525.Az

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı - Əsəd Quliyev yazır


 

AKADEMİK ƏBDÜLVAHAB SALAMZADƏNİN 105 İLLİK YUBİLEYİNƏ

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı -<b style="color:red"> Əsəd Quliyev yazır</b>

Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

"Xalq memarlığı sözün əsl mənasında, zəngin, tükənməz folklordur. Ondan bütün dövrlərdə səmərəli istifadə mümkündür" - deyirdi o. Azərbaycan sənətşünaslıq məktəbinin tanınmış simalarından, memarlıq tariximizin tədqiqi və araşdırılması istiqamətində aparmış olduğu elmi fəaliyyəti, memarlıq abidələrinin bərpa və rekonstruksiyası sahəsində yaddaqalan əməllər sahibi olub, həmçinin, memarlıq abidələrinin müəllifi kimi adını incəsənət tariximizə əbədi həkk etmiş akademik Əbdülvahab Rəhim oğlu Salamzadə (1916-1983) haqqındadır bu yazımız.

Qədim Şamaxı şəhərində dünyaya göz açan Ə.Salamzadə hələ 2 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçürlər. Orta təhsilini bitirdikdən sonra, Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində təhsil alır (1933-1939). O, 1939-1944-cü illərdə "Azərdövlətlayihə"də memar, Xalq Kommunal Təsərrüfatı Kommisarlığında və Azərbaycan Sənaye Şurasında baş mühəndis vəzifələrində çalışmışdı. 1944-cü ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda aspirant olan Ə.Salamzadə ömrünün sonuna kimi orada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və direktor müavini vəzifələrində uğurlu fəaliyyət göstərmişdi.

Akademik Ə.Salamzadə ömrünü Azərbaycan memarlıq sənətinə həsr etmişdi. O, memarlıq sənətimizin tədqiqi və tarixinə, qədim memarlıq abidələrimizin bərpası və rekonstruksiyasına dair fundamental elmi əhəmiyyətə malik monoqrafiya və kitabların müəllifi olmuşdu. Sənətşünas alim "Azərbaycanın günbəzli məqbərələrinin memarlığı" (1948) mövzusunda namizədlik, "XVI-XIX əsrlər Azərbaycan memarlığı" (1965) mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə etmişdi. 1967-ci ildə professor elmi dərəcəsi almış alim, AMEA-nın müxbir üzvü (1968) və həqiqi üzvü (1983) seçilmişdi. O, həmçinin, Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdu (1976-1984).

Ə.Salamzadənin əsas elmi araşdırma və tədqiqatlarını özündə əks etdirən nəşr olunmuş monoqrafiya və kitablarına nümunə kimi "Azərbaycan memarlıq abidələri. Naxçıvan MSSR abidələri" (L.Bretanitski ilə birlikdə, 1951), "Abidələr danışır" (1952), "Azərbaycan memarlıq abidələri" (1958), "XVIII-XIX əsrlərdə Azərbaycanın yaşayış binaları" (Ə.Sadıqzadə ilə birlikdə, 1961), "Azərbaycan memarlıq tarixi" (M.Hüseynov, L.Bretanitski ilə birlikdə, rus dilində, Moskva, 1963),"Əcəmi Əbubəkr oğlu Naxçıvani" (1976), "Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri" (1976), "Azərbaycan incəsənəti" (müştərək, 1977), "Araz boyu abidələr" (K.Məmmədzadə ilə birlikdə, 1979), "Azərbaycanın tarixi şəhərlərinin qorunub saxlanması və bərpası problemləri" (E.Avalov və R.Salayeva ilə birlikdə, rus dilində 1979), "İçərişəhərin əsas planı və onun regenerasiya əsasları" (rus dilində, 1981), "Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri" (K.Məmmədzadə ilə birlikdə, 1985), "Şəkinin memarlıq abidələri" (1987) və başqalarını qeyd etmək olar. 

Ə.Salamzadə, həmçinin, səmərəli pedaqoji fəaliyyət göstərmiş, ölkəmizdə sənətşünaslıq elminin formalaşması və inkişafına, peşəkar sənətşünas kadrların yetişməsinə əmək sərf etmişdi. Alim bu barədə deyirdi: "Mən çox sevinirəm ki, 1940-cı illərdə Azərbaycan Dövlət Universitetində dərs dediyim bir sıra sənətşünaslar indi respublikamızda sənətşünaslığımızın özəyini təşkil edirlər. Ölkəmizin elm və tədris ocaqlarında müvəffəqiyyətlə elmi-tədqiqat işləri ilə məşğuldurlar. Bunlardan sənətşünaslıq üzrə Kərim Kərimovu, Nəsir Rzayevi, Cəmilə Novruzovanı, Rəfiqə Kərimovanı, Nadir Zamanovu, memarlıq tarixi sahəsində Vidadi Muradovu, Elturan Avalovu, Nərgiz Əsgərovanı, Roza Salayevanı və başqalarını göstərmək olar".
Akademik Ə.Salamzadənin elmi və bədii yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olmaq üçün onun elmi əsərləri, müəllifi olduğu memarlıq abidələri ilə tanış olmaq və həmçinin, onunla birgə çalışmış, dostluq etmiş şəxslərin, elmi rəhbəri olduğu davamçılarının xatirə və yazılarını nəzərdən keçirməklə nail olmaq mümkündür. Tanınmış sənətşünas alim, memar və sənət adamları alimin həyat və yaradıcılığı haqqında yüksək fikirlər söyləyib, yazılar dərc ediblər. Ə.Salamzadənin nəşr olunmuş monoqrafiya və kitabları barədə çoxsaylı resenziyalar dərc edilib.

