525.Az

İctimai Şura üzvü nazirlikdən qrant alırsa... - Sosial şəbəkədə yazılanlar


 

İctimai Şura üzvü nazirlikdən qrant alırsa... -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Sahib Məmmədov, siyasətçi:

- İran prezidenti Rəisi Rusiya prezidenti Putinlə telefonla danışıb. Rəisi telefon danışığında xüsusi olaraq qeyd edib ki, "Regionda geopolitik statusun və sərhədlərin dəyişdirilməsi yolverilməzdir". 

Bundan bir müddət əvvəl də İran quru qoşunlarının komandanı Heydəri demişdi ki, "Heç bir qüvvə regionun xəritəsini dəyişə bilməz, biz buna dözməyəcəyik".

Bunlar düzələn deyil və bunlara göstərilən xoş məramı qiymətləndirə bilmirlər. Adama (dövlətə) deyərlər ki, 30 il idi regionun xəritəsi zorla dəyişdirilmişdi və sənin sərhədinin 132 kilometri işğal edilmiş ərazilərə düşürdü. Bəs onda hardaydı dözümsüzlüyünüz?

***

- BBC azərbaycanlılar və ermənilər arasında videosorğu keçirib. Bizimkilər normal danışır. Bəziləri deyir ki, barışıq mümkündür, bəziləri deyir ki, mən heç vaxt Ermənistana getmərəm. Amma nifrət dili yox dərəcəsindədir. Ermənilər isə "türklər dağıdıcıdır", "biz onları bağışlaya bilmərik", "onlar erməni xalqının qarşısında diz çökməlidir", "türklərlə bir yerdə yaşamaq mümkün deyil" və daha ağır təhqir və nifrət dilindən istifadə edirlər. Bunları toplayan yoxdur sadəcə. Ermənilər isə bizim KİV üzərində monitorinq sistemi qurub, toplayıb aparıb tökürlər beynəlxalq məhkəmələrə ki, baxın.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Əvvəllər bəzi deputatlar gömrüyü tənqid edirdilər, indi DGK sədri Səfər Mehdiyev bəzi deputatları ittiham edib.

Maraqlıdır, DGK nəyin əsasında belə ciddi ittiham irəli sürüb?

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib.

S.Mehdiyev virtualaz.org-a müsahibəsində bildirib ki, deputatlar vətəndaşların adından fırıldaqçılıq edirdilər. Bəzi deputatlar çox sayda vətəndaşların adından istifadə edərək, gömrük rüsumu ödəməsindən yayınaraq xaricdən müxtəlif məhsullar gətirərək biznes qurublar.
DGK sədri hansı faktlara görə bu cür ciddi ittiham səsləndirə bilərdi?

Məlum olduğu kimi, DGK son zamanlar "Smart Customs" və bir çox digər uğurlu rəqəmsal həllər hazırlayıb.

Bu rəqəmsal resurslarda son bir ildə 200-dən çox karqo (kuryer) şirkət, yüz minlərlə vətəndaşlarımız qeydiyyatdan keçib. Dövriyyə ildə 200 milyonu keçib.

Vətəndaşlar bu daşıyıcı şirkətdən istifadə edərək, xaricdən aldığı malları "Smart Customs"da bəyan etməklə daha asan və rahat formada əldə edirlər.

Mall-lardakı bahaçılıq, Türkiyədəki ucuzluq bu prosesi xeyli kütləviləşdirib.

Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konket bir fiziki şəxsə, yoxsa minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyənləşdirə biliblər.

DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, görünür, gömrüyün İT komandası yaxşı işləyib.

Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa, bu cür açıq-aşkar ittiham etməzdi. Ümumiyyətə, müşahidələrimiz göstərir ki, son zamanlar bir çox  dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv  istifadə edirlər.

*** 

- Baxıram ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə regionlarda "İnnovasiya Festivalı" keçirilir.

20-30 il, hətta, yarım əsr bundan öncəki texniki avadanlıqlar da gözə dəyir.

Nazirliyin Aqroservis qurumu anbarında ötən illərdən  nə varsa, innovasiya adına fermerlərə təklif edir.

Bilmirəm, İnam müəllimin xəbəri varmı?

