525.Az

Daşkənddə "Nizami Gəncəvi və Əlişir Nəvai" konfransı


 

Daşkənddə "Nizami Gəncəvi və Əlişir Nəvai" konfransı <b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə keçirilən "Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri" çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində "Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir" adlı beynəlxalq konfrans keçirilib.

525.az Azərtac-a istinadən xəbər verir ki, konfransda universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Konfransa Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərib.

Tədbiri universitetin Özbək ədəbiyyatı tarixi və folklor kafedrasının müdiri professor Nurboy Jabborov açaraq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı haqqında danışıb. Bildirilib ki, Əlişir Nəvai "Xəmsə" yazmağa başlayanda Nizami Gəncəvini müəllimi hesab edib. Bu böyük şairləri 300 illik zaman ayırır. Şeyx Nizami "Xəmsə"ni farsca yazsa da, əsərlərində türk dəyərləri, türk ruhu hakimdir.

Universitetin prorektoru Zeynobiddin Abduraşidov iki ölkə arasında mədəni və ədəbi əlaqələrimizin inkişafından danışıb, AMM-in təşəbbüsü ilə Özbəkistanda Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilində çap olunmasını və Əlişir Nəvainin "Xəmsə"sinin Azərbaycanda tərcümə edilərək çap olunmasını hər iki ölkənin mədəni həyatında böyük hadisə adlandırıb. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqlarının ədəbiyyatımızın qürur mənbəyi və dünya poeziyasının ən gözəl nümunələri olduğunu vurğulayıb. O, Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimizin bu gün də uğurla davam etdiyini deyib.

S.Abbasov söyləyib ki, böyük Nizami Gəncəvinin "Xəmsə"si Özbəkistanda ilk dəfə çap olunub və böyük maraq doğurub və gələcəkdə tədqiqatçılar üçün gözəl mənbədir.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli bildirib ki, həm Azərbaycan, həm də Özbəkistan dünya ədəbiyyatı tarixinə böyük şair və filosoflar bəxş edib. Nizami Gəncəvi və Əlişir Nəvai də bunların sırasındadır. Bu dahi şairlərsiz nə Azərbaycan ədəbiyyatını, nə də Özbəkistan ədəbiyyatını təsəvvür etmək mümkündür.

Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov bildirib ki, Nizami Gəncəvi də, Əlişir Nəvai də müsəlman intibahının şairləridir. Bu şairlər heç bir fərq qoymadan ərəb fəlsəfəsindən də, Şərq poeziyasından da öyrəniblər. 

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri professor Ramiz Əskər deyib ki, Nəvai dörd divanı türkcə, birini isə farsca yazıb. Nizami Gəncəvidən sonra müxtəlif dövrlərdə 100-ə yaxın "Xəmsə" qələmə alınıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin "Xəmsə"ləri daha populyardır. Bu şairlərin üçü "Xəmsə"ni farsca, Əlişir Nəvai isə türkcə yazıb.

AMEA Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə "Nizami Gəncəvi "Xəmsə"sinin özbək dilinə tərcüməsi məsələləri", Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz "Nizaminin və Nəvainin əsərlərində müqayisəli təhlil", Ankara Milli Kitabxanasının şöbə müdiri professor Niyazi Unver "Nizami Gəncəvinin və Əlişir Nəvainin əlyazmalarının öyrənilməsi məsələləri", Özbəkistan Milli Universitetinin professoru Niqina Şirmuxammedova "Nizami Gəncəvinin "Xəmsə"sinin dünya fəlsəfəsi və ədəbiyyatındakı yeri" mövzularında məruzələr ediblər.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə kitabxanalarında saxlanılan nadir əlyazmaların surətlərinin elektron nüsxələri hədiyyə edilib.

 





07.12.2021    çap et  çap et