525.Az

Noyabrda icbari tibbi sığorta çərçivəsində 611 mindən çox müraciət qeydə alınıb


 

Noyabrda icbari tibbi sığorta çərçivəsində 611 mindən çox müraciət qeydə alınıb<b style="color:red"></b>

Bu ilin noyabr ayında icbari tibbi sığortanın tətbiq olunduğu 58 şəhər və rayonda 379 039 vətəndaşa 1 402 945 tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 525.az-a bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 611 814 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 221 696-sı ambulator, 181 249-u isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrində xidmət alması üçün 19 763 şəxsə 23 683 göndəriş verilib. Bu göndərişlərin 8 890-ı invaziv radiologiya, 4 687-si radiologiya, 3 338-i oftalmologiya, 1 973-ü urologiya, 1 564-ü ürək-damar cərrahiyyəsi, 993-ü neyrocərrahiyyə, 319-u travmatologiya, 212-si kardiologiya, 25-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1 682 təşkil edib. Qeyd edək ki, göndərişlərin 22 339-u (94%) planlı, 1 344-ü (6%) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 386 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 464 nəfərini uşaqlar təşkil etmişdir. Belə ki, 18 yaşdan yuxarı 5 985 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4 866, oftalmologiya üzrə 2 958, urologiya üzrə 1 180, nevrologiya/neyrocərrahiyyə üzrə 639, travmatologiya üzrə 347, LOR üzrə 171, digər sahələr üzrə 143, ümumi cərrahiyə üzrə 69, ginekologiya və doğuş üzrə 28 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 237 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə noyabr ayı ərzində 620 651 nəfərə 1 044 998 müraciət üzrə 2 388 664 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 956 210-u ambulator, 432 454-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-noyabr ayları ərzində isə 58 şəhər və rayon üzrə 2 546 746 vətəndaşa 6 368 363 müraciət üzrə 14 533 487 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 15 981 486-sı (78%) 18 yaşdan yuxarı, 4 507 599-u (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

Qeyd olunub ki, bu ilin noyabr ayı ərzində Bakı TƏB-i üzrə 211 287 və Sumqayıt TƏB-i üzrə 42 794 (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar) vətəndaşa ümumilikdə 985 719 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 433 184 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 734 514-ü ambulator, 251 205-i isə stasionar şəraitdə göstərilib.

 





16.12.2021    çap et  çap et