525.Az

"Amnistiya aktının mütəşəkkil icrası uğurla davam etdirilir" - Malik Ələkbərov


 

SUALLARIMIZI ƏDLİYYƏ NAZİRLİYİNİN CƏZALARIN İCRASINA NƏZARƏT ÜZRƏ MÜFƏTTİŞLİYİN RƏİSİ MALİK ƏLƏKBƏROV CAVABLANDIRIR

"Amnistiya aktının mütəşəkkil icrası uğurla davam etdirilir" -<b style="color:red"> Malik Ələkbərov</b>

- Malik müəllim, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüs əsasında 8 noyabr - Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul olunub. 5 noyabr tarixində qəbul edilən amnistiya aktı öz miqyasına və əhatə dairəsinə görə bu günə qədər qəbul edilən ən böyük amnistiya aktıdır. Amnistiya neçə min nəfəri əhatə edəcək ? 

- Həqiqətən də, Vətən müharibəsində tarixi qələbənin - Zəfər Gününün birinci ildönümü ilə bağlı qəbul edilən və böyük tarixi əhəmiyyətə malik bu Qərar müstəqillik dövründəki amnistiya qərarları sırasında öz əhatə dairəsinə görə ən geniş qərardır.

Vətən müharibəsi dövründə möhkəm iradə göstərən, vahid amal uğrunda birləşib səfərbər olan Azərbaycan xalqının qələbə ruhunu Zəfər Günündə daha da artırmaq, insanların dövlətimizə inam və etimadını daha da möhkəmləndirmək məqsədilə ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclis 05.11.2021-ci il tarixdə "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul etməklə ölkəmizin ədalət prinsipinə sadiqliyini bir daha nümayiş etdirdi. Bu sənəd son dövrün ən böyük amnistiya aktı hesab edilməklə, dövlətimizin növbəti humanist addımı kimi qiymətləndirilir.

Qeyd olunmalıdır ki, hazırkı vaxtadək qəbul olunan 11 amnistiya aktı 117707 şəxsə şamil olunmuşdur. İndiyə qədər amnistiya tətbiq olunmuş ən böyük göstərici bundan əvvəlki, yəni "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 20.05.2016-cı il tarixli Qərar üzrə olunub ki, bu da 11000-ə yaxın şəxsi əhatə etmişdir. Hazırkı amnistiya qərarının dairəsinə düşən şəxslərin böyük bir hissəsinin penitensiar müəssisələrdə cəza çəkən və probasiya qeydiyyatında olan məhkumlara şamil ediləcəyi proqnozlaşdırılır. Belə ki, Penitensiar xidmət üzrə cəzaçəkmə müəssisələrində amnistiya aktının təsiri altına kifayət qədər məhkumun düşməsini, Probasiya xidməti üzrə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər, cərimə və digər cəzalara məhkum olunmuş şəxslərin də çoxluq təşkil etməsini, həmçinin, məhkəmə, istintaq, təhqiqat orqanları və intizam xarakterli hərbi hissə komandanlıqları tərəfindən də tətbiq ediləcəyini nəzərə alsaq, hazırkı amnistiya aktının 17000-ə yaxın şəxsə tətbiq ediləcəyi gözlənilir. 

- Hazırda amnistiya aktının icrası prosesi necə həyata keçirilir?

