525.Az

Bağışlayın, saat neçədir?.. - Şahnaz Şahinin essesi


 

Bağışlayın, saat neçədir?.. -<b style="color:red"> Şahnaz Şahinin essesi</b>

Bilirəm, başlığı görən kimi dodağınız qaçdı, şirin təbəssüm üzünüzün masaj xətləri istiqamətində hər tərəfə yayıldı, yadınıza da nələr düşmədi ki... Hə, düz tapdınız, bu dəfə bir zamankı ən asan və aldadıcı tanışlıq vasitəsindən söz açacam. Hansı ki, çoxunuzun başına gəlib, tramvay, trolleybus dayanacağında uzun gözləmələr vaxtı kimsə yaxınlaşıb və guya gözləməkdən bezdiyi üçün:

- Bağışlayın, xanım, saat neçədir? - soruşub.

Siz də adamına baxıb canını almısız... Sonra da rəfiqənizlə görüşəndə ləzzətlə danışıb gülmüsüz. Səmimi etiraf edim ki, onların arasında təmiz niyyətlilər də az olmurdu, amma çoxu bekarçılıqdan söz tullayanlardı ki, onlar da "haqqına düşəni alıb"  uzaqlaşırdılar. Gənc və təcrübəsiz tələbə qızlar bərk həyəcan keçirirdilər, illah da dərsdən axşamtərəfi çıxa, qış fəsli,  günün bir qarış amanı olan vaxt ola, yolu da ki uzaq... Hələ bunun işıq lampaları yanmayan qaranlıq küçələrini, dar dalanlarını demirəm. Bax ona görə eyni istiqamətdə yaşayan qızlar yolu bərabər getməyə üstünlük verərdilər. 

İllər necə sürətlə keçib getdisə, bir də baxdıq ki, çox şey dəyişib, elə şəhər də, adamlar da, münasibətlər də. Bir də baxdıq ki, nə tramvay var, nə trolleybus, nə də onların yerlə, göylə əlləşən yolları qalıb, haçandır göndəriblər arxivə həmin ucuz, rahat minik vasitələrini... Köks ötürdük, təzə çəkilmiş asfalt yollara baxıb tramvay xətlərinin xatirəsinə daldıq, "buynuzu" yerindən çıxaraq yarı yolda qalan trolleybusların xiffətini elədik. Onların yerini tutan irili-xırdalı avtobuslar sürətlə bizi mənzilə aparanda xəyallarımızla da vidalaşmalı olduq. Daha heç vaxt rahat oturub tələsmədən, xəyallarımızla, düşüncələrimizlə baş-başa yol getməyəcəkdik, indi minik də zamana uyğundur - tələskən, sürətli. İndi bir istiqamətdə hərəkət edən bir neçə avtobus mənzil başına tez yetişmək üçün yolda ötüşə də bilər, dayanacaqda saxlamaz da... və s. Sürücü də o deyil ta, əsəbi, yorğun, robot xasiyyətli olub çoxu...

Mən keçmişdən gəlmişəm,
Qəbul edəcəksənmi?
Könlümdən keçənləri,
Duyub biləcəksənmi?

Bir dostum var, bu günlərdə yeri düşdü deyə danışdı, o illərin köhnə kişilərindəndir, deyir və sözünü də tutur. Saat məsələsi onun da həyatından keçibmiş, özü də necə! Deyir:

- İndiki "İçərişəhər", o vaxtkı "Bakı soveti" metrosunun qarşısında bir qız gördüm, ürəyimə ilk baxışdan necə yatdısa, tanış olmaq üçün yollar aramağa başladım. Dar macalda ağlıma heç nə gəlmədi, gördüm qolunda saatı var, vaxtı soruşmaq yerinə çaşıb "xanım, saatınız səhv işləyir, düzəldin" dedim...

Onu dinləyəndən sonra yaddaşımı eşələdim, qalaq-qalaq tələbəlik xatirələrinin arasından astaca birini çəkib götürdüm... Günortadan keçmişdi, oxuduğum universitetin yanındakı dayanacaqda tramvay gözləyirdim, yanımda xeyli adam da vardı, qəfil bir sərxoş yaxınlaşıb saatı soruşdu. Təbii ki, yersiz sualı cavabsız buraxdım və sifətimi turşudub kənara çəkildim, elə bu zaman tramvay da gəlib çatdı. Adam mənim tramvaya minməyimə mane olmaq istəyir, bununçun da qollarını açıb yolumu bağlamağa çalışırdı. Amma mən ondan yaxa qurtara bildim, o da tez ardımca özünü vaqona salmaq istərkən bir tanımadığım kişi onu itələyib yerə saldı, hələ bir-iki də şapalaq ilişdirdi (Allah ondan razı olsun). Demə, bayaqdan müşahidə edirmiş, əvvəl elə bilib tanışıq, sonra məsələni biləndə qarışmışdı işə... Deyirəm, görən indi də belə edərdilərmi?..

Kimi dindirsəm, bol xatirə süfrəsi açar, eləsini isti-isti, eləsini buz kimi qoyar ortalığa. İllər acı xatirələri də şirinləşdirir... İnsan yaddaşı su kimi güclüdür, möhkəmdir, ən etibarlı saxlanc yeridir...

Hərdən 
üzə çıxır xatirələr,
hərdən batır sularda.
Hələ 
nə sirlər gizlənir, 
gör nələr batır sularda...
Su çirkab götürməz, 
cəsəd saxlamaz,
Nə varsa 
diri qalır sularda.

...Gündüz çox işləmişəm, həm zehni, həm fiziki. Artıq üçüncü gündür ki, eşiyə çıxmıram, axşamçağı bir az hava almaq məramıyla evdən çıxıram. Elə yaxınlıqdan keçən avtobusla şəhərin mərkəzinə qədər gəlib yeraltı keçiddən sahilə tərəf adlayıram. Hava sakit, təmiz, göy üzü açıq, buludsuz, ətrafda insanlar məsud dəyir gözümə. Payız hələ üstünlüyü ələ keçirə bilməsə də, yayın istisinə öyrəşən insanları xəbərdar edib deyəsən, çünki çoxluq fəsli geyimdədir. Beləcə, ətrafı müşahidə edərək gəlib bir boş oturacaq tapıb əyləşirəm, yenə fikrim təbiətin sirli aləmində, gözüm gözəllik arayır. Axı, Nitsşe demiş, Yerlərlə Göylər arasında elə şeylər var ki, onları yalnız şairlər duya bilirlər. Qəfil qulağıma dəyən səsdən diksinməsəm, Allah bilir, düşüncələrim hara qədər uzanacaqdı...

- Xanım, bağışlayın, saat neçədir? 

Başımı çevirmədən:

- Saatım yoxdur! - dedim və könlümə yığdıqlarım tökülüb dağılmasın deyə, tez qalxıb uzaqlaşdım.

Amma işdir, siz kimdənsə, haçansa belə yersiz sual eşitsəniz: 

- Baxır saata və onun sahibinə... - deyin...

 





15.12.2021    çap et  çap et