525.Az

Ehtiyat dərsliklər praktikası: yeni dövrün çağırışına cavab


 

Ehtiyat dərsliklər praktikası: <b style="color:red"> yeni dövrün çağırışına cavab</b>

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq həyata keçirilir. Monitorinqlərin keçirilməsində məqsəd 3-cü və 4-cü siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili və 5-ci sinifdə təbiət fənni üzrə yeni hazırlanan dərsliklərin tətbiqi zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərin müəllimlərinin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərinin öyrənilməsi, şagirdlərin dərslikdəki mövzuları nə dərəcədə mənimsədiklərini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq.

Monitorinqlər Bakı, Abşeron, Sumqayıt, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, Xaçmaz (Xudat), Quba, Qusar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Goranboy, Gəncə, Göygöl şəhər və rayonlarının seçilmiş məktəblərində keçirilir. 

İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən həyata keçirilir. Bu dərsliklərin mahiyyəti ilə bağlı sərəncamın icrasına başlandığı ilk gündən anlaşılmazlıq hiss olunmaqdaydı. "Ehtiyat" olması bu dərsliklərin istifadədə olan dərsliklərlə yanaşı istifadə olunacağı fikrini yaradırdı ki, bu da çaşqınlığa səbəb olurdu. Hansı dərsliyin hansı şəraitdə, nə vaxt istifadə ediləcəyi ilə bağlı çoxlu suallar yaranırdı. Artıq məsələ aydınlaşıb. Təhsil İnstitutu tərəfindən hazırlanan bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır və hazırda istifadədə olan ənənəvi dərsliklərdən məzmun və metodologiya baxımından fərqlənir. Ancaq geniş elmi-pedaqoji araşdırmalar nəticəsində ərsəyə gələn müasir dərsliklər hazırki dərslikləri inkar etmir.

Yeni dərsliklərin fərqli cəhətləri oxunaqlılığı, görünüş və dizaynı ilə şagirdin motivasiyasını qaldırması ilə də ortaya çıxır.

Ehtiyat dərsliklərin hazırlanması prinsipləri dərsliklərin ənənəvi hazırlanması prinsiplərindən ciddi surətdə fərqlənir. Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Həmin məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.

Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edildikdən sonra qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək  xüsusi sənəd formasında hazırlanıb. Bunun nəticəsidir ki, yeni dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə nisbətən daha çox yer verilib.

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin mütəxəssisi İzzət Babayeva deyir ki, gənc nəslin təlim və tərbiyəsində əsas bilik mənbəyi olan dərsliklər, demək olar ki, bütün dövrlərdə təhsil sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyıb. Ölkədə dərslik siyasəti dünya təcrübəsinə əsaslanaraq təkmilləşdirilib və müasirləşdirilib. Buna baxmayaraq, dərsliklərin hazırlanması prosesində hələ də bəzi çatışmazlıqlar mövcuddur. Bu çatışmazlıqların bəziləri keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsasən aşkar olunub. Müəyyən olunan çatışmazlıqları aradan qaldırmaq və təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə "Ehtiyat dərslik" ideyası gündəmə gətirilib. Məqalədə ehtiyat dərslik komplektlərinin hazırlanması, onların tətbiqi və effektivliyinin qiymətləndirilmə prosesi əks olunur. Ehtiyat dərsliklərin tətbiq edildiyi birinci sinif şagirdlərinin qiymətləndirmə tədqiqatındakı göstəricilərinin yüksək olması həmin dərsliklərin kütləvi istifadəsinə zəmin yaradıb: "Dünya inkişaf etdikcə yüksək təfəkkür mədəniyyəti formalaşdırmaq məsələsi bütün cəmiyyətlərdə prioritet sahəyə çevrildiyi üçün təhsil müasir dövrdə insan həyatının ən önəmli mərhələsi hesab olunur. Müasir dünyanın tələblərini nəzərə alaraq, şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi üçün təhsilin ən aşağı pillələrindən başlayaraq sistemli tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin ən əhəmiyyətli hissələrindən biri də dərslik siyasətidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya təcrübəsinə əsaslanaraq təhsilin məzmununda sistemli islahatlar həyata keçirildi. 2008-2009-cu dərs ilindən I siniflərdə yeni təhsil proqramlarına uyğun hazırlanan dərslik komplektlərinin tətbiqi həmin istiqamətdə aparılan islahatlardan biridir. Keçirilən islahatlara baxmayaraq, dərsliklərlə bağlı hələ də bəzi problemlər öz aktuallığını saxlayır. Bunlardan biri təhsil proqramları ilə dərsliklər arasında uyğunsuzluğun olmasıdır. Yəni dərsliklər nə qədər təkmilləşdirilsə də, hələ təhsil proqramını tam əhatə etmir. Bu da təhsilin öz məqsədlərinə çatmasına maneə törədir. Dərsliklərlə bağlı meydana çıxan bu çətinliklər isə ardıcıl olaraq digər problemlərə səbəb olur. Dərslik təhsil proqramlarının məzmununu ehtiva edən əsas vasitə hesab olunduğu üçün cəmiyyət şagirdlərin bütün nailiyyətlərini və uğursuzluqlarını birbaşa dərsliklərlə əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, təhsilə təsir edən tək amil dərslik deyil. Şagirdlərin nəticələrinə yalnız dərsliklər deyil, eyni zamanda müəllimlər, valideynlər, məktəb mühiti, sosial-psixoloji amillər də təsir edə bilər. Şagirdlərin təhsil nailiyyətlərinə təsir edən amillər çoxdur, lakin bu məqalədə dərsliklərin effektivliyi barədə danışıldığı üçün dərslik amili əsas götürülür. Digər məsələ isə dərsliklərin hazırlandıqdan sonra sınaqdan keçirilməməsidir. Təhsil Nazirliyi tərəfindən dərsliklərin xüsusi meyarlar əsasında qiymətləndirilməsinə baxmayaraq onların sinif mühitində də sınaqdan keçirilməsi vacib hesab olunur. Çünki bu halda istifadə zamanı yarana biləcək problemlər üzə çıxır".