***

Fərid Pərdəşünas, texnobloger:

- DİN Teleqram kanallarında xanımların görüntülərini yayıb, şantaj məqsədilə pul tələb edən dəstəni saxlayıb. Aralarında yetkinlik yaşına çatmayan şəxs də var. Gör, hansı səviyyədə olmalısan ki, bu hərəkəti edəsən. Ümumiyyətlə, son zamanlar teleqram kanallarından hər növdə məlumat yayıldığını görürük. Xüsusilə qapalı və təhlükəsiz sistem kimi tanınmağa çalışan Teleqram-ın bu üstünlüyündən sui-istifadə edən adamlar başa düşməlidir ki, nə qədər qapalı olsa da, polis sonda həmin şəxsləri - adminləri müəyyənləşdirib yaxalaya bilir. Bu səbəbdən platformaların təhlükəsizliyinə güvənib, ağlagəlməz və iyrənc cinayət əməlləri törətmək o qədər də ağıllı fikir deyil.

***

Eynulla Fətullayev, jurnalist: 

- Vikiliksin əfsanəvi təsisçisi Assanjı təhvil verdilər Amerikaya... Nə aclıq kömək etdi, nə də beynəlxalq dünyanın dəstəyi. Artıq beynəlxalq ictimaiyyət məfhumu yoxdur. Regional fövqəldövlətlər düzəmi var. Və bu düzən liberalizm əsasında yox, dövlətlərin maraqlarının uzlaşması və təhlükəsizliyi üzərində qurulub. Mən bu yeni prosesi təxminən 2006-2007-ci illərdə duymağa başladım. Bəs liberalizmin intibahı mümkündürmü? Marksizmin tarixi silsiləsi nəzəriyyəsinə əsasən, liberal dəyərlərin intibahı mütləq baş verəcək. Amma yeni dövrdə... Bu dövr isə yaxın onilliklərdə görünmür. Bunun üçün dünyada böyük partlayış və sıçrayış baş verməlidir!

***

Qismət Rüstəmov, şair:

- Ölkədə İSBN (Beynəlxalq standart kitab nömrəsi) məsələsi rəzil gündədir. Dörd müəllif, 8 tərcümə kitabım çap olunub, belə görünür ki, heç birinin heç yerdə qeydiyyatı yoxdur. Xaricdə ən adi jurnalda çıxan məqaləmin belə "pasportu" var, istənilən axtarışda görünür. Bizdə İSBN işinə Xəzər Universiteti baxır, onlar da işin ancaq satış hissəsində maraqlıdır, heç bir nəşr beynəlxalq bazada görünmür. Götürün bizdə çıxan istənilən kitabı İSBN axtarış sistemlərində yoxlayın, heç nə çıxmayacaq, istənilən türk dilində kitabı yoxlayın, mənzərəni görün. Bütün dünyada bu işə ya Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi baxır, ya da Milli Kitabxana. Məndən adicə 13 rəqəm istəyirlər ki, bizə göndər, üstünə tıklayaq, kitabını görək, həmin rəqəm var, amma arxasında kitab yoxdur...

***

Səbuhi Məmmədov, jurnalist: 

- Son illər parlayan bir imza deyin. Yoxdur. Biri vardı, çox yaxşı reportyor olacaqdı. Bəlkə də olacaq. İndi kriminal mövzuya yönəldiblər. 

Bunları yazacaqdım, Xalid yazdı...

Açığı, jurnalistikaya yeni gələn nəslin "oxumuşluğu" sıfırın üzərindədir. Praktikaya gələnlərə sual verirəm, məlum olur ki, vaxtilə biz oxuduğumuz kitabların 1 faizini də oxumayıblar, söz baqajlarında cəmi 3-4 yüz kəlmə var, onun da tən yarısının düzgün yazılışını bilmirlər. Oxuduqları mahal dialektində yazılmış feysbuk statusları və xırda-para, qeyri-ciddi xəbərlərdir. Yaza bildikləri isə standart press-relizlərdir. Jurnalistika nəzəriyyəsini az-çox bilirlər, amma yazı yaza bilmirlər. Hələ istisna halla qarşılaşmamışam, ancaq dəqiq bilirəm ki, nadir istisnalar, az yaşıyla əla mətnlər yaza bilən nadir istedadlar da var. Fəqət, istisnalar qaydanı pozmur.