- Amnistiya aktının müəyyən olunan qaydada mütəşəkkil və dürüst icrasını təmin etmək məqsədilə qərar qəbul olunduğu gün ədliyyə naziri tərəfindən əhatəli əmr imzalanıb, əmr aidiyyəti sənədlərlə birlikdə toplu şəklində nəşr edilərək bütün ədliyyə orqanlarına göndərilib. Əmrə əsasən, Penitensiar və Probasiya xidmətlərində işçi qruplar formalaşıb, amnistiyanın təsiri altına düşən məhkumların dairəsi qısa müddətdə müəyyənləşdirilərək onların şəxsi işləri öyrənilib, aidiyyəti prokurorluq orqanları ilə işgüzar əlaqələr qurulub. Penitensiar və Probasiya xidmətləri tərəfindən Qərarın tətbiqi qaydalarına uyğun olaraq amnistiyanın təsir dairəsinə düşən şəxslər barəsində qanunla onlara verilmiş səlahiyyətlər çərçivəsində aidiyyəti məhkumların təyin edilmiş cəzalardan azad edilməsi üçün tədbirlər görülür, amnistiya tətbiqinə dair qərarlar müvafiq prokurorlarla razılaşdırılır və məhkəmələrə təqdimatlar verilir.

Zəruri hazırlıq işlərinin qabaqcadan həyata keçirilməsi nəticəsində amnistiya aktının icrasına dərhal başlanılıb və ilk gündə, noyabrın 6-da penitensiar müəssisələrdə cəza çəkən 36 məhkum müəyyən olunan qaydada cəzadan azad edilərək azadlığa buraxılıb. Artıq amnistiya aktının qəbulundan 1 ay ötür, bu günə kimi hər iki xidmət tərəfindən 3700-dən yuxarı məhkuma amnistiyanın tətbiq olunması təmin edilib. Onların böyük əksəriyyəti cəzaçəkmə yerlərindən azadlığa buraxılaraq zəruri sənədlərlə təmin edilib, azadlığa çıxan ehtiyacı olan şəxslərin reabilitasiyası (amnistiya aktında nəzərdə tutulan qaydada) və məhkumluqlarının götürülməsi üçün müvafiq tədbirlər görülüb. Nazirliyin İstintaq idarəsinin icraatında olan işlər üzrə 4 nəfər şəxs barəsində cinayət təqibinə xitam verilib.   

Bununla yanaşı, qərarın icrasına gündəlik nəzarətin təmin olunması, habelə amnistiyanın tətbiqi ilə bağlı şikayətlərin operativ, hərtərəfli və prinsipial araşdırılıb qanunamüvafiq tədbirlər görülməsi məqsədilə Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət Monitorinq qrupu yaradılıb, aktın icrası xüsusi nəzarətə götürülüb, onun tətbiqində süründürməçilik, əsassız imtina və qanunsuz tətbiq edilməsi ilə bağlı müraciətlərə qısa müddət ərzində baxılması və maneələrin dərhal aradan qaldırılması, pozuntuya yol vermiş əməkdaşlar barəsində ciddi tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Yeri gəlmişkən, yuxarıda qeyd edilən əmrlə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə tətbiq olunan karantin rejimi qaydalarına riayət etməklə kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyəti, o cümlədən, İctimai Komitənin, Ombudsmanın nümayəndələri dəvət edilməklə amnistiyanın tətbiqi mərasimlərinin təşkil edilməsi, amnistiyanın humanist mahiyyəti və əhəmiyyətinin məhkumlara, onların yaxınlarına, həmçinin, ictimaiyyətə çatdırılması üçün geniş maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar da verilib, bununla əlaqədar noyabrın 11-də "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbir zamanı nazirliyin aidiyyəti məsul əməkdaşları tərəfindən amnistiya aktının mahiyyəti, xüsusiyyətləri, həmçinin, tətbiqi qaydaları ilə bağlı ictimaiyyəti maraqlandıran çoxsaylı suallar cavablandırılıb, habelə məhkum və həbs edilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilibdir. Dövlət başçısının bu humanist təşəbbüsü ilə bağlı verilmiş geniş təbliği xarakterli açıqlamalar böyük ictimai marağa səbəb olub və bununla bağlı KİV-də, internet resurslarında məlumatlar yayılıb. Eyni zamanda, amnistiya aktının vətəndaşlar arasında geniş izahının təşkili məqsədilə nazirliyin rəsmi internet, eləcə də sosial media platformasındakı səhifələrində müvafiq məlumatlar yerləşdirilib. Hazırda amnistiya aktının mütəşəkkil icrası istiqamətində işlər uğurla davam etdirilir.

- Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların icrası məcəllələrinin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları, məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti bu Amnistiya Aktının hansı hissəsini icra edir?

- Amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə, habelə, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxslər, azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan məhkumlar müəyyənləşdirilir və qeyd olunduğu kimi, həmin şəxslər barəsində müvafiq qərarlar qəbul edilməklə onlar cəzadan azad olunurlar. Eyni zamanda, amnistiya qərarında 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və bu Qərar qüvvəyə mindiyi günədək cəzalarının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər də müəyyənləşdirilərək onların cəza müddətlərinin 6 ay azaldılması üçün müvafiq məhkəmələrə təqdimatlar göndərilir və məhkəmələrin qərarları ilə həmin şəxslər barəsində amnistiya tətbiq edilərək onların cəza müddətləri azaldılır. Bununla əlaqədar amnistiya aktının IV bölməsində amnistiyanın tətbiqi qaydaları təsbit edilmişdir və aktın müvafiq bəndlərinə uyğun olaraq bütün penitensiar müəssisələrdə məhkumların şəxsi işləri, məhkəmə hökmləri diqqətlə öyrənilir, zərurət yarandıqda əlavə sənədlər toplanılır, müəssisə rəhbərləri tərəfindən amnistiya aktının tətbiqi barədə qərarlar qəbul edilərək razılaşdırılması üçün prokurorlara təqdim olunur və ya məhkəmələrə əsaslandırılmış təqdimatlar verilir. Amnistiyanın tətbiq edilməsi hüququ yaranmış hər bir məhkuma bu aktın tətbiq edilməsi üçün təxirəsalınmadan tədbirlər görülür, bu iş şəffaf və operativ təşkil olunub, tam əminliklə demək olar ki, heç kim kənarda qalmayacaq.  

- Probasiya xidmətinin burada əsas rolu nədən ibarətdir?

- Bildiyiniz kimi, Probasiya xidmətinin əsas fəaliyyət istiqamətləri azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) icrasını, bu cəzalara məhkum edilmiş şəxslər, həmçinin, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil etmək və digər vəzifələrin icrasından ibarətdir.

Qeyd etmək lazımdir ki, amnistiya qərarı belə məhkumlardan da yan keçməyib. Belə ki, bu qərarın böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi (bu qərar qüvvəyə mindiyi günədək) 1 ildən artıq olmayan şəxslərə, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş şəxslərə, əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş şəxslərə, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslərə şamil edilməsi nəzərdə tutulur. Həmçinin, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər də amnistiyanın təsir dairəsinə düşür. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəzanın 1 il azaldılması və əsas cəzadan azad edilən şəxslərin əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasından azad edilmələri də amnistiya qərarında öz əksini tapıb. Probasiya xidməti tərəfindən də Penitensiar xidmətdə olduğu kimi qeydiyyatda olan məhkumların şəxsi işləri diqqətlə öyrənilir, amnistiya aktının tətbiqi barədə müvafiq qərarlar qəbul edilərək razılaşdırılması üçün prokurorlara təqdim olunur və tətbiqi məhkəmələrin səlahiyyətlərinə aid olan işlərə baxılması üçün məhkəmələrə əsaslandırılmış təqdimatlar verilir.   

- Malik müəllim, amnistiya aktının icrasının 4 ay müddətinə başa çatdırılması tələbi qoyulub. Prosesi daha tez, 1-2 ay müddətində yekunlaşdırmaq mümkündürmü?