Akademik Mikayıl Hüseynov "Görkəmli alim" adlı məqaləsində - Ə.Salamzadənin elmi-tədqiqat əsərləri bir qayda olaraq faktik materialın zənginliyi, abidələrə və incəsənət əsərlərinə verilən qiymətin obyektivliyi, bədii təhlilin və elmi ümumiləşdirmələrin dərinliyi ilə fərqlənir - deyə vurğulayırdı.  "Ə.Salamzadə çoxcildli "Azərbaycan incəsənəti tarixi"nin birinci cildini imzalayıb nəşriyyata göndərəndə bir uşaq sevinci ilə gülümsəyib bildirdi ki, qalan cildlər də yazılıb tamamlanmışdır, nəşrə hazırlanır" - bu fikirləri akademik Məmməd Cəfər "Unudulmaz sənətşünas" adlı xatirə yazısında qeyd edirdi. Burada vurğulamaq yerinə düşər ki, vaxtı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən hazırlanmış beş cildlik Azərbaycan incəsənəti adlı kitablar nədənsə indiyədək nəşr olunmayıb.

AMEA-nın müxbir üzvü K.Kərimov yazırdı: "Ə.Salamzadə Azərbaycan sənətşünaslığında yeni istiqamət, yeni cığır açmışdır. Azərbaycan memarlığı tarixində ilk olaraq Aran memarlıq məktəbinin mövcudluğunu əsaslandırmaqdan daha böyük kəşf olarmı..."

"Ə.Salamzadə Azərbaycan xalqının çoxəsrlik bədii irsinə yaxşı bələddir. Heç də təsadüfi deyil ki, onun elmi əsərlərində təsviri və dekorativ divar rəsmləri və klassik miniatür sənətimizin tarixi, görkəmli sənətkarlarımızın yaradıcılıq fəaliyyəti öz əksini tapmışdır. Alimin ardıcıl axtarışları nəticəsində, keçən əsrlərdə yaşayıb-yaratmış onlarla memarın, nəqqaşın, xəttatın adı aşkara çıxarılmışdır" - bu cümlələr isə sənətşünaslıq doktoru Mürsəl Nəcəfov və memarlıq doktoru Nəriman Əliyevin düşüncələrindəndir. Sənətşünas alim haqqında yuxarıda qeyd olunan fikirlər bir daha sübut edir ki, Ə.Salamzadə Azərbaycan təsviri sənət tarixində unudulmaz fəaliyyəti ilə özündən sonra zəngin irs qoyub. 

Alimin çoxşaxəli elmi, bədii və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982) və Dövlət mükafatına (1984) layiq görülüb.

Akademik Ə.Salamzadənin çoxşaxəli elmi və bədii yaradıcılıq irsi incəsənət tariximizdə özünə əbədi yer qazanıb. Alimin memarlıq tarixi, bərpa və rekonstruksiya istiqaməti üzrə dəyərli elmi əsərləri və həmçinin, müəllifi olduğu memarlıq abidələri var olduqca, o da daim xatırlanacaq. Tarixi Zəfər ilində Ə.Salamzadənin E.Kanukovla birgə memarı olduqları Vaqifin Şuşa şəhərindəki möhtəşəm məqbərəsi (1982) bərpa olunaraq, özünün əvvəlki əzəmətinə qovuşdu. Bu, bir daha sübut edir ki, sənətkar öz işıqlı əməlləri ilə ölməzdir. Yazımı akademik Ə.Salamzadənin yarım əsr bundan əvvəl ürək yanğısı ilə söylədiyi fikirlərlə tamamlamaq istərdim: "Memarlıq nəzəriyyəçiləri surət və stil məsələsini ağına-bozuna baxmadan aradan çıxarmışdılar. Bunun arxasında memarlığın ideya-bədii əhəmiyyətini rədd edənlər özlərinə yer tapmışdılar. Memarlıqda da dəb (moda) var. Öz yaradıcılıq mövqeləri olmayanlar gəlmə, qondarma dəblərə tez uyurlar. Hər dəb yenilik demək deyil... Xalq memarlığını öyrənmək memar qarşısında duran daimi vəzifələrdəndir. Deyərdim ki, burada da sənətkardan çox şey asılıdır".

 





08.12.2021    çap et  çap et