525.Az

Gəncə qəbiristanlıqlarında ictimai iməciliklər ənənəyə çevrilir


 

ŞƏHƏRİN QƏDİM "SƏBZİKAR" MƏZARLIĞINDAKI SƏLİQƏ-SƏHMAN TƏŞƏBBÜSÜNƏ DƏSTƏK VERMƏYƏ ŞƏHİDLƏRİN YAXINLARI DA GƏLMİŞDİLƏR

Gəncə qəbiristanlıqlarında ictimai iməciliklər ənənəyə çevrilir<b style="color:red"></b>

Bir müddət əvvəl Gəncənin "İmamzadə" Dini və Tarixi-Mədəniyyət Kompleksi ətrafındakı qəbiristanlıqda apaprılan silsilə iməciliklərdən sonra şəhərin mərkəzinə yaxın ərazidəki, dörd əsrdən çox yaşı olan "Səbzikar " məzarlığında da ictimai iməcilik keçirildi. Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə baş tutan iməciliklərə şəhərin müvafiq qurumları da geniş dəstək verirlər.

İməcilik şəhərin Gəncə şəhərinin Nizami Bələdiyyəsinin, İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yaşıllaşdırma idarəsinin, eləcə də qəbiristanlığının rəhbərliyinin dəstəyi və işçi qüvvələrinin  iştirakı ilə baş tutub.

Dörd saatdan artıq bir vaxtda yeddi  hektar ümumi ərazisi olan qəbiristanlığın müəyyən bir hissəsi tam təmizlənib.

Xüsusi qeyd etmək lazımdır ki, bu xoş təşəbbüsə öz dəstəklərini bildirmək üçün Vətən torpaqları uğrunda canlarını əsirgəməyən qəhrəman şəhidlərimizin yaxınları da gəlmişdilər.

"Əziz şəhidlərimizin dəyərli valideyinləri və ailə üzvləri öz iştirakları ilə bizə böyük şərəf vermiş oldular. Vətənə layiqli övladlar vermiş bu insanların bu cür həssaslığı bütün cəmiyyət üçün bir ibrətdir. Bu qeyrətli insanların hər gün rast  gəldiyimiz belə örnək davranışları  xalqımızı bir olmağa, birliyi əldən verməməyə, yaxşı işlərə dəstək, neqativ hallara sərt təpki göstərməyə səsləyən bir çağırışdır", - deyə İctimai İştirakçılıq Məclisinin üzvü Müzadil Həsənov bildirib.

Sözügedən ərazidə də iməciliklərin davamlı keçiriləcəyi nəzərdə tutulur.

Zakir MURADOV,
Gəncə

 





14.12.2021    çap et  çap et