525.Az

Hökumətlərarası Təqaüd Proqramları: üstün səviyyə və genişlənən imkanlar


 

Hökumətlərarası Təqaüd Proqramları:<b style="color:red"> üstün səviyyə və genişlənən imkanlar </b>

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdıqları və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP təqaüd proqramları aktivdir. HTP üzrə tərəfdaş ölkələrin coğrafiyasının genişləndirilməsi istiqamətdə beynəlxalq əməkdaşlıq davam etdirilir. Qeyd olunan HTP ölkələrinin təqaüd proqramlarına dair müvafiq elanlar barədə məlumatlar hər tədris ili üçün yenilənir. Hökumətlərarası Təqaüd Proqramları sürətli dəyişikliklər dövründə ölkəmizin  davamlı inkişafının başlıca   hərəkətverici qüvvəsi hesab olunan  insan kapitalının formalaşmasında mühüm  əhəmiyyət daşıyır. HTP çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Respublikası (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya Federasiyası üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Tələbələrin qəbul olduğu universitetlər sırasında "Budapest University of Technology and Economics", "Corvinus University of Budapest", "Eötvös Lorand University", "MGIMO University", "Riga Technical University" və "İstanbul Üniversitesi" üstünlük təşkil edir. 

Sözügedən  proqramdan yararlanan gənclərdən biri də HTP  çərçivəsində Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorantura (PhD) təhsili alan Əminət Diqanayevadır.  Ə.Diqanayeva 1993-cü ildə Balakən rayonunun Püştətala kəndində anadan olub. İbtidai təhsilini həmin kənddə, orta təhsilini  IX sinfə qədər Qaravəli kənd orta məktəbində, X və XI sinifləri isə Zaqatalada Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə alıb. 2010-cu ildə həmin liseydə ilin ən yaxşı şagirdi seçilib. 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin  "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr  təhsili alıb. Həmin müddətdə ingilis dilində akademik inşa müsabiqəsində birinci yerə  çıxıb. Debat yarışmasında 10 ən yaxşı "spikerdən" biri və  universitet üzrə şeir müsabiqəsində üçüncü yerin qalibi seçilib. 2020-ci ildə Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) "Təhsilin idarə edilməsi"  ixtisası üzrə magistr təhsili  alıb. Cari ildən həmin universitetdə doktorantura təhsilinə başlayıb. Paralel olaraq ingilis dili müəllimi kimi fəaliyyət göstərir və  "Aminat English youtube" kanalını idarə edir.

Ə.Diqanayeva deyir ki, proqram xaricdə təhsil almaq istəyən, lakin xəyallarını maddi çətinliklərə görə gerçəkləşdirə bilməyən gənclər üçün çox əhəmiyyətlidir: "Bu proqramdan faydalana bildiyim üçün özümü şanslı hiss edirəm".

Onun sözlərinə görə, magistratura təhsilini keçən il fərqlənmə ilə bitirib: "Onu da qeyd edim ki, qrupumuzda fərqlənmə ilə bitirən yeganə tələbə oldum. Magistratura tezisim isə universitetdə keçirilən yarışmada ilin üçüncü ən yaxşı tezisi seçilib. Bundan, təbii ki, qürur duyuram. Təhsil aldığım  Eotvos Lorand Universiteti (ELTE)  Macarıstanın ən yüksək reytinqli universitetidir. Dərsləri tədris edən professorlardan çox razıyam. Üzərində işlədiyim mövzu "Azərbaycanda müəllimlərin rifahı ilə professional inkişafı arasında əlaqə"dir. Müəllimliklə bağlı təcrübəm olduğundan və həm də müəllimlərin inkişafının təhsilin inkişafının "onurğa sütunu" olduğunu düşündüyümdən bu mövzunu Azərbaycan reallığında araşdırmaq istəyirəm. Araşdırmamın nəticələrinin təhsilimizə töhfə verə biləcəyinə ümid edirəm və bunu düşünmək məni çox həyəcanlandırır".
Ə.Diqanayeva  bildirib ki, hazırda təhsil hibrid formada təşkil olunub - yəni dərsə qatıla bilən hər kəs universitetə gəlir. Pandemiyaya görə universitetə gəlməkdə çətinlik çəkənlər isə dərslərə onlayn qoşulur: "Doktoranturanın ilk ilində olduğumdan  əsasən tədqiqat metodlarını, yəni araşdırmanın nəzəriyyə hissəsini öyrənirik. Buna görə də pandemiyanın təhsilimə çox təsir etdiyini düşünmürəm".

