525.Az

Co Bayden Ukraynanı xilas etdimi? - Xaqani Cəfərlinin siyasi şərhi


 

Co Bayden Ukraynanı xilas etdimi? -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə videoformatda danışıqları, iki saatlıq müzakirənin mövzuları dünya mediasının əsas müzakirə mövzusdur. İki liderin danışıqları ilə bağlı ilk məlumat Ağ evin rəsmi saytında yayıldı. Ağ evin yaydığı məlumatdan belə qənaət yaranır ki, iki liderin danışıqlarının əsas mövzusu Ukrayna ətrafında yaranmış vəziyyət olub. ABŞ prezidenti Co Bayden Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib, Rusiyanın Ukrayna sərhədində güc toplaması ilə bağlı özünün və avropalı müttəfiqlərinin dərin narahatlığını bildirib. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə cəhd edəcəyi halda ABŞ və müttəfiqlərinin qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklərini bildirən Co Bayden rusiyalı həmkarına xəbərdarlıq edib.

ABŞ prezidentinin bəhs etdiyi qətiyyətli iqtisadi tədbirlərin nədən ibarət olacağı ilə bağlı haqqında ətraflı məlumat isə iki liderin danışıqlarından bir gün əvvəl mətbuata "sızmışdı". CNN agentliyinin yaydığı məlumatda bildirilirdi ki, Ukraynaya hərbi müdaxilə halında Rusiyanın beynəlxalq ödəniş sistemi SWİFT-dən kənarlaşdırılması, enerji şirkətlərinə qarşı qadağalar, prezident Vladimir Putinin ən yaxın ətrafına aid edilən 35 nəfərə qarşı sanksiyalar tətbiq olunacaq. Bundan başqa, Rusiyanın suveren borcuna qarşı sanksiyalar, eləcə də valyuta mübadilərinin qadağan edilməsi kimi sərt iqtisadi tədbirlərin həyata keçiriləcəyi də yayılan məlumatlarda öz əksini tapmışdı. Heç şübhəsiz, CNN agentliyinin iki liderin danışığı ərəfəsində yaydığı bu məlumat Moskvaya açıq mətnlə verilən mesaj idi.

Ukrayna mövzusunda Rusiya prezidenti Vladimir Putin ölkəsinin maraqlarını ifadə edərək NATO-nun Şərqə doğru genişlənməyəcəyi ilə bağlı Moskvaya yazılı təminat verilməsini istəyib. Prezident Putin Ukraynanın NATO-ya üzvlüyünün ölkəsinin qırmızı xətti adlandırıb və Rusiyanın sərhədləri yaxınlığında strateji silahların yerləşdirməsinə imkan verməyəcəklərini bildirib. NATO-nun Şərqə doğru genişlənməsinə heç bir dövlətin veto qoymaq hüququnun olmadığını bildirən ABŞ prezidenti rusiyalı həmkarını narahat edən məsələlərlə bağlı müttəfiqləri ilə müzakirə aparacağını bildirib. Bu görüşdən dərhal sonra ABŞ NATO üzrə bir neçə müttəfiqi ilə müzakirə aparıb. Belə görünür ki, iki liderin videoformatda müzakirəsi problemlərin həllinə yardım etməsə də, gərginliyin aradan qalxmasına səbəb olub.  

İki prezident Ukrayna ilə yanaşı, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti də müzakirə edib. Avstriyanın paytaxtı Vyanada 6+1 formatında İranın nüvə proqramı ətrafında aparılan danışıqların dalana dirənməsi haqqında fikirlər mövcuddur. Belə məlumatlar var ki, İranın heç bir güzəştə getməməsi Qərb ölkələrinin təmsilçilərində məyusluq yaradıb və onlar danışıqların faydasız olduğunu bildiriblər. Yalnız Rusiya danışıqların hələlik tam dalana dirənmədiyi fikrindədir və müzakirələri davam etdirməyə çağırır. Əgər Rusiya mövqeyini dəyişərsə, o zaman İranın nüvə proqramı ətrafında danışıqlar dayanacaq. Bundan sonra isə İranın nüvə proqramının güc yolu ilə dayandırılması məsələsi gündəmə gələcək. 

