SƏNİN SAÇLARINDA SEVDİM PAYIZI
Sənin saçlarında sevdim payızı
Sevdim yarpaqların sarı rəngini.
Sevdim saman kimi saralıb gedən
Ömrün xəzan olmuş lal ahəngini.
Küləkli havada uçub rəqs edən
Sarı çiçəklərin tozunu sevdim.
Dünyanın, sevdiyi rəngə boyanmış,
Sənintək sarışın qızını sevdim.
Bu rəng niyə belə hopub ömrümə?
Sanki həyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibimdə qalmaqdan solub-saralıb.
Nə qədər saysan da, artmayacaqdır,
On barmaq alınır hər dəfə sayda.
Əgər qismətində ayrılıq varsa,
Saçının ucunu açsan, nə fayda?
Hardan bilərdik ki, ayrılığın da
Köksünə köklənən sim sarı simdir.
Nə yaxşı gözünün rəngi yaşıldır,
Cənnətdə qovuşsaq, mənim bəsimdir.
YAMAN SOYUQ KEÇİR EŞQİN BAHARI
Ovcumda çəkilən tale yolları
Alnımda yazılan qismətdən keçmir.
Həsrətdən gözümün suyu çəkilib,
Daha bu sevgidən gözüm su içmir.
Yaman soyuq keçir eşqin baharı,
Titrəyən dişlərim dilimi kəsir.
Bu sevgi qəlbimi elə üzüb ki,
Sakit havada da ürəyim əsir.
Bu eşqin yükünü çəkən tərəzi
Oxunu kökləyib kədər, qəm üstə.
Özümə dərd aşı bişirirəm mən,
Süzülüb, qoyulub indi dəm üstə.
NƏ GÜNAHIN SAHİBİYƏM, AY ZALIM...
Sən Ay idin, nur saçırdın gecələr,
Buludları pərdə etmə üzünə.
Nə günahın sahibiyəm, ay zalım,
Mən yazığı həsrət qoyma özünə.
Yer hər zaman, demə, Aya möhtacmış,
Yoxluğuna axı necə mən dözüm?
Sən gedəli qüssə alıb qəlbimi,
İndi qalıb bir qucağım, bir dizim.
Gecə-gündüz məhvərində dolanıb
Ay yenə də dönür Yerin başına.
Sən də qayıt, gəlişinə möhtacam,
Heyfin gəlsin gözlərimin yaşına.
çap et