525.Az

ÜST-ün Azərbaycandakı nümayəndəsi Gəncəyə səfər edib


 

ÜST-ün Azərbaycandakı nümayəndəsi Gəncəyə səfər edib<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmançının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər və vaksinasiya prosesinin gedişatı barədə ətraflı söhbət aparılıb.

525.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Gəncədə 14 məntəqədə vaksinasiya aparıldığını qonaqların diqqətinə çatdırıb. Vurğulayıb ki, sakinlərin rahatlığını təmin etmək məqsədi ilə dövlət və özəl tibb müəssisələri ilə yanaşı, sosialyönümlü obyektlərdə də məntəqələr qurulub. Əhalinin maarifləndirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli televiziya və radio kanallarında həftə ərzində bir neçə dəfə həkim-mütəxəssislərin iştirakı ilə verilişlər hazırlanır.

“Gəncə Şəhər Birləşmiş Xəstəxanaları” PHŞ-nin direktoru Nazim Əhmədov bildirib ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində 200 çarpayılıq, tam təchizatlı yeni modul tipli xəstəxana istifadəyə verilib. Hazırda burada 118 COVID-19 xəstəsi müalicə alır. Xəstəxanada Gəncə ilə yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərilir. Qeyd edib ki, gün ərzində Gəncə şəhəri və ətraf rayonların sakinlərindən götürülən yaxma analizləri Abbas Səhhət adına xəstəxanada quraşdırılan müasir laboratoriyada yoxlanılır.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmançı COVID-19-la mübarizə çərçivəsində Gəncə şəhərində görülən işləri təqdirəlayiq hesab etdiyini bildirib. Vurğulayıb ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir. Müşahidələr göstərir ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. O bildirib ki, I doza peyvənd önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir.

Hande Harmançı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub. O qeyd edib ki, tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəssislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər.

ÜST-ün Azərbaycandakı nümayəndəsi COVID-19 virusunun yeni ştammlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında “Delta-M” və “Omikron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmançı, Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinmədiyini də qeyd edib.

Görüşdə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” və “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihələrinin icra edildiyi diqqətə çatdırılıb.

 





10.12.2021    çap et  çap et