Ukrayna da İranın nüvə proqramı ətrafında gedən danışıqları həssaslıqla izləyir. Kiyevdə narahatdırlar ki, Rusiya İran məsələsində Qərbə güzəştə gedərək Ukrayna mövzusunda öz şərtlərini qəbul etdirə bilər. Co Baydenin NATO ilə Rusiya arasında dialoq qurulması ilə bağlı çağırışları da Moskvanın İran məsələsində güzəştə getməsi kimi dəyərləndirilir.

Co Baydenin Rusiya ilə NATO arasında dialoq qurmağa yönəlik çağırışları isə Şimali Atlantika Alyansına üzv ölkələrin bəzilərində qəzəb yaradıb. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Şərqi Avropa ölkələri ABŞ prezidenti Co Baydenin Rusiya ilə NATO arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı dialoqa başlamaq təklifinı tənqidi yanaşıblar. Co Baydeninin təklifini tənqid edən ölkələrin adları çəkilməsə də, bu ölkələrin Polşa, Litva, Latviya və Estoniya ola biləcəyi ehtimal edilir.

Co Baydenin Vladimir Putinlə iki saatlıq danışıqları haqqında ətraflı məlumat olmasa da, ilkin qənaət ondan ibarətdir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısı alınıb. İki liderin 2022-ci ilin oktyabr ayında Böyük 20-lərin sammitində üzbəüz görüşmək qərarları belə qənaətə səbəb olub ki, Ukrayna ən azı həmin tarixə kimi hücuma məruz qalmayacaq. Çünki əks halda Co Baydenlə görüş mümkün olmayacaq. Bütün bunlar ehtimallardır və Co Baydenin Vladimir Putinlə iki saatlıq danışıqları ilə bağlı mətbuata sızan məlumatlara əsaslanır.

Ukrayna Rusiyanın hücumundan xilas edilibsə, bunun əlamətləri ən yaxın gündə aşkar görünməlidir. Əgər yaxın günlərdə Rusiya Ukrayna sərhədinə cəmləşdirdiyi nəhəng ordunu əvvəlki yerlərinə qaytarsa, bu, Co Baydenin Vladimir Putinlə danışıqlarının həqiqətən məhsuldar olduğunu göstərəcək. Əks halda Co Baydenin Vladimir Putinlə iki saatlıq danışıqlarının heç bir nəticə vermədiyi məlum olacaq. Çünki Rusiyanın Ukrayna sərhədinə cəmləşdirdiyi nəhəng ordu yalnız bu ölkəyə hərbi müdaxilə üçün nəzərdə tutulub. Rusiya özünün Qərb sərhədlərini gücləndirmək üçün bir neçə il əvvəl 350 minlik əsgərini mərkəzi rayonlardan bu istiqamətə daşıyıb. Hətta bəzi ekspertlər həyəcan təbili çalırlar ki, 350 minlik ordunun mərkəzi rayonlardan və Sibirdən Qərb istiqamətinə daşınması ölkənin Şərq sərhədləri istiqamətində boşluq yaranmasına səbəb olub. Lakin rəsmi Moskva hələlik təhlükəni Şərqdən deyil, Qərbdən gözlədiyi üçün Çin təhlükəsi ilə bağlı fikirləri nəzərə almır. Bütün bunlar onu göstərir ki, Rusiyanın Ukrayna sərhədində 100 minlik ordu saxlamasına gərək yoxdur. Əgər Rusiya öz ordusunu geri çəkməsə, bu, Ukraynaya hərbi müdaxilənin gündəmdə qalması və Co Baydenin Vladimir Putinlə iki saatlıq danışıqlarının nəticəsiz bitməsi demək olacaq. Bu zaman isə Rusiyanı sərt iqtisadi sanksiyalardan hətta Co Bayden də qoruya bilməyəcək. 

 





12.12.2021    çap et  çap et