- Amnistiya qərarının 34-cü hissəsinə uyğun olaraq qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir. Qeyd olunduğu kimi, amnistiya aktının 17000-ə yaxın şəxsə tətbiq edilməsi proqnozlaşdırılıb. Bu, kiçik göstərici deyil, hər bir şəxs barəsində aidiyyəti orqanlar tərəfindən araşdırma aparılmalı, müvafiq sənədlər öyrənilməli, qərarlar və təqdimatlar hazırlanmalı, prokurorluqla razılaşdırılmalı, məhkəmə qərarı ilə tətbiq edilmə hallarında isə məhkəmə prosesləri keçirilməlidir. Hər bir məhkum haqqında sənədləşdirilmə işlərinin aparılması kifayət qədər vaxt aparır və bu işdə tələskənliyə, səhvə yol vermək olmaz. Amnistiya aktının tətbiq dairəsi geniş olduğuna görə göstərilən səbəblərdən bu prosesin 1-2 ay müddətində yekunlaşdırılması mümkün deyil. Yuxarıda qeyd olunan əmrdə cəza çəkən və amnistiya aktı tətbiq edilməli şəxslərin dairəsinin dəqiq müəyyən olunması, şəxsi işlərin diqqətlə öyrənilməsi və aktın tətbiq edilməsi barədə qərar və təqdimatların və digər sənədlərin hazırlanaraq aidiyyəti prokurorluq və məhkəmə orqanlarına müraciət edilməsi, amnistiyanın tətbiqi məsələsinin həlli üçün zəruri sənədlərin qərara əlavə edilməsi ilə bağlı xüsusi göstəriş var. Eyni zamanda, bəzi məhkumlar barədə, onlar da çoxluq təşkil edir, onların əvvəlki məhkumluğu, amnistiya və əfv etmə aktları ilə qəsdən törədilən cinayətlərə görə cəzaçəkmə müəssisələrindən azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunan və yenidən qəsdən cinayət törədən şəxslər barədə məlumatlar müvafiq orqanlardan tələb olunmalıdır. Həmçinin, amnistiya aktının 1-ci hissəsində göstərilən normaların (Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər, Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olan və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları və digər məhkumlara aid olub-olmamasını müəyyən etmək də kifayət qədər vaxt aparan işdir. Qeyd etmək yerinə düşər ki, aidiyyəti sənədlərin toplanması və əldə edilməsi üçün məhkumlara ədliyyə əməkdaşları tərəfindən köməklik göstərilir, qanunvericiliyin tələbləri izah olunur və digər işlər həyata keçirilir. 

Maraqlı məqamlara da toxunmaq istərdik. Amnistiya Cinayət Məcəlləsinin 321.1-ci (hərbi çağırışdan yayınma), 333.1-333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) və 334.1-ci (fərarilik) maddələrində nəzərdə tutulan cinayətləri amnistiya qərarı qüvvəyə mindiyi günədək törətmiş şəxslərə dörd ay müddətində onların könüllü gəlmələri və tutulduqları hallarda da şamil edilməsi nəzərdə tutulur. Həmçinin, əvvəlki amnistiya aktına əsasən, maddi ziyanı tam ödəməmiş şəxslərə amnistiya tətbiq edilmədiyi halda, hazırkı qərarda fərqli mövqe nümayiş etdirilən və belə şəxslərə bu Qərar tətbiq olunanadək (qüvvəyə mindiyi gündən 4 ay müddətində) maddi ziyanın ödənilməsi ilə amnistiyanın təsiri altına düşməsi imkanı yaradılıb. 

- Bu amnistiya aktında əsas müddəalardan biri də Xocalı soyqırımında əlil olmuş şəxslərə, həlak olan və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslərə, Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil olunmasıdır. Məhz bu müddəa təxminən neçə nəfəri əhatə edəcək?

- Hələ ki bu rəqəmi dəqiq göstərə bilmirik, çünki sənədlər tələb olunur, yenidən işlənilir. Nəzərə almaq lazımdır ki, qanuna əsasən, babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr yaxın qohum hesab edilir. Cəzaçəkmə yerlərində məhkumların özlərinin və qeyd olunan geniş əhatəli yaxın qohumlarının həmin müddəaların təsiri altına düşüb-düşməməsi dəqiq yoxlanılır və nəticəsindən asılı olaraq aidiyyəti tədbirlər görülür.    

