525.Az

"QAPI" - Ramiz Rövşən


 

"QAPI" -<b style="color:red"> Ramiz Rövşən </b>

Bu dünyanın dörd ili,
Dava ili, dərd ili.

1.QAPI

O ilin otları uzun,
     dörd il idi biçən yoxdu,
           uzanmışdı boyları.
O ilin qızları uzun,
     dörd il idi çalınmırdı toyları,                                                                                                                                                                            uzanmışdı, uzanmışdı boyları.
O dörd ili yollara boylanmaqdan
     qoca-qoca qarılar da
           bəlkə boy atmışdılar...

...Şaxanım nənənin oğlu
     davadan qayıdanda
           ha uzatdı əlini
Qapının cəftəsinə
     əli çatmadı, çatmadı.
Ancaq qapı elə həmin qapıydı,
           qapı bir damcı da boy atmamışdı...

Üzün gülsün axşam-axşam,
Dərdin olsun yalan, qapım!
Uzaq eldən qayıtmışam,
Salam, qapım!.. Salam, qapım!..

Gec yatıb, tezdən oyanıb,
Hər qəfil səsdən oyanıb,
Çəpərlər üstən boylanıb
Gözü yolda qalan qapım.

Hörümçəkdən tor bağlayan,
Külək açan, yel bağlayan,
Dərd əlindən yarpaqlayan,
Təzə pöhrə olan qapım...

Şaxanım nənə oğlunun səsini eşitdi, qalxdı, ancaq qapıya gedə bilmədi. Sevincindən qıçları tutulmuşdu. Bir qapıya baxdı, bir qıçlarına... Dörd il bundan qabaq oğlunu davaya yola salanda ayaqlarının ucunda dikəlmişdi, qollarını salmışdı oğlunun boynuna, ağlamışdı. İndi də elə onu bacardı ki, birtəhər ayaqlarının ucunda dikəldi, qollarını uzatdı irəli...

Şaxanım nənənin qolları uçdu,
     uçub getdi qolları.
Qapıları taybatay
     açıb getdi qolları.
Oğlunun başı üstündən,
Gözünün yaşı üstündən
     keçib getdi qolları.
Ağaclara, budaqlara çırpıldı,
Göydə bir cüt qanad kimi çırpındı.
İtib qaldı,
     azıb qaldı qolları,
Yetim qaldı,
     yazıq qaldı qolları.

...Quşlar alar qanadına –
                             yorulsa,
Atam oğlu,
           dünya ölüm-itimdi!
Bu nə işdi – 
           ana sağdı, oğul sağ,
Göy üzündə bir cüt qol var,
                             yetimdi...

Şaxanım nənə elə o cür, ayaqlarının ucunda axır ki, birtəhər qapıya çıxdı, ha boylandı, baxdı, oğlunu görmədi. Aşağıdan, lap ayağının dibindən bir səs gəldi:

– Hara baxırsan, ay ana?!

Şaxanım nənə baxdı, oğlunu gördü, əvvəl bir şey başa düşmədi:

– Anan ölsün, a bala, – dedi, – niyə oturmusan? Ayağa dursana.

Şaxanım nənənin oğlu:

– Neyləyim, – dedi, – ay ana?!. Elə oturmağım da budu, durmağım da...

...Və Şaxanım nənə başa düşdü, qolları kor-peşman göydən endi, bir ucu öz çiyninə düşdü, bir ucu oğlunun çiyninə – bir cüt yetim qoludu, nə onundu, nə bunun...

Şaxanım nənənin oğlu altdan yuxarı anasının gözlərinə baxdı, alnı islandı:

– Ağlama, – dedi, – ay ana, ağlama!..

Şaxanım nənə:

– Ağlamıram, – dedi, – a bala, sudu...

Sudu dünyanın yarısı,
Əvvəli su, axırı su,
Sudu bizdən yuxarısı,
Sudu bizdən aşağısı...

