525.Az

"Azərbaycan" jurnalının dekabr sayında...


 

"Azərbaycan" jurnalının dekabr sayında...<b style="color:red"></b>

"Azərbaycan" jurnalının bu il üçün sonuncu - dekabr sayı işıq üzü görüb. Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xüsusi buraxılış jurnalın baş redaktoru İntiqam Qasımzadənin "Fateh" adlı yazısı ilə açılır.

Oxucular ilk hissədə Nizamiyə həsr olunmuş məqalələrlə tanış ola bilərlər. Firudin Qurbansoyun "Şeyx Nizaminin həcc səfəri", Hürnisə Bəşirovanın "Eşq fəlsəfəsinin şərhi", Əzizağa Nəcəfzadənin "Neman ilə Simnarın əhvalatı": əfsanə, yoxsa tarixi reallıq?", Paşa Əlioğlunun "Bu dastanı tamam öyrənmişəm mən", Turan Qurbanovanın "Şeyx Nizami Xəmsədə səhhəti haqqında", Şahin Fazilin "Nizami Gəncəvi haqqında söz və onun qəzəllərinə yazdığım təzminlər", Aydın Talıbzadənin "Hermenevtik düşüncə modusu" və "Nizami və İslam mifologiyasının bioloji mutantı İskəndər" adlı yazıları dahi mütəfəkkirin qiymətli əsərlərinə, ümumən, Nizami Gəncəvinin bədii portretinə həsr olunub.

Poeziya bölməsində Əlizadə Nuri, Nadir Yalçın, Zakir Həsənoğlu, Ramiz Orsər, Eltun Türkel, Əlirza Həsrət, Elnur Uğurun şeirləri yer alıb. Dramaturgiya bölməsinin budəfəki pyes töhfəsi Firuz Mustafadandır. Onun "Savaş fəsli və yaxud Ənvər paşa" adlı iki hissəli tarixi dramı oxuculara təqdim olunub.

Xanım Aydının "İkimiz", Xumar Ələkbərlinin "Qərbdəki qəriblər" adlı hekayələri, Fərid Hüseynin "Vaxt qapısının açarı" essesi də jurnalın bu sayında dərc olunub.

Tənqid və ədəbiyyatşünaslıq bölməsində yer alan "Bakı ədəbi mühitinə bir baxış" adlı yazı Sona Xəyalın ədəbi düşüncələrinin təcəssümüdür.

Vaqif Yusiflinin müəllifi olduğu "İsti-isti" adlı yazı "Azərbaycan" jurnalının 8, 9 və 11-ci nömrələrində işıq üzü görən "Vətən" poeması barədədir. Qeyd edək ki, poemanın müəllifi Ramiz Qusarçaylıdır.

2021-ci ildə "Azərbaycan" jurnalında işıq üzü görən materialların ümumi siyahısı "Kitab rəfi"ndə öz əksini tapıb.

ÜMİD

 





08.12.2021    çap et  çap et