525.Az

Yazıçılar Birliyində türkiyəli ədiblərlə görüş keçirilib - Foto


 

GÖRÜŞDƏ “TÜRK DÜNYASINA ÜSTÜN XİDMƏT”, “NİZAMİ” VƏ “ŞAHMAR ƏKBƏRZADƏ” MÜKAFATLARI LAUREATLARA TƏQDİM EDİLİB

Yazıçılar Birliyində türkiyəli ədiblərlə görüş keçirilib -<b style="color:red"> Foto</b>

Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyində Türkiyədən gəlmiş ədiblərin - Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı, tərcüməçi İmdat Avşarın iştirakı ilə görüş təşkil olunub. 

525.az xəbər verir ki, AYB-nin sədr müavini Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin Azərbaycan-Türkiyə mədəni əlaqələrinə böyük töhfələr verdiyini qeyd edərək, bu tədbir çərçivəsində təqdim olunacaq mükafatlar barədə qonaqları məlumatlandırıb. R.Məcid İmdat Avşara AYB tərəfindən təsis olunmuş “Nizami” mükafatını təqdim edib. İmdat Avşar “Nizami” mükafatına layiq görüldüyü üçün dərin minnətdarlığını bildirib.

Çıxışında Vəqfin tarixindən, fəaliyyətindən bəhs edən İmdat Avşar “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təsis edilməsi və laureatları barədə danışıb. Qeyd edib ki, Azərbaycan və Türkiyə ədəbiyyatları arasındakı sıx əlaqə ümumtürk ədəbyyatı tarixində xüsusi əhəmiyyət kəsb edir. 

Bakıya gəlişindən məmnunluğunu ifadə edən Serhat Kabaklı Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafının vacibliyindən söhbət açıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq Zəfəri yüksək qiymətləndirərək sevincini bölüşüb. 

Daha sonra “Türk Dünyasına Üstün Xidmət” mükafatlarının təqdimatı olub. İmdat Avşar laureatlar – Rəşad Məcid və Əjdər Ol barədə ürək sözlərini dilə gətirib. Mükafatlar Serhat Kabaklı və İmdat Avşar tərəfindən Rəşad Məcidə və Əjdər Olun qızı Türkay xanıma təqdim olunub. Tədbirdə professor Elçin İsgəndərzadə iki qardaş xalqın mənəvi bağlılığından söz açıb, Türk Ədəbiyyat Vəqfinin Türkiyədə olduqca çoxşaxəli və nüfuzlu fəaliyyəti barədə danışıb. E.İsgəndərzadə Sərhat Kabaklıya “Vektor” Elm Mərkəzi tərəfindən “Fəxri doktor”, İmdat Avşara isə “Şahmar Əkbərzadə” mükafatını təqdim edib.

Qeyd edək ki, bu il 20 yanvar şəhidi Ülvi Bünyadzadənin “Sevginin sonu yoxdur” şeirlər kitabı Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda türkcə nəşr olunmuşdu. Tədbirdə çıxış edən akademik Könül Bünyadzadə Vəqfin bu təşəbbüsünü Ülvi Bünyadzadənin ruhuna ehtiram əlaməti olan təqdirəlayiq addım kimi qiymtələndirib. 

Bundan başqa tədbirdə İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan “Göyərçin sevdası“ kitabının müzakirəsi keçirilib. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən kitabın ərsəyə gəlməsində əməyi olan Narıngül Nadir, Xəyalə Zərrabqızı və digərlərinə fəxri fərmanlar təqdim edilib.

“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tələbələri ilə birlikdə tədbirdə iştirak edib. Pərvin xanım təşkil olunan bu tədbirin əhəmiyyəti barədə danışaraq bildirib ki, bu görüşlər xalqlarımız arasında mədəni-mənəvi bağlılığın güclənməsinə təkan verir. Sonra tələbələr İmdat Avşarın hekayələri barədə fikirlərini bölüşüblər, tədbir bu mövzuda diskussiya şəklində öz fikilərini bildiriblər.
Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı və Əməkdar müəllim Ofeliya Babayeva Serhat Kabaklının dilimizə tərcümə olunan “Bil, oğlum” kitabı barədə öz fikirlərini bölüşüblər.

Nadir YALÇIN

 

 





14.12.2021    çap et  çap et