525.Az

İməcilik və könüllülük mədəniyyətinin gənclərin inkişafında rolu


 

İməcilik və könüllülük mədəniyyətinin gənclərin inkişafında rolu <b style="color:red"> </b>

Mən orta təhsilimi Şəkinin kiçik bir kəndində başa vurmuşam. Kəndimizdə bir məktəb vardı və qonşu kəndlərdə yaşayan bəzi uşaqlar da bu məktəbdə təhsil alırdılar. İldə iki-üç dəfə məktəbimizin direktorunun təlimatıyla böyük iməcilik aksiyası başladılır, bütün şagirdlər sinif rəhbərlərinin nəzarəti altında yaş həddinə, fiziki gücünə uyğun işlərə təhkim edilirdilər. Adətən şənbə-bazar günləri təşkil edilən və bir neçə saat davam edən iməcilik prosesindən sonra məktəbimizin həyəti və kəndin küçələri çiçək kimi olurdu. 

Düzdür, bəzi valideynlər, elə bizimkilər də bir az narazılıq edir, "uşaqlar tərləyib xəstələnirlər" bəhanəsi ilə bizi iməcilikdən yayındırmağa çalışırdılar. Amma iştirak etmək istəməyənlər səhhətində problem olması ilə bağlı arayış təqdim etməli olurdular. Yəni iş könüllülük prinsipi əsasında olsa da, əslində, bir mənada məcburi idi. Əksəriyyətimizin anası iməciliyə gəlir kürəyimizə dəsmal qoyur, su verirdi. İşimiz isə kəndin küçələrindəki kağız, selofan, plastik tullantıları bir torbaya yığmaq idi.

Əvvəl işləyəcəyimiz əraziyə su çiləyir, sonra qollarımızı çirmələyib işə qoyulurduq. Aramızda iş bölgüsü edib bizə tapşırılan ərazini başdan ayağa təmizləyirdik. Bayram tədbirlərində də bu işdə ən çox fəallıq göstərən sinifə, ayrı-ayrı şagirdlərə, müəllimlərə təşəkkürnamə verilərdi. Düzdür, o vaxtlar bu təşəkkürnamələr heç birimizin ürəyincə olmurdu. Alanları da, "Afərin, ilin ən yaxşı süpürgəçisi seçildin!" - deyib məsxərəyə qoyduğumuza görə, heç birimiz bu cür mükafatlandırılmaq istəmirdik. Əlbəttə, o vaxtlar bu fəaliyyətin necə böyük bir tərbiyəvi əhəmiyyət kəsb etdiyinin fərqində deyildik.

Uzun müddətdir Bakıda yaşayıram və insanların, xüsusilə də qadınların əllərindəki zibili küçəyə atdıqlarını görəndə başıma hava gəlir. Necə olur ki, insanlar belə düşüncəsiz davrana bilirlər, sualını özümə dəfələrlə vermişəm. Əlindəki zibili küçəyə atmamaq bir mədəniyyət göstəricisidir. Bunu hər kəs bilir. Amma niyəsə bir çoxumuz bu gözəl vərdişə yiyələnmir. Zənnimcə, bu məsələdə diqqətli olmağımın səbəbi məhz məktəb illərində bizə aşılanan həmin iməcilik mədəniyyətidir.

Uşaqlıqda nə mən, yə də yoldaşlarım əlimizdəki zibili yerə atmazdıq. Çünki həmin küçələri özümüz təmizləyirdik və yenə atdığımız hər zibili əvvəl-axır özümüz yığışdırmalı olacaqdıq. Özümüz əmək verib tərtəmiz etdiyimiz küçələri zibilləməyə qıymırdıq. Bu həssaslıq bizə sözlə yox, əməllə, davranışla aşılanmışdı. Digər tərəfdən, yerə bir çöpümüz düşsə, əyilib götürər, onu zibil qabına qədər aparardıq. Bundan utanacaq mərhələni çoxdan keçmişdik. İndi anlayıram ki, hər şey ailədən gəlmir, məktəblər də uşaqları hər mənada həyata hazırlamaq məsuliyyəti daşıyırlar.

Könüllülüyün, iməcilik mədəniyyətinin nə qədər əhəmiyyətli olduğunu şəxsən təcrübədən keçirdiyim üçün bunun uşaqların həm fiziki, həm mənəvi inkişafında da rolunu yaxşı anlayıram.

Kapitalist ölkələrinə xas olmayan iməcilik mədəniyyəti bizə Sovet dövründən qalıb. Bu ənənənin kökü Sovet Rusiyasının ilk illərinə gedib çıxır. "İməcilik" sözünün mənası öz istəyi ilə istirahət günlərində təmizlik, abadlıq işləri aparmaq deməkdir.

