Beynəlxalq Muğam Mərkəzində "Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək" layihəsinin təqdimat mərasimi olub.
Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, İstanbul Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi layihə Türk-İslam sivilizasiyasının zəngin və seçkin nümunələrini dünyaya tanıtmaq məqsədilə həyata keçirilib.
Qonaqlar əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində bəşəriyyətin ortaq mədəni mirasına həsr edilən sərgi ilə tanış olublar. Tədbirin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə bildirib ki, mədəniyyət hər bir xalqın bioqrafiyasıdır. Mədəniyyət amilinin insanın həyat və şüuruna bağlı anlayış olduğunu deyən nazirlik rəsmisi "Mədəniyyət naminə sülh" qlobal kampaniyası haqqında söz açıb. O, layihə üzrə dekabrın 2-də gerçəkləşən tərəfdaşlıq forumu barədə danışaraq deyib: "Bugünkü tədbirin təşkilatçıları iki dövlət, bir millət olan qardaş ölkələrin nümayəndələridir. İdeya da bu xalqın kökündə olan sülhpərvərlik və dünya mədəniyyətinə açıqlığı nümayiş etdirir".
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxışında layihənin ilk dəfə Bakıda təqdim olunmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra proqram "Mədəniyyət şüuru" mövzusunda panellə davam edib. Paneldə professor Bekir Karlığa, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Celal Erbay və Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyinin sədri Ahmet Selamet çıxış edərək fikir və düşüncələrini bölüşüblər. Panel iclasdan sonra "Sivilizasiya alimi Biruni" sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, film Şərq dünyasının böyük təfəkkür sahibi, ensiklopediyaçı alim Əbu Reyhan əl-Biruninin (973-1048) həyat və fəaliyyətinə həsr olunub.