışının dildə ifadəsi" (2000), "Söz aləminə səyahət" (2002), "Türk dillərinin səs quruluşu" (2002) və digər əsərləri daim qiymətli mənbə kimi oxunacaq...

Allah Sizə rəhmət eləsin, əziz müəllimim! Ruhunuz şad olsun!

Töhfə TALIBOVA,
Filologiya üzrə fəlsəfə doktoru

 

 





07.12.2021    çap et  çap et