İndi belə gənc jurnalistləri necə test etmək olar? Keçid balı 100-dürsə, 25-ni toplaya bilməyəcəklər. Onların lazımi bilik, məlumat və savada, təcrübəyə, vərdişlərə yiyələnmələri üçün hansısa redaksiyada (ən yaxşısı özünü "məktəb" sayan və adlandıran qəzetdə) 5-6 il işləmələri lazımdır. Yalnız bu cür öyrənə bilərlər, başqa yolları yoxdur.

***

Zahir Əzəmət, jurnalist: 

- "Media qanunu" layihəsi ətrafında gedən müzakirələri, yazılan statusları, münasibətləri bir neçə qrupa bölmək olar:

- Oxumadan rəy yazanlar: bəzən elə iradlar bildirilir ki, görürsən ki, layihədə belə şey yoxdur

- Oxuyub, amma doğru təhlil etmir, ya da yarımçıq anlama var.

- Oxuyub, anlayıb, faydalı təkliflər verir.

Üçüncü qrupa üzümü tutub deyirəm ki, faydalı təkliflər Feysbuk-da status səviyyəsində, lağlağı ortamında qalmamalıdır. Faydalı təkliflərini yaz, sistemləşdir, əsaslandır və ən azı, Media Agentliyinə təqdim et. Yoxsa yazılanlar elə burda da qalacaq, sonra da folklora, qeybətə çevriləcək. 
Çünki hər işin bir yürümə qaydası, rəsmiyyət forması var!

Sabah İşçi komissiyası, Media Agentliyi desə ki, heç bir təklif təqdim olunmayıb, onda da bir lağlağı status yazıb keçəcəksinizmi? 

Agentlik elan edib ki, təkliflər gözləyirik...

Vaxt azdır. Kim təqdim edib?

***

Aqşin Kərimov, jurnalist:

- Baxıram bəzi yoldaşlar, qanunla qanun layihəsinin fərqini anlamırlar, layihənin müzakirəyə təqdimini isə az qala geri dönüşü olmayan proses kimi qiymətləndirirlər. 

Bir neçə məqam: 

1. Qanun layihəsi parlamentə təqdim olunmamışdan öncə ictimai müzakirələrdən keçmişdi (obyektivlik naminə düzünü demək lazımdır). O başqa məsələ ki, jurnalist çevrəsi bütünlüklə bu müzakirələrdə iştirak etməmişdi. 

2. Layihə parlamentin komitələrinin birgə iclasında ikinci mərhələdə ictimai müzakirəyə təqdim edilib. 

3. Bu hələ o demək deyil ki, layihə qəbul olunub, qarşıda yeni müzakirələr olacaq - istər komitə, istərsə də plenar iclaslarda. 

4. Bu o deməkdir ki, ictimai basqıya səbəb olan müddəalara yenidən baxılma imkanı var. 

5. Təbii ki, güman etmək çətindir ki, layihə bütövlükdə, köklü dəyişikliyə məruz qalsın. Amma hər halda nələrsə nəzərə alına bilər.

***

Alqış Musayev, jurnalist:

- Bir neçə il əvvəl "Bukinist"də 18 il Sovetlər Birliyinin lideri olmuş Leonid İliç Brejnevin 75 illik yubiley foto-albomuna rast gəldim. Kitabı evdə vərəqləyərkən xeyli təəccübləndim; Brejnevin bütün respublika rəhbərləri ilə birlikdə şəkilləri vardı, Heydər Əliyevdən savayı. Bu necə ola bilərdi? Axı Brejnev Azərbaycana və onun başçısına isti münasibət bəsləyirdi.

Səbəbini axtarıb tapdım. Nəşrin axırıncı səhifəsində, kiçik hərflərlə yazılmışdı: Şəkillər Brejnevin şəxsi fotoqrafı Xaçaturyan tərəfindən təqdim edilmişdır.

***

Seymur Verdizadə, jurnalist:

- İctimai Şura nazirliyin fəaliyyətinə nəzarət etmək, problemləri ictimailəşdirmək üçün yaradılıb. Əgər İctimai Şuranın üzvü nazirlikdən qrant alırsa, problemi necə dilə gətirəcək? Aldığı pul onun dilini qısa etməyəcək?

 





14.12.2021    çap et  çap et