525.Az

Ağdamlı şeirlər - Ramiz Məmmədzadə


 

Ağdamlı şeirlər -<b style="color:red"> Ramiz Məmmədzadə</b>

QARABAĞ BAYATILARI

Qarabağın gülü - zər
Heç görməyim gülü zar...
Bir bağ sallam, becərrəm,
Gülüm gələr gül üzər...

Qarabağda qar qala
Qar qarlayar Qarqara.
Bu torpağın odundan
Heç qovuşmaz qar qara...

Qarabağın Ağdamı,
Ağ günədir Ağdamı.
Mənsiz günün-güzarın
Qaradımı, ağdımı?..

Qarabağda qala var
Əsgəran var, Qala var.
Sənsiz nəyimə gərək
Qala dövlət, qala var...

Qarabağda qalandım
Bir alınmaz qalandım...
Sən düşən oda düşdüm
Mən də yandım, qalandım...

Qarabağda qal incə,
Əylən incə, qal incə.
Qaşların çapdı məni
Nə ehtiyac qılınca...

Qarabağda Şahbulaq
Şah bulaq, padşah bulaq,
Dörd yanında doğmalar
Çağla, gurla, ax, bulaq!

 

MƏŞƏDİ ABBAS

Böyük hörmət sahibiydi
                 Məşədi Abbas yoldaş.
Bağırovun kabinetinə
                Gedib-gələrdi birbaş
Ortaboy, tökməbədən bir kişiydi
Şuşa ata yurduydu,
                Ağdam ev-eşiyiydi...

Yadımda qalıb onun 
               Uzunboğaz çəkməsi,
"Qəlfeyi" şalvarı.
Kolxoz müdiriydi,
Şəhərin küçələri,
              ağacları, gülləri.
Onun dövləti-varı...
Hər pöhrəni, hər budağı
Balasıtək qoruyardı.
Ağaclarla yaşıllaşar,
Ağaclarla quruyardı...

Onun üçün yaşıllıq,
Abadlıq əsas işdi.
Amma bu "köhnə" kişi
Zərrə köhnəlməmişdi...
Gözümüzün odunu almışdı,
Hədələyərdi bizi...
Amma hərdən gecələr
Lenin bağına salardım
                         inəyimizi...
Dava yeni qurtarmışdı,
Atasız ev üz tutaydı
                         kimə, nəyə?

Neyləyəydim,
         Biz dörd uşaq
Göz dikmişdik o inəyə...
...Stalin ölən günü
                   gördüm onu
Qara bir bulud parçası
                    enmişdi üz-gözünə...
Nəsə pıçıldayırdı öz-özünə...
Camaat ağlaşırdı...
Elə bil ki, bu ağlamaq iş-peşədi...
Yox, deyəsən, ağlamırdı
Kaftar bir qurda dönmüşdü,
Ulayırdı Məşədi...

 

AĞDAM BAZARI

Evin böyük oğlu məndim
Ağdamda
           Bazara mən gedərdim.
Hərdən pulum çatmayanda
Pərt olardım,
Dərd edərdim.
Nələr yoxdu bu bazarda
Yeyiləsi, içiləsi,
          geyiləsi nə desən...
Soraqlaşsan quş südü də
Tapdın bəlkə burda sən.
İynədən gülləyəcən,
           cürbəcür güllərəcən...
Bu bazarın papaqçısı, dəmirçisi,
          dərzisi öz yerində.
Vallah bərəkət yağardı
           Bu bazarın göylərindən.
Camaat da deyərdi ki,
"Atom" filan boş söhbətdi,
Olsa Ağdam bazarında satılardı.
Bu bazarın öz sanbalı
                 yeri vardı...
Adətləri, qaydaları
                  Sadə, qədim.
Bu bazarda
              Mən bir dilənçi görmədim.
Məşhur idi burda
              bazar adamları
Xanəhmədi, o Dilbəri.
Səni görcək deyərdilər: - gəl, gəl bəri...
Yaddaşımın sandığında saxlamışam
Gör kimləri, gör nələri
Ağ tut kimi, gilas kimi
                 dadlı idi
"Qurban olum!",  "Qadan alım!" kəlmələri
...Zülmətləri yıxıb indi.
Ağ günlərə çıxıb indi...
Göylərə bax, görəcəksən
Bəzənib-düzənib
                    sığallanıb gəlir,
Zənbil olub,
Bir durnanın dimdiyindən
                  Sallanıb gəlir
İndi Ağdam bazarı...

 

MÖHSÜN KİŞİ

Ağdamda
Çoxları tanıyardı
               Dərzi Möhsünü,
Dərzilikdə keçmişdi
          
    ömrü-günü.
Evində "Zinger" maşını.
Arxasına keçib
            tikib-tökərdi.
Hərdən qaldırıb başını
Nəbatidən, Şirazidən
             pəstdən deyərdi...
Yumşaq, şirin 
                   səsi vardı.
Dərdi, kədəri zümzüməylə 
                             qovardı...
Mənə sırıqlı tikərdi,
Geyinəndə forslanardım...
Onun qayğısın qanardım.
Atamla xalaoğluydu
Yolu bizə də düşərdi.
Çay süfrəsi başında
Anamla dərdləşərdi...
Camaatın yanında
               xətri hörməti vardı.
Vəzifəli adamlarla
                Oturub-durardı...
Raykomla tanış olmuşdu,
Prokurorla arası sazdı...
Xeyirdən-şərdən qalmazdı...
Küsüb getmiş gəlini
                     sevinə-sevinə
Qaytarardı ər evinə.
Bir qılçını Hitler üzmüş,
Papaqçı Camal kişiyə
Gödəkcə-filan satmazdı? -
                    Lütfən bağışlayardı...
Mərd-mərdanə hökmü vardı.
Hara getsə yolu açıq,
                   Onun üçün yox müşkül iş,
Qaçaq Əbdülrəhimin yanına -
Şuşa türməsinə
                      gedib-gələrmiş...
...Dünən gecə yuxuda gördüm
                         Möhsün kişini
Muradbəyli-Qaradağlı yolunda.
Nə tikibsə əllərində, qolunda.
Hava da aydın, təmiz,
Mülayim külək əsirdi...
Məncə, Ağdam bazarına
                   tələsirdi Möhsün kişi...

 

AĞDAMDA O ÇAY EVİ

Bir mahalı bəzərdi,
Adı ellər gəzərdi.
Qızıl taca bənzərdi
Ağdamda o çay evi.

Bərbəzəkli şallıydı,
Tarlıydı, qavallıydı
Qəşəngdi, sığallıydı
Ağdamda o çay evi.

 Kəkotulu, hilli çay
 Doğma, bizim elli çay,
 Danışan çay, dilli çay
 Ağdamda o çay evi.

Mürəbbəli süfrəsi
Mat qoyardı hər kəsi.
Bir mənzərə lövhəsi
Ağdamda o çay evi...
                                    
Söhbət, görüş yeriydi
Tanış-biliş yeriydi,
Elə bil iş yeriydi
Ağdamda o çay evi...

Uçub gedib buluda...
Bizi çətin unuda!
Baxın, gəlir budur ha...
Ağdamda o çay evi.

Qışımız yaza döndü
Zülmət gündüzə döndü.
Sönməz ulduza döndü
Ağdamda o çay evi!

Şüvəlan,                    
avqust-noyabr 2021-ci il

 

 





09.12.2021    çap et  çap et