Bu iş Sovet dövründə Sovet İttifaqı miqyasında 22 aprel, V.İ.Leninin doğum gününə həsr olunan "Leninçi kommunist şənbə" adı ilə həyata keçirilirdi. Amma il ərzində başqa irimiqyaslı iməciliklər də baş tuturdu. Xüsusilə Leninin adı ilə bağlı iməciliklər kütləvi şəkildə bütün idarə və təşkilatlarda, məktəblərdə, bağçalarda aparılırdı.

Lakin Sovet hakimiyyəti dağıldıqdan sonra bu ənənə yavaş-yavaş sıradan çıxdı. Buna baxmayaraq, keçmiş Sovet ölkələrinin əksəriyyətində, o cümlədən, ölkəmizdə hər il yaz-yay aylarında müəssisələrdə, təhsil ocaqlarında iməciliklər, yaşıllaşdırma, ağac əkmək kimi ənənələr davam etdirilir. Bu işlərə təkcə gənclərin yox, dövlət rəsmilərinin də qoşulması bu mədəniyyətin daha da möhkəmlənməsi üçün faydalıdır. Sevindirici haldır ki, hər il yaz-yay aylarında ölkəmizdə dövlət səviyyəsində müxtəlif nazirlik və qurumlar tərəfindən mərkəzi küçələrdə, parklarda, meydançalarda iməciliklər keçirilir. İməciliklər zamanı abadlaşdırma və yaşıllaşdırma işləri aparılır, yeni ağaclar əkilir. Əksər hallarda rəsmilər də bu cür tədbirlərə qatılırlar. 

İstər ağacəkmə aksiyası olsun, istər digər sosial işlər, könüllülük əsasında formalaşdırılan bu kimi tədbirlər gənclərin düzgün yetişməsində böyük rola malikdir. Ümumiyyətlə, elliklə köməkləşib bir işi birlikdə görmək, hər hansı bir öhdəliyi icra etmək insanlarda həm birlik, həm də dirlik duyğusunu gücləndirir. Bu cür, heç bir qarşılıq gözləmədən sərf olunan vaxtın və zəhmətin həm könüllülər, həm də cəmiyyət üçün çoxlu faydaları var. 

Bu təcrübənin gənclər üçün sosial və psixoloji faydaları saymaqla bitməz.

Araşdırmalar göstərir ki, könüllü işlərlə məşğul olan insanlar daha xoşbəxt və sağlam olurlar. Könüllü iş gənclərin həyat keyfiyyətini yaxşılaşdırır. Könüllülük təcrübəsi olan insanlar problemləri effektiv şəkildə həll edə bilərlər. Bu cür fəaliyyətlər təlim və ya seminarlarla əldə edilə bilməyən təcrübələr və problemləri həll etmək bacarığı qazandırır. Kiməsə kömək etmək və fayda vermək özünə inamı artırır.

Həmçinin, hər sahədə könüllülük fəaliyyətləri yeni mühit, yeni təcrübələr və yeni dostluqlar qazandırır. Komanda işi, ayrı-ayrı fərdlərlə münasibət qurmaq kimi məsələlərdə uğurlu olmağa kömək edir. Emosional zəkanın inkişafı, empatiya, emosiyaların idarə edilməsi və effektiv ünsiyyət kimi bacarıqları formalaşdırır. Peşəkar həyata atılmazdan  əvvəl vaxtın idarə edilməsi və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi kimi mövzularda mühüm təcrübələr qazandırır. Ölkə səviyyəsində könüllülüyün artırılması sosial yardım və inkişafı təmin edir, insanlar arasında əlaqələri möhkəmləndirir. Problemlərin həlli ilə bağlı məlumatlılıq artır və könüllülük fəaliyyəti müxtəlif təşəbbüslərin ortaya çıxmasına səbəb olur. Biz bunu istər DOST Agentliyi, istərsə də ASAN xidmət kimi könüllülük əsasında formalaşan qurumların fəaliyyətində müşahidə edə bilərik. 

Hər sahədə könüllülük gənclərin dağıdıcı xüsusiyyətlərini aradan qaldırır, qurucu, yaradıcı olmaq, ilham vermək kimi bacarıqlarını inkişaf etdirir. Bu kimi fəaliyyətlərdə yaxından iştirak edən gənclər sonralar ətrafındakı insanlara da müsbət mənada təsir edə bilirlər. 

Məsələn, iməciliyin uşaqlıqda aşıladığı təmizlik mədəniyyətini mən də ətrafımdakı insanlara təbliğ edirəm. Əvvəllər dostlarımdan yerə atdıqları zibili götürməklərini xahiş edir, götürməyəndə özüm əyilib götürür və qarşıma zibil yeşiyi çıxana qədər əlimdə saxlayırdım. Qürurla deyə bilərəm ki, uzun illərdir heç bir dostum ən azından mənim yanımda zibilini yerə atmır.

 





10.12.2021    çap et  çap et