525.Az

Qətərdə Nizami Gəncəvinin 880 illiyi qeyd olunub


 

Qətərdə Nizami Gəncəvinin 880 illiyi qeyd olunub<b style="color:red"></b>

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər dövlətinə səfəri çərçivəsində dahi şair və görkəmli mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, Azərbaycanın Qətərdəki səfirliyi və Qətər Milli Kitabxanasının (QMK) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə QMK-nin rəhbəri, Qətərin Baş nazirinin müavini rütbəsində dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari, Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və fəlsəfə doktoru, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqub çıxış ediblər.

Çıxışların ardınca iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına və Nizami irsinin tədqiqinə töhfə olaraq, Həməd Əl-Kavari Nizami Gəncəvinin poemalarının Qətər Milli Kitabxanasında saxlanılan qədim əlyazmaları və miniatürlərinin elektron nüsxələrini Elnur Əliyevə təqdim edib.
Tədbir zamanı, həmçinin, sözügedən qiymətli əlyazmaların orijinal nüsxələri tədbir iştirakçıları üçün sərgilənib.

Qeyd edək ki, səfər çərçivəsində Elnur Əliyev Qətərin dövlət naziri Həməd bin Əbdüləziz Əl-Kavari ilə görüş keçirib.

Daha sonra E.Əliyev Qətər Milli Kitabxanasının fəaliyyəti ilə tanış olub, Qətər televiziyasına müsahibə verib.

 





08.12.2021    çap et  çap et