Bulud qalxdı, haçalandı,
Yağış yağdı, ha çiləndi...
Göl olub gölməçələndi
Ağlar gözdən aşağısı...

Döz bu dərdə – 
                 dözənəcən,
Bu dərd səni üzənəcən,
Oğul gəlib dizinəcən,
Hanı dizdən aşağısı?!

Kəndə xəbər yayıldı ki, Şaxanım nənənin oğlu qayıdıb gəlib. Xəbər çatdı Sonaya. Sona da ki, nə Sona!.. Bu kənddə Sona kimi istəyən yoxudu, Sona kimi gözləyən yoxudu: dörd ildi ki, Şaxanım nənənin oğlundan ötrü yollara boylanmaqdan uzanıb-uzanıb kəndin bütün qızlarını ötmüşdü...

Atıldı evin içindən, – 
     qaçdı Sona, nə qaçdı!..
Sevincindən
     ürəyi atdana-atdana,
Kürəyində
     hörüyü atdana-atdana
           qaçdı Sona, nə qaçdı!..
Bu yol nə çox çəkdi, – dedi,
Ayaqlarım ləngdi, – dedi,
     qaçdı Sona,
           keçdi Sona,
                 ötdü ayaqlarını.
Ayaqları dalda qaldı,
Ayaqları yolda qaldı,
     özü getdi, 
           özü çatdı
                 Şaxanım nənəgi¬lə...

...Şaxanım nənənin oğlu
                 qucaqladı Sonanı,
Qollarının üstə aldı,
           əzizləyə-əzizləyə apardı.
İkisi də
     bir yastığa baş qoydular, yatdılar, –
           aynan, ilnən yatdılar,
Səhərlər bir-birini
     öpdülər, oyatdılar...
...və eləcə
     Sonanın ayaqları
           yolu yarı eləyincə
Şaxanım nənənin oğluna
           burda
     bir oğul doğdu Sona.
Beşiyini
     evin içindən asdı,
Hörüyündən asdı, saçından asdı.
Gecələr beşik başına
     əyildi başı Sonanın,
Uşaq ağladı, çığırdı,
     dağıldı huşu Sonanın –
Yuxusu dağıldı, saçı dağıldı...

...və eləcə
     Sonanın ayaqları
           Şaxanım nənəgilin
                 qapısına çatanda
Sona özü
     uşağını
           əmizdirə-əmizdirə
                 pəncərədən baxırdı...

Pəncərədən baxan Sona deyildi, Şaxanım nənəydi. O necə baxmağıdı, ilahi?!. Sona diksindi, çaşdı:

– Nə olub, – dedi, – a Şaxanım xala, niyə elə baxırsan?!. Yoxsa yalandı, – dedi, – yoxsa, qayıdıb gəlməyib?!.

Şaxanım nənə baxdı, baxdı, handan-hana lap yavaşcadan pıçıldadı:

– Qayıdıb, – dedi, – a bala, qayıdıb.

«Gəlib» deməyə dili gəlmədi...

 

BİRİNCİ NƏĞMƏ

Dilin yansın, dil yiyəsi,
Söz deməyə dilim gəlməz.
Bu nə sirdi, sirr yiyəsi,
Gedən gedər, gələn gəlməz.

Dünya, yolların yorulsun,
Suların axsın, durulsun,
Ev yıxan, qapın vurulsun,
Bu qapıya gəlin gəlməz.

Göydə bulud dolar gedər,
Quşlar qanad salar gedər,
Oğulları alar gedər,
Analara ölüm gəlməz...


İKİNCİ NƏĞMƏ

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

Biz ki yol nədi, bilməzdik,
Biz ki öl nədi, bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...


ÜÇÜNCÜ NƏĞMƏ

Kirpik gözə yiyə durmaz,
Ağız sözə yiyə durmaz,
Dünya bizə yiyə durmaz,
Dünyanın da yiyəsi yox.

