Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə dövlət gənclər siyasətinin həyata keçirilməsinə dəstək və tələbə gənclərin intellektual bilik səviyyəsinin inkişafını təmin etmək məqsədilə fakültələrarası "Nə? Harda? Nə zaman?" intellektual oyunu keçirilib. ADMİU-nun Rəssamlıq fakültəsinin II kurs tələbələri Səttarova Turanə, Əliyev Elvin, Nəsirov Şirin, Məmmədov Azər, Hüseynova Səbinə və Əmrahov Elmardan ibarət komanda 1-ci yerin qalibi olaraq ümumrespublika universitetləri arasında keçiriləcək "Nə? Harda? Nə zaman?" intellektual yarışında ADMİU-nu təmsil etmək hüququ qazanıblar.
Daha sonra qaliblərin təltifedilmə mərasimi keçirilib. Tədbirdə çıxış edən ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli bu cür bilik yarışlarının gənclərin inkişafındakı rolundan danışıb. Azərbaycan gəncliyinin gücünün, qüdrətinin, vətən, xalq sevgisinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində ən yaxşı şəkildə bütün dünyaya sübut olunduğunu deyən prorektor gəncləri bu böyük qələbəni qoruyub-saxlamağa, hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna layiq vətəndaş olmağa çağırıb.
O, ADMİU-nun tələbələrinin hər zaman ictimai işlərdə öndə olduqlarını, Azərbaycan mədəniyyətinin və incəsənətinin istər ölkə daxilində, istərsə də, fərqli ölkələrdə uğurla təbliğində fəal iştirak etdiklərini vurğulayıb. Qalib komandanı təbrik edən prorektor onların ümumrespublika universitetləri arasında keçiriləcək "Nə? Harda? Nə zaman?" intellektual yarışında da yüksək nəticə əldə edəcəklərinə inandığını bildirib.
Daha sonra THİK-in sədri Cavid Əhmədov I yerin qaliblərini təbrik edərək onlara THİK adından "Fəxri Fərman" və "Dünya ədəbiyyatı" seriyasından bədii kitablar təqdim edib.
Yarışın II və III yerlərinin qaliblərinə isə TGT sədri Əlirza Əlizadə tərəfindən "Diplom"lar verilib.