525.Az

Avropa soyuqdan donmaq təhlükəsi ilə üz-üzə - Xaqani Cəfərli yazır


 

Avropa soyuqdan donmaq təhlükəsi ilə üz-üzə -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Qış mövsümünün cəmi ilk həftəsi arxada qalsa da, artıq Avropanın qaz anbarlarındakı ehtiyatın 25 faizi istifadə olunub. Ümumiyyətlə, qış mövsümünün başlanğıcında Avropanın qaz anbarlarına son 10 ilin ən aşağı səviyyəsində - 77 faiz və ya 82 milyard kubmetr qaz doldurulmuşdu. Üstəlik, Avropada havalar qış mövsümündən əvvəl soyumağa başladı. Əgər qış ötən illərə nisbətən daha soyuq keçsə, daha çox qaza ehtiyac olacaq. Digər tərəfdən, Avropanın qaz təminatında gözlənilməz fasilələrin yarana biləcəyi təhlükəsi də mövcuddur.

Avropa ölkələrində vəziyyət eyni dərəcədə deyil. Baltikyanı respublikaların qaz anbarları 80 faizdən artıq doldurulduğu halda, Avstriyada bu göstərici 51, Niderlandda 55, Portuqaliyada 59 faizdir.

Avropanın qaz anbarlarında qıtlığın yaranmasının bir neçə səbəbi var. Birincisi, ötən qış havalar soyuq, yay isə isti keçdiyi üçün həmişəkindən daha çox yanacaq istifadə olunub. Məsələ ondan ibarətdir ki, yayda havalar çox isti keçdiyindən kondisionerlərdən daha çox istifadə olunub. Elektrik enerjisi istehsalı üçün daha çox yanacağa ehtiyac yaranıb və buna görə anbarlardan qaz istifadəsi də artmışdı. Bundan əlavə, pandemiyanın yaratdığı böhrandan sonra iqtisadi canlanma fonunda Avropada qaza tələbat da artmışdı. Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermansın açıqlamasına görə, Avropa Birliyinin enerji resurslarına tələbatı son 25 ildə maksimum həddə çatıb.

Enerji daşıyıcılara tələbatın artması isə qiymətlərin yüksəlməsinə səbəb olub. Oktyabrda qazın birja qiyməti bir neçə dəfə tarixi rekordları yenilədi, oktyabrda isə hətta 1000 kubmetr üçün 1969 dollara qədər yüksəldi.

Avropadakı qaz qıtlığına görə tənqid hədəflərindən biri də Rusiyanın qaz nəhəngi "Qazprom"dur. Avropa Birliyinin rəsmiləri "Qazprom"u qaz təminatını qəsdən kəsməkdə və bazarı manipulyasiya etməkdə günahlandırırlar. Avropa Komisiyyasının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni bildirib ki, Rusiya 2021-ci ilin oktyabr-noyabr aylarında Avropa İttifaqı ölkələrinə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz az qaz ixrac edib. Litvanın energetika naziri Divis Kreivis bildirib ki, Rusiya ixracatı azaltmaqla Almaniya və digər Avropa ölkələrinə təzyiq göstərməyə çalışır. Məqsəd isə "Şimal axını 2" qaz kəmərinin tezliklə işə salınmasına nail olmaqdır. Çünki ABŞ-da "Şimal axını 2" qaz kəmərinə qarşı sanksiya tətbiq olunması tələbləri artıb, bununla bağlı hərbi büdcə haqqında qanun layihəsinə xüsusi maddə də daxil edilib. Buna görə də Rusiya sanksiya tətbiq edilməmiş "Şimal axını 2" qaz kəmərini işə salmaq istəyir. Digər tərəfdən, Almaniyanın yeni hökumətinin sələfindən fərqli mövqe tutmaq təhlükəsi də var. Bunun üçün də Rusiya Almaniyaya təzyiqi artırımağa çalışır.

"Qazprom" və Rusiya rəsmiləri qaz tədarükü ilə bağlı bütün ittihamları rədd edir və yaranmış vəziyyəti qəzalarla izah etməyə çalışırlar. Ekspertlər Rusiya rəsmilərinin səbəb kimi göstərdiyi qəzaların əslində, görüntü olduğunu, həqiqətdə isə "Qazprom"un hasilatı azaltmaqla daha az qaz ixrac etdiyini bildirirlər. Rusiya rəsmiləri 2021-ci ilin yanvar-iyun aylarında Rusiyadan Avropaya qaz ixracatının ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyard kubmetr artdığını bildirirlər. Rusiya rəsmilərinə görə, "Qazprom"dan fərqli olaraq digər təchizatçılar ixracı artırmayıb. Bütün bu qarşılıqlı ittihamlar əslində, yaranmış vəziyyəti dəyişmir. Avropa soyuq qış qarşısında qaz qıtlığı ilə üzləşib və qarşılıqlı ittihamlar anbarlarda qazın artmasına səbəb olmur.

Ancaq ən təhlükəlisi də bu deyil. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı iddialar o qədər artıb ki, müharibə qaçılmaz kimi görünür. Rusiyanın Ukrayna ilə sərhəddə əsgər sayını hər ötən gün artırır. Son məlumatlara görə, hazırda Ukranya sərhədində Rusiyanın 105 mindən artıq əsgəri cəmlənib. Halbuki bir neçə gün öncə sərhəddə 90 min əsgərin mövcudluğu haqqında məlumatlar vardı. ABŞ, Böyük Britaniya və Ukrayna hərbi kəşfiyyatının məlumatlarına görə, Rusiya qonşu ölkə ilə sərhədinə 175 minlik ordu cəmləşdirmək və yanvar ayının sonu, fevral ayının əvvəllərində hərbi müdaxiləyə başlamaq niyyətindədir. Siyasi təhlilçilər yanvar ayının sonu, fevral ayının əvvəllərinin təsadüfən seçilmədiyi qənaətindədirlər. O zaman Avropanın qaz anbarları faktiki olaraq boşalacaq. Rusiya qaz ixracatını bir neçə günlüyə dayandırsa, Avropanın soyuqdan donma ehtimalı yaranacaq. Bu zaman Ukraynaya müdaxiləyə görə Avropanın Rusiyaya qarşı həmrəylik göstərib vahid mövqedən çıxış etməsi mümkün olmayacaq.

Maraqlı digər məqam ondan ibarətdir ki, Ukrayna Rusiyanın hərbi müdaxiləsinə məruz qalacağı halda öz ərazisidən qaz tranzitini dayandıra bilər. Polşanın Ukrayna ilə həmrəylik göstərib Rusiya qazının tranzitini dayandırması da istisna edilmir. Əgər bu iki ölkədən biri öz ərazisindən qaz tranzitini dayandırsa, Avropanın soyuqdan donma ehtimalı gerçəkləşəcək. Əlbəttə, zəngin Avropa ölkələri bu poblemi müxtəlif mənbələrdən qaz və daş kömür tədarükünü artırmaqla həll etməyə cəhd göstərəcəklər. Ancaq qısa zamanda bu problemi həll etmək çətin olacaq. Üstəlik, Rusiyanın qaz ixracatı azalsa, qiymətlər kəskin yüksələcək. Ona görə də Avropa paytaxtlarında Rusiya-Ukrayna sərhədində baş verənləri narahatlıqla izləyirlər. Şaxtalar sərtləşdikcə isə Avropa paytaxtlarında narahatlıq da artır. Soyuqdan donma təhlükəsi bir kabus kimi Avropanın üzərinə çöküb. Bu kabus uzun müddət Avropanın üzərində qalacaq. 

 





08.12.2021    çap et  çap et