525.Az

"Zəngəzur mahalının döyüşən qalası - Nüvədi"


 

"Zəngəzur mahalının döyüşən qalası - Nüvədi" <b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Xatirə Hüseynovadır. Xatirə xanımı müsahib kimi seçim etməyimiz həm onun hələ də mənfur düşmənin tapdağı altında inləyən, Azərbaycanın ən qədim dilbər guşəsi Zəngəzur mahalının Nüvədi kəndində doğulub boya-başa çatması, həm də böyük ziyalı - alim, sabiq millət vəkili, o dövrdə kəndin kolxoz sədri, üç dağın qoynunda yerləşən Nüvədini 3 il qoruyan müsəlləh əsgər Mail Amanovun qızı olaraq dövlətə və dövlətçiliyə sadiq ailədə böyüməsi ilə bağlıdır.

Professor Xatirə Hüseynova söhbətində Azərbaycanın tarixi həqiqətlərini elmi müstəvidə əks etdirən məqamlardan geniş bəhs etdi. O, öncə Azərbaycan tarixinə şanlı səhifələr yazan şəhidlərimizə, erməni terroru nəticəsində həlak olan soydaşlarımıza Allahdan rəhmət, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirən qazilərimizə şəfa dilədi.

Qərbi Zəngəzur mahalının döyüşən qalası sayılan, qədim tarixə malik Nüvədi kəndində böyüyən Xatirə xanım rubrikanın aktuallığını nəzərə alaraq söhbətinə iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündəki geniş çıxışından sitat gətirərək başladı. 2021-ci il iyulun 7-də imzalanan Fərman əsasında yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası Azərbaycanın tarixi baxımından çox mühüm strateji əhəmiyyət daşıyır. O, Prezidentin "Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır" sözlərində olan tarixi həqiqətin unudulmadığını, əksinə, indi, post-münaqişə dövründə, tarixi sənədlərin, xəritələrin daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. 

Xatirə xanım Prezident İlham Əliyevin sözlərinə istinadən qeyd etdi ki, həm regional, həm də qlobal müstəvidə Zəngəzur dəhlizinin və dəhliz üzərində yerləşən qədim Azərbaycan torpaqlarının aktuallığının önə çəkilməsi  bilavasitə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizə bağlıdır. 

Professor daha sonra regionda yeni reallıqların yarandığını, münaqişənin ümumilikdə həll olunduğunu və bundan sonra Azərbaycan ilə Ermənistan arasında suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı və ona hörmət əsasında əlaqələrin normallaşdırılması və qurulması işlərinin dayandığını bildirdi. O qeyd etdi ki, 10 noyabr tarixli dövlət başçılarının üçtərəfli bəyanatının 9-cu bəndi ("Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət  verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".) tam şəkildə Azərbaycana əsas verir ki, regionda yeni reallığa uyğun addımlar atsın. 

Kafedra müdiri onu da bildirdi ki,  tərəflərin 2021-ci il 11 yanvar birgə bəyanatı ilə yaradılmış İşçi qrupu və 2020-ci il 10 noyabr bəyanatının "9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarının müəyyən edilməsi" işlərinə artıq start verilib. Bu amilləri sadalayan professor Şərqi Zəngəzur ilə Qərbi Zəngəzurun Mincivan-Culfa dəmir yolu xəttinin yenidən bərpa edilməsinin və fəaliyyətə başlamasının tarixdə mühüm hadisə kimi özünəməxsus yer tutacağını qeyd etdi. 46 kilometr uzunluğunda olan bu dəhlizin 13 kilometrliyində Nüvədi kəndi - "mənim böyüdüyüm doğma Nüvədi yerləşir..." deyən və qəlbi daima yurd həsrətilə döyünən  Xatirə xanımla söhbətimizi davam etdiririk. Beləliklə...

***

- Xatirə xanım, qədim Zəngəzur mahalının döyüşən qalası və ən böyük kəndlərindən sayılan Nüvədinin işğala qədərki dövrü barədə nə deyə bilərsiniz?

- Qədim yaşayış məskənlərindən biri olan kəndimizin işğala qədər ərazisi 270 kvadratkilometri əhatə etməklə, 18 min hektar torpağa malik, müasir şəhər tipli inzibati ərazi idi. Nüvədi kəndi Araz çayının sol sahilində, Zəngəzur dağlarının cənub-şərq ətəklərində üç dağın qovşağında yerləşərək, Şərqdən Zəngilan rayonu, Cənubdan İran İslam Respublikası, Şimaldan Qafan, Qərbdən Mehri rayonunun kəndləri ilə sərhəd idi. Nüvədi kəndində hamısı azərbaycanlı olan 1500-dən artıq əhali yaşayırdı. Bu kənd həm də Azərbaycanda ziyalıları ilə tanınırdı. Nüvədi kəndi 1929-cu ilə qədər inzibati cəhətdən Cəbrayıl qəzasına tabe olub. 18 fevral 1929-cu ildə Zaqfederasiyanın qərarı ilə qədim Nüvədi kəndi də daxil olmaqla bir neçə kənd Azərbaycandan alınıb Ermənistana verilib və bununla da Mehri rayonu yaradılıb.  

- Xatirə xanım, yaxşı yadımdadır, ötən əsrin 80-ci illərinin sonlarında havadarlarının dəstəyi ilə Ermənistanda yaşayan soydaşlarımız zorla tarixi torpaqlarından, dədə-baba yurdlarından köçürüləndə sizin Nüvədi kəndinin camaatı da evini tərk etmək istəmir, sona qədər erməni daşnakları ilə döyüşürdü. O ağır illəri necə xatırlayırsınız?  