Onun dediyinə görə, hər şeydən öncə, təhsildə bütün tərəflərin iştirakı vacibdir. Hər kəs dediyimizdə, təhsil iştirakçıları - şagirdlər, tələbələr, müəllimlər, valideynlər, direktorlar, təhsil idarəçiləri, alimlər, təhsil tədqiqatçıları və mütəxəssisləri, bir sözlə, təhsillə əlaqəli hər kəs nəzərdə tutulur: "Fikrimcə, uğurlu təhsil meneceri, ilk növbədə, bunun təmin olunmasına çalışmalıdır.  Onların fikirlərinin öyrənilməsi və ölkədəki təhsil səviyyəsinin müəyyən edilməsi üçün isə ikinci vacib element olan keyfiyyətli və inkişaf etmiş araşdırma mərkəzlərinin yaradılması məqsədəmüvafiq sayıla bilər. Təhsilin idarəçiləri belə araşdırmalar sayəsində davamlı olaraq yerli şərait, tələblər, ehtiyaclar, münasibətlər və s. haqqında dolğun bilgiyə sahib olar və sistemlə bağlı yeni qərarlar verərkən daha effektiv qərarların alınmasına çalışar. Təhsildə islahatlar təhsilin inkişafı üçün vacibdir, lakin daha da vacib olan həmin islahatların necə aparılmasıdır. Bəzən təhsilə yeniliklər gətirərkən dünya təcrübəsi olduğu kimi tətbiq olunur. Halbuki bundan daha vacibi yerli ehtiyacları öyrənmək və yeni islahatları ona uyğun aparmaqdır - bir ölkədə uğurlu olan yenilik, başqa birində uğursuz ola bilir".

Ə.Diqanayeva  qeyd edib ki, son dönəmdə bütün dünyada təhsil texnologiyaları  geniş aktuallıq kəsb edir: "Əlbəttə, texnologiyalar həyatın ayrılmaz parçası olduğundan tədris prosesində də istifadə olunmalıdır. Müəllimlərin tədris texnologiyalarını bilmələri  və öyrənmələri və istifadə etmələri üçün şəraitin yardılması vacibdir. Texnologiyalar dərsin daha effektiv, öyrənənlərə daha maraqlı, əyləncəli və praktik keçmək üçün istifadə oluna bilər. Bundan əlavə, tədris mərkəzlərində internet resurslarından öyrənənlərə  ("öyrənən" sözünü vurğulayıram, çünki burda yalnız uşaq və gənclər deyil, yetkin, orta və yuxarı yaşlı insanlar da nəzərdə tutulur) düzgün şəkildə - özünü inkişaf, dərslə bağlı araşdırmaların aparılması, proyektlərin hazırlanması və s. üçün istifadə etmək öyrədilməlidir".

Xaricdə təhsil almaq istəyən, əcnəbi universitetlərdə  elmi tədqiqatlara maraq göstərən gənclərə öz tövsiyələrini verən Ə.Diqanayeva  bildirib ki, gənclər ilk növbədə getmək istədikləri ölkəni dəqiqləşdirməli, əgər qəbul şərtlərində həmin ölkənin dil sertifikatına tələb varsa, dilini öyrənməyə başlamalıdırlar: "Qəbul vaxtına az qalmış imtahanlara hazırlaşmaq və paralel olaraq da dili öyrənməyə çalışmaq streslidir. Hansı sahəni öyrənmək istədiyinizə hər zaman əmin ola bilmirik. Mümkün qədər müxtəlif sahələri araşdırın, fərqli sahə mütəxəssisləri ilə görüşmək, sual vermək imkanınız varsa, bunu edin. Belə bir imkanınız yoxdursa, kitablardan, internetdən fərqli sahələr haqqında oxuyun və araşdırın. Sadəcə adını bildiyiniz bir sahəni oxumağa qərar verməyə tələsməyin. Xaricdə oxumaq əlçatmaz deyil. Hara getmək və hansı sahə üzrə oxuyacağınızı dəqiqləşdirdikdən sonra, işə başlayın: qəbul üçün lazım olan sənədləri toplayın, imtahanlara hazırlaşın. Əməyinizin qarşılığını mütləq alacaqsınız".

Gələcək plan və hədəflərindən söz açan Ə.Diqanayevanın sözlərinə əsasən, gələcək planlarına ölkə və dünyadakı təhsil sistemləri ilə bağlı daha çox araşdırmalar aparmaq, pedaqoq fəaliyyətimi davam etdirmək və eyni zamanda, təhsil meneceri kimi fəaliyyət göstərmək daxildir: "Bu üç sahə təhsillə bağlı bütün arzularımı özündə birləşdirir: araşdırma aparmaq, pedaqoji işdə olmaq, siniflərdəki vəziyyətdən xəbərdar olmaq və menecer kimi öyrəndiklərimi tətbiq edə bilmək mənim üçün ən ideal karyeradır. Təhsilli cəmiyyətin daha sağlam, daha az stresli və maliyyə cəhətdən daha yaxşı standartlara sahib ola biləcəyinə inanıram -  bunu,  araşdırmalar da göstərir. Bu sahədə olmaqla həm vətənimə, həm də qlobal təhsilə fayda və insanların inkişafına töhfə verə bilmək məni motivasiya edir".

Sevinc QARAYEVA

 





14.12.2021    çap et  çap et