Onun sözlərinə görə, ehtiyat dərsliklər 3 mərhələli müsabiqə əsasında seçilmiş müəllim və müəllif heyəti tərəfindən hazırlanıb və sınaqdan keçirilib: "Aydındır ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Ona görə də ölkəmizdə ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi prosesi həyata keçirilib. Ehtiyat dərslik vəsaitləri hazır olduqdan sonra ölkə üzrə təsadüfi yolla seçilmiş məktəblərdə sınaq təşkil edilib. Dərsliklərin effektivliyini qiymətləndirmək məqsədilə tədqiqatın aparılması üçün eyni məktəbin ənənəvi və ehtiyat dərsliklərin tədris olunduğu siniflərində eksperiment aparılıb. Sınaqda iştirak edən şagirdlər ölkənin bütün şagird kateqoriyalarını əhatə etməklə reprezentativ seçim əsasında müəyyən olunub. Ümumillikdə, ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə etməklə 97 məktəbin 123 birinci sinfində 3244 şagirdin təhsili ehtiyat dərslik komplekti əsasında təşkil edilib. Sınaq zamanı müxtəlif monitorinqlər keçirilmiş, müəllimlərin dərs müddətində rəyləri öyrənilib və nəticələrə əsasən dərslik vəsaitinə müvafiq düzəlişlər olunub. Tədris ilinin sonunda ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi üçün tədqiqat aparılıb. Ölkə üzrə təsadüfi seçimlə müəyyən edilən 97 məktəbdən 51-də ehtiyat dərsliklərin effektivliyinin qiymətləndirilməsi təşkil olunub. Tədqiqatda eyni məktəbin həm ehtiyat dərslik, həm də ənənəvi dərslik istifadə etmiş şagirdləri iştirak edib. Bu məqsədlə şagirdlər kontrol və eksperiment qrupları üzrə bölünmüşdür. Kontrol qrupa ənənəvi, eksperiment qrupa isə ehtiyat dərslik əsasında təhsil almış şagirdlər daxil edilib. Tədqiqatda ehtiyat dərslikdən istifadə üzrə 53 faizi oğlan olmaqla ümumilikdə 1266, ənənəvi dərslikdən istifadə üzrə isə yenə də eyni nisbətdə 1272 şagird iştirak edib.Tədqiqat məktəbin bütün siniflərində deyil, təsadüfi seçilən konkret siniflərində həyata keçirilib. Sınaq prosesində məlumatların toplanması üçün Azərbaycan dili və riyaziyyatın müəyyən edilmiş məzmun xətləri üzrə müvafiq kitabçalar hazırlanıb. Azərbaycan dili fənni üzrə 2 kitabça və riyaziyyat fənni üzrə 5 kitabça paylanıb. Riyaziyyat fənninə aid beşinci kitabça yalnız ehtiyat dərslik üzrə təhsil alan şagirdlərə təqdim olunmuşdur. Hazırlanan 6 kitabçada şagirdlərin cavablandırılması üçün 15 sual qeyd olunmuş və hər bir sualın növündən asılı olaraq maksimum ballar müəyyən edilib. Riyaziyyat üzrə beşinci sual kitabçası üçün isə 11 sual hazırlanıb".

İzzət Babayeva  bildirib ki, aparılan tədqiqat göstərir ki, ehtiyat dərsliklərdən istifadə etmiş şagirdlərin riyaziyyat və Azərbaycan dili fənləri üzrə topladıqları orta bal göstəricisi ənənəvi dərsliklərdən istifadə etmiş şagirdlərin topladıqları orta bal göstəricisindən yüksəkdir: "Ehtiyat dərsliklərin effektivliyini qiymətləndirmək üçün həyata keçirilən tədqiqatın nəticələrindən məlum olur ki, qeyd olunan dərsliklərdən istifadə edən şagirdlərin mənimsəmə göstəriciləri daha yüksəkdir. Bu isə həmin komplektlərin kütləvi istifadəsinə şərait yaradır. Lakin sınaq zamanı məzmun standartları üzrə nəticələrdəki fərq bütün suallar üzrə statistik cəhətdən əhəmiyyətli deyil. Bu, yalnız dərslik komplektinin məzmunu ilə deyil, həmçinin tədris prosesində müəllimlərin qarşılaşdıqları çətinliklərlə və şagirdlərin sosial-iqtisadi vəziyyəti ilə əlaqəli ola bilir. Həmin istiqamətdə müvafiq tədbirlər görülməsi də ehtiyat dərslik komplektinin tətbiqi zamanı qarşıya qoyulan məqsədə çatılması prosesini sürətləndirəcək. Beləliklə, ölkəmizdə dərslik siyasəti ilə bağlı atılan bu yeni addım təhsil sistemi qarşıya qoyulan məqsədlərə çatmaqda və bu sahədə yaranmış vacib problemlərin həll olunmasında mühüm addım hesab oluna bilər".

Sevinc QARAYEVA
 

 





16.12.2021    çap et  çap et