525.Az

Rəşid Behbudovla bağlı nadir arxiv kadrları yayılıb - Video


 

Rəşid Behbudovla bağlı nadir arxiv kadrları yayılıb -<b style="color:red"> Video</b>

Azərbaycan Televiziyası görkəmli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 106 illiyi ilə əlaqədar sənətkarın nadir arxiv kadrlarını yayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, televiziyanın yeni yaradılmış "AzTV tarix" adlı yutub kanalına yerləşdirilən videoda sənətkarın neftçilər, mədən işçiləri qarşısında çıxışı, eləcə də kənd zəhmətkeşlərinə, tarla məhsullarına həsr olunmuş nəğmələr ifa etməsi əks olunub. Kadrlar 1955-ci ilə aid "Əmək və sülh nəğmələri" sənədli filmindəndir. Filmdə öncə Rəşid Behbudovun neftçilər qarşısında çıxış etməsi üçün "7 gəmi" adasına (Neft daşları) gəlməsi, orada qarşılanması və neftçilər qarşısında çıxış etməsi əks olunub. Onlar Rəşid Behbudovu səmimiyyətlə qarşılayır, ən çox neft çıxarılan quyuların işi ilə tanış edirlər. Burada daha bir nadir kadra rast gəlinir. Rəşid Behbudovu qarşılayanlar arasında neftçi Qurban kimi tanıdığımız Qurban Abbasov da var. O, Xalq artistini dinləmək üçün adaya gəlib. Filmdə daha sonra taxıl və tarla zəhmətkeşlərinə həsr olunmuş musiqi nömrəsində müğənninin Azərbaycan SSR-in bol məhsulu və taxılı haqqında oxuduğu nəğmə, Daşkəsəndə mədən işçiləri qarşısında ifa etdiyi "Mən sülhə səs verirəm" mahnısı yer alır. Onun Qax rayonunun Sarıbaş kəndinin "Alagöz" yaylağında heyvandarlar qarşısında çıxışı da videoda əks olunur. Filmdəki son ifa isə məşhur çoban Qaraya həsr olunmuş "Çoban Qara" mahnısıdır. Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub. Bu gün sənətkarın doğum günüdür. Onu da bildirək ki, "AzTV tarix" yutub kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.


 

 





15.12.2021    çap et  çap et