525.Az

Nəcib insan, dəyərli alim - Mahir Cavadlı yazır


 

Nəcib insan, dəyərli alim -<b style="color:red"> Mahir Cavadlı yazır</b>

Mahir CAVADLI
AMEA-nın Folklor İnstitutunun əməkdaşı

Yazıb-yaratmaq, yorulmadan, usanmadan çalışmaq, sözün tam mənasında özünü elmə həsr etmək, insanlara dayaq durmaq, kiminsə dərdinə məlhəm olmaq istəyi ilə son 30 illik ömrümün (tam yarısı) ən yaxın dostuna çevrilmiş, mühüm güc strukturunda polkovnik kimi həmkarım, 40-a yaxın kitab, yüzlərlə elmi tədqiqat əsərlərindən başqa, həm də tarixi,  publisistik məqalələri ilə qələm yoldaşım və nəhayət, son iş yerimiz olan AMEA Folklor İnstitutunda şöbə müdirim professor Cəlal Qasımovsuz bu sətirləri ərsəyə gətirmək mənim üçün çox çətindir və birinci dəfədir ki, içimdə götür-qoy etmədən başladığım bu yazının necə tamamlanacağına narahatlıq keçirirəm. Ancaq yazmamaq da məni (təkcə məni yox) elm sahəsinə həvəsləndirən, kömək etməyə, yol göstərməyə hazır olan bu etibarlı dostun ruhu qarşısında böyük bir günah olardı...

...Bəlkə son nəfəsində də onu 60 illik qısa, lakin mənalı həyatı boyu narahat edən bir çox məsələlərlə, ailəsinə, yaxınlarına edə bilmədiklərinin təəssüf hissi ilə yanaşı, tərtib edib tamamlamağa əcəlin imkan vermədiyi kitabını da xatırlayıb. Bütün xidməti və yaradıcılıq fəaliyyətində ən çox dəyər verdiyi məsələ əldə olan tarixi gerçəkliklərdən maksimum dərəcədə bəhrələnməklə qələmə almaq və nəfis tərtibatlı kitab halında çap etdirmək idi. 1993-cü ildən MTN-nin (indiki DTX) arxivində, Milli Arxiv İdarəsində, digər mənbələrdə rast gəldiyi bir çox yarımçıq qovluqlar, bəzən 40 qapı arxasında qalan faktlar yorulmaz, fədakar alimdə o məsuliyyət hisslərini aşılamışdı ki, hər dövrün bir hökmü var və bu gün görüb yazdıqlarımız, Sovet arxivlərində toz basmış qovluqlardan mənimsədiklərimiz sabah millətin yaddaşının oyanmasında ən yaxşı silaha çevrilə bilər. Buna görə də dayanmadan, yorulmadan yazırdı, tərtib edirdi. Xəstəliyinin şiddətləndiyi dövrdə də ötən əsrin 90-cı illərində başladığı, çox gərgin axtarışlar nəticəsində üzə çıxardığı, lakin bədxahlar tərəfindən qısqanclıqla qəbul olunduğundan yarımçıq qalan şərti adı "Azərbaycan repressiya qurbanlarının ensiklopediyası" kitabını tamamlamaq fikrindən əl çəkmirdi, Tanrıdan məhz bu iş üçün möhlət diləyirdi. Təsəvvür etmək çətindir: insana dünyanın bəlası olan xərçəngə tutulduğu analizləri verilir, o isə sağlamlığı, istirahəti, sakitliyi, rahatlığı qayğısına qalmaq əvəzinə yenicə işıq üzü görmüş iki böyük tədqiqat əsərinin - "Birinci Türkoloji Qurultay: Şahidlər və şəhidlər" və "Xalid Səid Xocayev" kitablarının ardınca yuxarıda adını çəkdiyimiz kitabın nəşri haqqında düşünür, çalışır, dünyanın ən ağır dərdinin ağrısını azaldan ən güclü dava-dərmanları qəbul edə-edə kompüter arxasında günlərlə, saatlarla işləyir, xalqın, millətin, əslində, bütün bəşəriyyətin bəlası olmuş repressiya illərinin ağrı-acısını ürəyinə yük edir. "Repressiya olunmuşların ensiklopediyasını yaratmaq illər boyu kollektiv zəhmət tələb edən ağır bir işdir, o halda ki, kimsə təməlini qoya bilsin, bu təməli elə mən özüm qoymalıyam!" - deyirdi professor Cəlal Qasımov. Dedi və elədi də, "ensiklopediya"dan min nəfərə yaxın repressiya qurbanının siyahısı artıq öz çapını gözləməkdədir ki, bu da sanballı bir kitab deməkdir.

Cəlal Qasımovun qısa, mənalı həyatı onun yaradıcılığının tərkib hissəsi, ilhamverici, ruhlandırıcı qüvvəsi, dövlət təhlükəsizliyi sahəsində çoxillik səmərəli xidməti ilə peşəkar zabit, bilikli və geniş dünyagörüşlü pedaqoq, görkəmli alim kimi uğurlarının açarıdır. 1959-cu il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib. İlk təlim-tərbiyə, təhsil vərdişlərinə də bu sadə ailədə yiyələnib. Məktəb, ali təhsil illəri kimsə üçün fərq qoymasa da, yaranmış fərqlənmək imkanlarından dəyərincə bəhrələnə bilib - əlaçı şagird, Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə ilə bitirən tələbə kimi! Özünün həmişə fəxrlə xatırladığı tərzdə ifadə etsək, görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəylinin ən yaxşı tələbələrindən biri olmaq ona elmi fəaliyyətə başlamaq üçün stimul, sonradan açılmaz düyünləri açmaqda güc və qüvvət verib. Dəyərli akademikin 2019-cu ildə işıq üzü görmüş "Vəli  Xuluflu" kitabının ön sözündə C.Qasımova "Repressiya ədəbiyyatımızın Qulam Məmmədlisi" "titul"unu verməsi isə 25 ildən çox xidmət orqanında leytenantdan polkovnikədək yüksəlmiş, bir çox dövlət orden-medalları ilə təltif olunmuş, əməkdar müəllim, alim-tələbə üçün ən böyük mükafatlardan sayılırdı. 