- Amnistiya aktının tətbiq edilməsi ilə bağlı müraciətlər qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən hazırlanıb təqdim edilir. Ayrı-ayrı şəxslər də, cinayət məsuliyyətinə cəlb olunanlar, məhkumların vəkilləri, yaxınları da cəza çəkənlərə amnistiyanın tətbiq edilməsi üçün müraciət edə bilərmi? 

- Azərbaycan Respublikası Konstitusiyasına əsasən, vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir (maddə 57). 

Bildiyiniz kimi, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində qəbul edilir, yəni bu aktda əfv sərəncamından fərqli olaraq konkret olaraq amnistiya tətbiq olunmalı olan şəxslər sadalanmır, yalnız aktda göstərilən müəyyən normaların təsiri altına düşən şəxslərə ayrı-ayrılıqda tətbiq edilir. Məhkumların amnistiya aktının tətbiqi ilə bağlı ərizələrinə cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq operativ baxılması üçün Penitensiar və Probasiya xidmətlərinə əsaslandırılmış mülahizələrin hazırlanması və təxirə salınmadan aidiyyəti məhkəmələrə təqdim olunması tapşırılıb. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin amnistiya tətbiqi ilə bağlı ərizələrinə də istintaq orqanlarında baxılır. 

Qeyd etmək istərdim ki, qanunvericilikdə amnistiya tətbiq edilməli olan şəxslərin vəkillərinin və ya yaxınlarının hər hansı müraciətlərinə məhdudiyyət nəzərdə tutulmayıb. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada baxılması və əsaslandırılmış cavab verilməsi təmin edilir.  

- Cinayət məsuliyyətinə cəlb olunanlar, məhkumların vəkilləri, yaxınları cəza çəkənlərə amnistiyanın tətbiq edilməsi üçün hansı əlaqədar müvafiq quruma müraciət etməlidir? Bu prosesə hansı komissiya və ya müvafiq qurum nəzarət edir?

- Amnistiya aktının icrası cəzaçəkmə müəssisələri, icra məmurları, təhqiqat və ya istintaq orqanları, intizam xarakterli hərbi hissə komandanlıqları və məhkəmələr tərəfindən həyata keçirilir. Məhkum edilmiş şəxslərə amnistiyanın tətbiq edilməsi Ədliyyə Nazirliyinin struktur qurumları olan Penitensiar və Probasiya xidmətləri tərəfindən həyata keçirildiyindən həmin qurumlara, o cümlədən, Ədliyyə Nazirliyinin özünə də müraciət oluna bilər. Ümumiyyətlə məhkumların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı müraciət etmək hüququ qanunvericiliklə tənzimlənir, onların bununla bağlı müvafiq dövlət orqanlarına və məhkəmələrə müraciət etmək, müraciətlərinin nəticəsindən razı olmadıqları halda yuxarı dövlət orqanlarına və yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüquqları vardır ki, onlar bu hüquqları birbaşa, qanunla müəyyən edilmiş qaydada vəkilləri və digər nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.   

Bir daha vurğulamaq istərdim ki, amnistiya aktının ədliyyə orqanlarında icrasına gündəlik nəzarətin təmin olunması məqsədilə nazirliyin məsul əməkdaşlardan ibarət Monitorinq qrupu fəaliyyət göstərir və bu istiqamətdə daxil olunan bütün müraciətlər dərhal araşdırılaraq müvafiq tədbirlər görülür. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında vətəndaşlardan daxil olan hər bir müraciət, eləcə də müraciətə baxılmasının nəticələri Nazirliyin rəhbərliyinə məruzə edilir. Bu sahədə işlər davam etdirilməkdədir.

Sevinc QARAYEVA

 





08.12.2021    çap et  çap et