Dərdimiz-sərimiz birdi,
Hər dərdin canı səbirdi,
Hər ömrün sonu qəbirdi,
Daha bunun niyəsi yox.

Bu ömrü bizə kim biçdi?
Fələyin felinə düşdük,
Bir dərzi əlinə düşdük,
Qayçısı var, iynəsi yox.


DÖRDÜNCÜ NƏĞMƏ

Ömür ötür yavaş-yavaş,
Daha gün-gündən qısadı.
Gəl duraq boy-boya, qardaş,
Görək kim-kimdən qısadı.

Axtardım itən yolları,
Üstə ot bitən yolları,
Dünyanın bütün yolları
Mənim səbrimdən qısadı.

Qəm eləmə, atam oğlu,
Keçən keçib, olan olub...
Əlim boş, ürəyim dolu,
Dilim ömrümdən qısadı.


BEŞİNCİ NƏĞMƏ

Bu ot hansı otdu görən,
Kimin üstə bitdi görən,
Kim kimi unutdu görən,
Kim kimin yadında qaldı?

Bilən hanı mən biləni,
Demədim mindən birini,
Nəğmələrin ən şirini
Dilimin altında qaldı.

Ağarmaz saçım qarası,
Ölürəm, anam balası,
Alnıma yazılan yazı
Telimin altında qaldı...


ALTINCI NƏĞMƏ 

İlahi, öldü bu adam,
Gözləri bağlıdır daha.
Onu nə sevmək qorxudur,
Nə ölmək qorxudur daha.

Kimi var salsın yada ki?!.
Bu gün-sabah dünyadakı
Bir yaşıl otdur, ya da ki,
Bir quru qarğıdır daha.

Ağlamağa bir kəsi yox,
Ağacı yox, kölgəsi yox,
Yeri-yurdu, ölkəsi yox,
«Allahın» oğludur daha...


YEDDİNCİ NƏĞMƏ

Səngərlərə günəş doğur,
Oyan, oyan, yatan oğul!..
Hanı tüfəng tutan oğul,
Oğulun əlləri hanı?!..

Evdə yeri göründüsə,
Niyə gəlmir gələndisə?..
Bu gəlin o gəlindisə,
Xınalı telləri hanı?!..

Kim bu yurda qəm daşıdı?!..
Bu dağ deyil, baş daşıdı,
Bu göl deyil, göz yaşıdı,
Bəs bunun gölləri hanı?!..


SƏKKİZİNCİ NƏĞMƏ

Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?
Qalanların yaddaşında
Ölənlərin əzizdimi?

Bizi görən güzgülərin
İndi görür özgələri,
Nə biləsən, ən gözəli
O üzdümü, bu üzdümü?

Dərdimizi az çək, dünya,
Hər gələn gedəcək, dünya,
Qalanların gecikdi, ya
Ölənlərin tələsdimi?!..


DOQQUZUNCU NƏĞMƏ

Bir stəkan çay tök, içim,
Şirin olsun, acı olsun.
Anan mənim anam olsun,
Bacın mənim bacım olsun.

Ev tikdik, uçulan deyil,
Bir kimsə köçürən deyil,
Baxtımız açılan deyil,
Qapımızı açan olsun. 
Mənsiz ömrün uzun olsun,
Baş qoymağa dizin olsun,
Ağlamağa gözün olsun,
Ağarmağa saçın olsun!..


ONUNCU NƏĞMƏ

Bulud gəldi göy başına,
Dedi, anam, döy başına,
Hər kənddən hər ev başına
Oğul getdi, qayıtmadı.

Gün əridi, gecə qaldı,
Ağaclar eləcə qaldı,
Yarpaqları əlcə qaldı,
Budaqları boy atmadı.

Yollar yedi izlərini,
Oğulların dizlərini,
Anaların gözlərini
Yollar yedi,-
           doyurtmadı...

 





15.12.2021    çap et  çap et