- O ağır illər yaddaşımızda silinməz izlər buraxıb. Atam kənd təsərrüfatı elmləri doktoru Mail Amanov  həmin illərdə Nüvədidə "Qırmızı sərhəd" kolxozunun sədri olub.1985-ci ildə Ermənistan Ali Sovetinə deputat seçilmişdi. O, 1988-1991-ci illərdə Nüvədinin erməni işğalına qarşı mübarizəsində kənddə olan həmkarlarının səfərbərliyi hesabına  mərdliklə vuruşaraq, bir sərkərdə nümunəsi göstərib. 1988-ci ilin noyabrında Ermənistan Ali Sovetinin sessiyasında yeganə azərbaycanlı kimi Arkadi Volskinin və baş katib Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı yeritdikləri qərəzli düşmənçilik siyasətinin canlı şahidi olub. Atam 1989-cu il oktyabrın 10-da Mehri rayonunda 5 nəfər kolxoz üzvü ilə birlikdə erməni quldurları tərəfindən girov götürüldüyü vaxt, ailəmiz çox dərin sarsıntı keçirtdi. Bu kimi bir neçə hadisədən sonra atam Mehri rayonu ilə bütün əlaqələrini kəsərək kolxozu Zəngilan rayonunun tabeçiliyinə keçirtdi. O, uzun illər Nüvədi kolxozuna rəhbərlik etdi. Təhvil-təslim haqda sənəd-sübutlar hələ indiyə qədər də saxlanılmaqdadır. Atam o ağır illərdə Ermənistan ərazisində qalan  yeganə azərbaycanlı kəndin bir sakini kimi 1991-ci il avqustun 8-dək düşmənin hər cür hücumlarına, təzyiqlərinə mərdliklə sinə gərən nüvədililərlə birlikdə doğma yurdunun müdafiəsində çiyin-çiyinə iştirak etmişdi. Bəli, nüvədililər dörd ilə yaxın erməni quldurlarına qarşı mərdlikdə döyüşdülər. Doğma torpağı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da oldu. Nüvədinin vətənsevər oğulları düşmənin 18 dəfə ağır hücumunun qarşısını aldı, 60-a qədər düşmənin canlı qüvvəsini məhv etdi. Bütün bunlar yaxın tariximizin şahidi olduğumuz  gerçəklikləridir...

- Xatırladığınız başqa məqamlar da varmı?

- Atam Ümummilli lider Heydər Əliyev irsinin, onun ideyalarının mükəmməl bilicisi idi. Vaxtaşırı mətbuat orqanlarında verdiyi müsahibələrdə, yazılarında bunu göstərmişdi. Onun çox böyük inamla yazdığı 8 avqust 1997-ci il tarixli "Azərbaycan" qəzetində "Ermənistanda son qalamız Nüvədinin işğalından 6 il keçir"  rubrikalı irihəcmli yazısında seçdiyi sərlövhədəki kimi: "Biz yurdumuza qayıdacağıq..." Ömrünün sonuna qədər doğma yurduna - Nüvədiyə qayıdacağı günü əminliklə gözləyirdi. O deyirdi: "Ümid edir və inanıram ki, xalqımızın haqq işi uğrunda apardığı mübarizədə xalq qəddini düzəldib qalib gələcək. Bütün torpaqlarımız, o cümlədən də Cavanşirin, Babəkin yurdu olan Zəngəzur da, Nüvədi də azad olunacaqdır. Biz hamımız ata-baba yurduna qayıdacağıq". Bu gün atamın ruhu şaddır. Doğma Vətənində məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız artıq düşmən işğalından azad olunan doğma torpaqlarına qovuşurlar. Əminəm ki, doğma torpaqlarını həsrətlə gözləyən nüvədililər də Zəngəzur mahalının qədim yurd yeri olan Nüvədiyə - elinə, obasına dönə biləcəklər.

- Artıq Cənubi Qafqaz regionu Azərbaycanın yaratdığı yeni tarixi reallıqların astanasındadır. Dövlət başçısının "France-24" televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər özündə xüsusi diqqəti ehtiva edir. Azərbaycan Prezidenti tarixi həqiqətləri bir daha açıb göstərərək "Bu, bir tarixi faktdır ki, 1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib. 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim..." - deyə erməni lobbisinin yalan təbliğatını elə Fransa ictimaiyyətinin qarşısında ifşa etdi...

- Bəli, bu fikirlər həm bir vətəndaş, həm də ölkənin ali təhsil ocağında çalışan bir ziyalı kimi məni də qürurlandırdı. Xüsusilə də, həmin müsahibədə cənab Prezidentin hər bir ölkə kimi, bizim də tariximizi öyrənmək, qədim məskənlərimizi bilmək, hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmaq və oralara qayıtmaq barədə legitim hüquqlarımızdan "France-24" televiziya kanalında bəhs etməsi xüsusi əhəmiyyət kəsb edir. 

- Xatirə xanım, söhbətimizin sonunda rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə arzu və istəkləriniz...

- Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatları - 44 günlük Vətən müharibəsi xalqımızın tarixi Qələbəsi ilə başa çatdı. Bu müqəddəs Zəfəri bizə yaşadan Azərbaycanımızın qəhrəman oğullarına "Eşq olsun!" deyirəm. Yaşasın qətiyyəti, cəsarəti, inamı ilə dünya azərbaycanlılarının qürur duyduğu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

Lalə HÜSEYNOVA
 

 





10.12.2021    çap et  çap et