525.Az

ABŞ-dan Çinə zərbə - Xaqani Cəfərlinin şərhi


 

ABŞ-dan Çinə zərbə -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

ABŞ rəsmiləri gələn ilin 4-20 fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılışına qatılmayacaqlar. Vaşinqton bu addımını Çində müsəlman uyğurlara qarşı həyata keçirilən repressiya ilə əlaqələndirib. Məlum olduğu kimi, Vaşinqton Pekinin müsəlman uyğurlara qarşı siyasətini soyqırım kimi tanıyıb və bununla ABŞ-la Çin arasında "soyuq müharibə" dövrü başlayıb. Buna görə də Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının ABŞ rəsmiləri tərəfindən boykot edilməsi gözlənilən idi. Pekin isə Vaşinqtonun bu addımının presedentə çevriləcəyindən ehtiyatlanır. Məlum olduğu kimi, Böyük Britaniya və Kanada da ABŞ-ın ardınca Pekinin müsəlman uyğurlara qarşı siyasətini soyqırım kimi tanıyıb. Çox böyük ehtimalla, London və Ottava da Vaşinqtonun ardınca Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot qərarı verəcəklər. Bəzi Avropa ölkələrinin də oxşar addım atacağı istisna olunmur. Buna görə Pekinin cavabı da sərt olub. Çin rəsmiləri bəyan ediblər ki, ABŞ rəsmiləri Qış Olimpiya Oyunlarına dəvət edilmədikləri üçün onların tədbiri boykot etmələri də mümkün deyil.

Co Bayden administrasiyasını sərt addım atmağa vadar edən məqamlardan biri də Konqresdə Çinə münasibətdə sərt xətt tərəfdarı olan ortaq mövqenin formalaşmasıdır. Konqresdəki hər iki partiyanın Çinə qarşı vahid mövqeyi yaranıb. Bu mövqe Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən də dəstəklənir. Ona görə də Co Bayden administrasiyası Qış Olimpiya Oyunlarının boykot edilməsi qərarı verib.

Olimpiya Oyununlarının boykot edilməsi ənənəsi əvvəllər də müşahidə olunub və beynəlxalq münasibətlərdəki gərginliyin nəticəsi olaraq meydana çıxıb. ABŞ bundan öncə 41 il əvvəl, 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarını boykot etmişdi. O zaman dövlət rəsmiləri ilə yanaşı, idmançılar da Moskva Olimpiya Oyunlarını boykot etmişdilər. Ancaq bu dəfə idmançılar Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəklər. Belə demək olar ki, Vaşinqton qismən boykot qərarı verib. Ancaq bu qismən boykot da Çin üçün zərbədir. Bu addımla ABŞ Çinlə məsafəli davrandığını, ona etimad etmədiyini və üstəlik, ölkəni soyqırımda ittiham etdiyini nümayiş etdirir. Çində anlayırlar ki, ABŞ-ın belə addımları biznes dünyasında narahatlıq doğurur. Çünki belə diplomatik addımlar bir qayda olaraq iqtisadi sanksiyaların xəbərçisi olur. Biznes dünyası Vaşinqtonun Çinə qarşı sanksiyalar tətbiq edəcəyindən ehtiyatlanır. Sanksiya qorxusu isə Çin iqtisadiyyatına sərmayə qoymağa mane olur. İqtisadiyyatı ciddi problemlə üzləşmiş Çin Vaşinqtonun sanksiyalarının nə qədər ağrılı ola biləcəyini anlayır. Buna görə ABŞ rəsmilərinin gələn ilin 4-20 fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının boykot etməsi Çində ciddi narahatlıq yaradıb.

Çinlə həmrəylik nümayiş etdirən avtoritar ölkələr isə ABŞ-ı idmanı siyasiləşdirməkdə qınayırlar. Bu ittihamda müəyyən həqiqət də var. Məsələ ondan ibarətdir ki, cəmiyyət həyatının bütün sahələri bir-biri ilə bağlıdır və idmanın siyasətin təsirindən kənarda olması da mümkün deyil. İdman yarışlarından, xüsusilə ilə də Olimpiya Oyunlarından reklam məqsədi ilə istifadə etməyə çalışan Çinin arzuları belə görünür ki, tam gerçəkləşməyəcək.

 





08.12.2021    çap et  çap et