525.Az

“Avropa təsir dairələrinə bölünməyəcək” - Conson xəbərdarlıq edir


 

“Avropa təsir dairələrinə bölünməyəcək” -<b style="color:red"> Conson xəbərdarlıq edir </b>

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı xəbərdarlıq edib ki, Ukraynaya qarşı hərbi təcavüz Moskvanın strateji səhvi olacaq. Ukrayna sərhədində rus qoşunlarının toplanması ilə bağlı Böyük Britaniyanın dərin narahatlığını bildirən Boris Conson gərginliyin azaldılması üçün diplomatik danışıqlara üstünlük verməyi məsləhət görüb. O, Rusiyanın Ukraynaya hərbi təcüvüz edəcəyi halda bunun ciddi nəticələr verəcəyinə işarə vuraraq Putini təmkinli davranmağa çağırıb.   

Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində NATO-nun Şərqə doğru genişlənməsi və Ukraynanın Alyansa qoşulmaq ehtimalını ölkəsi üçün təhlükə hesab etdiyini bildirib. Bundan başqa, Rusiya prezidenti rəsmi Kiyevi Donbasda vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməkdə, münaqişə zonasında Minsk razılaşmaları ilə qadağan edilmiş ağır silahlardan və pilotsuz uçuş aparatlarından istifadə etməkdə günahlandırıb. Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinə telefon danışığında diqqət çəkən iki məqam var. Birincisi, bu danışıq G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin dekabrın 12-də Liverpulda keçirdikləri və Rusiyaya xəbərdarlıq bəyanatı yaydıqları görüşdən dərhal sonraya təsadüf edir. Belə görünür ki, Böyük Britaniya Avroatlantik birliyin Avropadakı əsas təmsilçisi kimi çıxış etməyi öz üzərinə götürüb. Liverpul görüşündən sonra Böyük yeddilərin  (G7) xarici işlər nazirləri birgə bəyanat yayaraq, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün böyük nəticələrə gətirib çıxaracağı və Moskvaya baha başa gələcəyi barədə xəbərdarlıq ediblər. G7 ölkələrinin xarici işlər nazirləri bir daha Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edərək, dövlətlərin sərhədlərini dəyişdirmək üçün gücdən istifadənin beynəlxalq hüquq normaları ilə qəti şəkildə qadağan olunduğunu vurğulayıblar. Xarici işlər nazirləri Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə bağlı əməkdaşlığı gücləndirmək barədə də razılığa gəliblər.

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinə telefon danışığında diqqət çəkən ikinci məqam isə rəsmi Londonun artıq Avropanın təsir dairələrinə bölünməsi siyasətindən birmənalı imtina etməsidir. Məlum olduğu kimi, İkinci Dünya müharibəsinin sonlarına yaxın, 1944-cü ildə Böyük Britaniyanın Baş naziri Uinston Çörçil müharibədən sonra Avropanın təsir dairələrinə bölünməsini təklif etmişdi. O zaman ABŞ prezidenti Franklin Ruzvelt bu ideyanın qəti əleyhinə çıxsa da, Sovet İttifaqının başçısı İosif Stalin Uinston Çörçilin bu fikrini dəstəkləmiş, müharibədən sonra Avropa faktiki olaraq iki təsir dairəsinə bölünmüşdü. İndi isə Boris Conson Avropanın təsir dairəsinə bölünməsi ideyasından imtina edir.

Belə görünür ki, Ukrayna, Belarus, Moldova və Cənubi Qafqazı öz təsir dairəsi kimi görmək istəyən Moskvanın istəklərinin reallaşmasına imkan verməmək niyyətində olan Avroatalantik birliyinin yekdil və qəti iradəsi formalaşıb. Böyük Britaniyanın Moskvanın təsir dairəsini tanımaqdan imtina etməsi də bununla bağlıdır. 

 





15.12.2021    çap et  çap et