525.Az
Oqtay Əsədov deputatlara iradını bildirdi: "Səsvermə zamanı hamı iştirak etməlidir"
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara öz fikirlərini bildirmək üçün verdiyi əlavə vaxtdan istifadə edərək bəzi mətbuat nümayəndələrinə irad tutub.
Trend-in məlumatına görə, Milli Məclisin spikeri mətbuat nümayəndələrinin bəzi üzvlərinin parlamentdə baş verən söz-söhbətlərdən yazmağa üstünlük verməsinə etiraz edib:
"Parlamentdə çıxışlar qurtarmamış mətbuatda yazırlar ki, parlamentin sədri guya deputatlara müsahibə verməyə və ya efirə çıxmağa icazə verməyib. Təəssüf ki, parlamentdə bu qədər vacib məsələlər həll olunur, bu qədər müsbət məsələlər öz həllini tapır, lakin bunların heç birini demir, hansısa neqativ bir şey tapıb ondan yazırlar. Çox təəssüflər ki, bizim özümüz də bunların yazılmasına rəvac veririk. Məsələn, Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslara deputatlar yarım saat gecikir və s. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetər səs yoxdur. Bizim başqa nə işimiz var axı?"
O.Əsədov qeyd edib ki, biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik: "Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbir? Hansı tədbir? Milli Məclis olan gün iclasdan daha vacib tədbir nədir axı? Bir dəfə dinmirik, iki dəfə dinmirik. Tədbirə gedirlər, iclasın yarısına gəlirlər, sonra da bir-iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur. Dünyanın hər yerində var ki, 500 deputatdan 50-si iclasda iştirak edə bilər. Amma səsvermə zamanı hamı iştirak etməlidir. Həmişə əvvəl deyirdik ki, 3 deputatın 1 telefonu var. İndi, maşallah, hər kabinetidə 1 hökumət telefonu var. Bir sual verəcəyəm. Bu boyda bina tikilir. Mən bu binada komitə sədrlərindən başqa, deputatların 70 faizini kabinetdə görməmişəm. Yaxşı, əgər o kabinetə gəlmirsə, onda kabineti ekspertlərimizə verək, gedib otursunlar orada".
Daha sonra O.Əsədov deputatların telefon məsələsindən danışıb: "Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentə, telefonu səssizə qoy. İclas gedir, hər tərəfdən bir zəng gəlir. Bu elementar şeylərdir. Bunları demək heç yaxşı deyil. Amma xahiş edirəm, bunları nəzərə alın".
02.05.2014
çap et