Azərbaycan tarixinin, ədəbiyyatının ən qanlı, eyni zamanda müəmmalı və dolaşıq səhifələrini fədakarcasına araşdıran Cəlal Qasımov qarşılaşdığı hər fakta, hər dəlilə, hər sənədə keçmişimizin, milli irsimizin, yaddaşımızın bir parçası kimi çox ehtiyatla yanaşır, çox dəqiqliklə təhlil edir, məntiqli nəticə çıxarırdı. Onun 30-dan çox kitabı məhz repressiya mövzusundadır. Bu kitablarda görkəmli ictimai-siyasi və dövlət xadimlərin, söz və sənət adamlarının taleyi faktlar və sübutlarla oxucuya təqdim olunur. Lakin təkcə çılpaq faktlar və sənədlər deyil, elmi yanaşma, məntiqi qavrama və əlahəzrət sözün dönə-dönə cilalanması, şüur və düşüncə süzgəcindən keçirilməsi fonunda! 

Onun arxiv materialları əsasında dərindən tədqiq etdiyi şəxsiyyətlərin adlı siyahısını sıralamaq kifayət edər ki, bir əsrlik Azərbaycan tarixinin öyrənilməsində və öyrədilməsində hansı fədakarlıqlar göstərdiyi, hansı mənəvi iztirablara qatlaşdığı oxucuya məlum olsun! Azərbaycan təhlükəsizlik orqanlarının ilk rəhbərlərindən Nağı bəy Şıxzamanov, Baba Əliyev, Novruz Rizayev, hərb tariximizin nəhəng simalarından generallar Çümşüd bəy Naxçıvanski, Məmmədağa Şıxlınski, ədəbiyyat korifeylərimizdən Hüseyn Cavid, Salman Mümtaz, Böyükağa Talıblı, Bəkir Çobanzadə, Vəli Xuluflu, Xalid Səid Xocayev, Abdulla Sur və başqaları haqqında geniş məqələlər, monoqrafiyalar gərgin yaradıcı əməyin məhsuludur. İstintaq materiallarından çıxarılaraq oxucuya təqdim olunan müstəntiq-müttəhim dialoqları isə totalitar rejimin korifey sənətkarlara, bütövlükdə tariximizə və taleyimizə, milli mənliyimizə qarşı üzücü münasibətini ifadə edir. Və sözsüz ki, bu iyrənc üsul və metodlarla müşayiət olunan bütün ağrılar qələm sahibinin içindən keçir, saf və təmiz ürəyinin kövrək tellərini zədələyirdi. Bu mənada, professor Cəlal Qasımovun özünü 30 ilə yaxın bir dövrdə mövzu kimi cəlb edib, qopa bilmədiyi, son nəfəsinə qədər içində bəsləyib böyütdüyü 37-ci illər repressiyasının qurbanı da hesab etmək olar.
Professor Cəlal Qasımov Azərbaycan hərb tarixinə dair dövrü mətbuatda dərc olunmuş sanballı məqalələrin müəllifidir, milli xüsusi xidmət orqanlarının keçdiyi 100 illik yolu ustalıqla tədqiq edib, "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" dərsliyinin müəllifi və tərtibçisidir. Onun "Yaddaşın repressiyası", "Bitməmiş istintaq", "Repressiyadan deportasiyaya doğru", "Məhbus tərcümeyi halı" kitabları keçmişimizin, tariximizin ən qaranlıq səhifələrinə işıq salır, milli mənliyimizin, məfkurəmizin məhv edilməsi üçün Sovet üsul-idarələrində yadellilərin, xüsusən də daşnakların ən çirkin niyyətlərə ən iyrənc vasitələrlə çatmaq istəklərini ifşa edən tutarlı mənbələrdir.   

Alimin "Azərbaycan folklorşünaslığı və Sovet totalitarizmi", "Ədəbi məhkəmələr", "Azərbaycan folklorşünasları" kitabları yeni və maraqlı faktlarla ədəbiyyat tariximizi zənginləşdirən nəşrlərdəndir. 

Ümumiyyətlə, professor Cəlal Qasımov öz geniş diapazonlu elmi yaradıcılığında təkcə nədən yazmağın yox, həm də necə yazmağın, faktdan məharətlə istifadə etməyin vacibliyini əsas götürürdü. Məntiqi sonluq elmi araşdırmalarının əsas meyarı idi. Professor Cəlal Qasımovun qısa ömür yolunda müstəqil dövlətçilik, tariximiz, elm və ədəbiyyat, milli şüurun oyanması, formalaşması, yaddaşımızın bərpası və daşlaşması naminə gördükləri işlər, apardıqları tədqiqat işləri illərlə tədqiq olunası zəngin və zəruri bir mənəvi irsdir.    

 





07.12.2021    çap et  çap et