525.Az

Erik Zummerin "Rekonquista" təşəbbüsü


 

Erik Zummerin "Rekonquista" təşəbbüsü<b style="color:red"></b>

Fransada prezident seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar daha da qızışır. Məlum olduğu kimi, gələn ilin aprelində, təxminən 4 ay sonra prezident seçkisi keçiriləcək. Son prezident seçkisində Emmanüel Makron qarşısında məğlub olan sağçı qüvvələr bu dəfə uğur qazanmağa çox iddialıdırlar. Qeyd edək ki, 2017-ci ildə sağçı qüvvələrin təmsilçisi - Milli Cəbhənin namizədi Marin Le Pen seçkinin ilk turunda Emmanüel Makronla ciddi rəqabət apara bilsə də, seçkinin ikinci turunda böyük fərqlə məğlub oldu. O zaman sağçı qüvvələrin məğlubiyyətində üç amil böyük rol oynamışdı. Birinci amil fransız cəmiyyəti gənc və adı siyasi qalmaqallarda hallanmamış Emmanuel Makronun uğurlu namizəd olacağı qənaətində idi və ona böyük ümidlər bəslənirdi. İkincisi, Milli Cəbhənin namizədi Marin Le Pen seçkinin ikinci turunda digər namizədlərin dəstəyini qazana bilmədi və əksər namizədlər Emmanuel Makronunu dəstəklədilər. Üçüncü amil isə Marin Le Penin Rusiya ilə bağlılığı və Moskvadan pul alması ilə bağlı iddiaların gündəmə gəlməsi idi. Bu üç amil Marin Le Penin məğlubiyyətinin əsas səbəbləri idi.

İndi isə vəziyyət bir qədər fərqlidir. Sağçı qüvvələrin əsas namizədi olmağa iddialı Erik Zummer prezident seçkisində qalib gələ bilər. Erik Zummerin elan etdiyi "Rekonquista" hərəkatı adı bu şəxsin niyyətlərindən xəbər verir. Fransanı NATO-dan çıxaracağını bəyan edən Erik Zummerin yeni hərəkat üçün "Rekonquista" adını seçməsi sağçı qüvvələrin daha böyük niyyətindən xəbər verir. "Rekonquista" Piriney yarımadasının ərəblərdən geri alınmasına verilən addır. Bununla Erik Zummer Fransa və Avropaya müsəlman mühacirlərin axınının qarşısını alacağına işarə edir. Bunun üçün ölkəyə gələn qaçqınların sayını azaltmaqla Fransanın miqrasiya siyasətini dəyişdirmək niyyətindədir. Bu məqsəd üçün Erik Zemmur miqrantların ailələrinin birləşməsi hüququnu ləğv etməyi də planlaşdırır. Eyni zamanda, sağçıların yeni namizədi qeyri-Avropa mənşəli miqrantlara sosial yardımı azaltmağı planlaşdırır. Bu addımlar Fransaya Zummerin bəyan etdiyi kimi qeyri-Avropa mənşəli miqrantların axınını azaldacaq. Erik Zummerin proqramına dövlət qulluqçılarının maaşlarını artırmaq, dövlət satınalmaları sistemini dəyişmək, daha çox sifarişlərin fransız şirkətlərinə verilməsini təmin etmək və həmçinin, vergiləri azaltmaq da daxildir.

Oktyabrın 30-da prezidentliyə namizəd kimi rəsmi qeydiyyatdan keçən Erik Zummer  bildirir ki, indi Fransada islahatların vaxtı deyil, onu xilas etmək lazımdır.

Əgər Erik Zummer qalib gəlsə, Fransanı NATO-dan çıxarmasa da, müsəlman miqrantların Fransaya yolunu kəsəcək. Onun bu siyasəti uğur qazanarsa, digər Avropa dövlətləri də Fransanın yolu ilə getməyə təşəbbüs edə bilər.

 





12.12.2021    çap et  çap et