525.Az

Media haqqında yeni qanun nələri dəyişəcək?


 

Media haqqında yeni qanun nələri dəyişəcək?<b style="color:red"></b>

 

Məlum olduğu kimi, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanıb və artıq parlamentin komitələrinin müzakirəsinə təqdim edilib. Sənəd layihəsi ilk olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasındamüzakirəyə çıxarılıb. Bu mərhələyə qədər isə qanunun mahiyyəti və həssaslığı nəzərə alınaraq, çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, normativ hüquqi aktın layihəsinin 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunub.

Bəs “Media haqqında” yeni qanun layihəsinin hazırlanmasını zəruri edən nədir? 

İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin bitməsindən qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etdiyinin göstəricisidir.

İkincisi, 1999-cu ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun mövcud  və müasir çağırışlarla uzlaşmır. Qeyd edilən qanun bu günə kimi 79 dəfə dəyişdirilib. Və zamanın tələbinə, müasir informasiya çağırışlarına cavab olaraq yeni qanunun qəbulu zəruridir. Başqa sözlə, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
Nəzərə almaq lazımdır ki, bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın da yeni “Media haqqında” qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə olunur.
Yeni qanun layihəsində nələr var? Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir, eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Bu baxımdan “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcəkdir. 

Layihəyə əsasən Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaqdır.

Layihəyə əsasən, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllü xarakter daşıyır. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.
Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir.

Etiraf etmək lazımdır ki, bu gün jurnalistikaya və jurnalistlərə qarşı neqativ fikirlər də mövcuddur. Jurnalist adından sui-istifadə halları da az deyil, bu da dördüncü hakimiyyət nümayəndələrinin nüfuzuna zərbə vurur. Ekspertlərə görə, yeni qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.

Başqa bir narahatlıq doğuran məqam xəbər “oğurlamaq”dır ki, yeni qanun bu problemi də aradan qaldıra biləcək. Belə ki, media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir.

Layihəyə əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi tamamilə yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulub. 

Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə  mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılıb. Reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.
Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir.

Müvafiq qanunun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir. “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil. Necə ki hər hüquqşünas vəkil, hər mühazirəçi müəllim deyil. Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq. 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, “Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb: “Bu qanun layihəsi üç oxunuşda Milli Məclisdə qəbul ediləcək. Qanun layihəsinin qəbulu dövründə biz media ilə əməkdaşlığımızı elə quracağıq ki, qanunvericilik baxımından mükəmməl bir sənəd layihəsi qəbul olunsun”.

PƏRVANƏ

 





10.12.2021    çap et  çap et