525.Az

"Nizami ili" çərçivəsində Kürdəmirdə daha bir tədbir olub


 

"Nizami ili" çərçivəsində Kürdəmirdə daha bir tədbir olub<b style="color:red"></b>

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi və "Nizami ili" ilə bağlı ölkənin hər yerində tədbirlər keçirilir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da bu münasibətlə silsilə tədbirlər hazırlayıb.

525.az xəbər verir ki, bu silsilədən növbəti tədbir dekabrın 14-də Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə keçirilən ədəbi-bədii məclis olub.  Məclisi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq iştirakçıları, xüsusilə tədbirin fəxri qonaqları olan şəhid ailələrinin üzvlərini ehtiramla salamlayıb. Y.Bahadurqızı dünya ədəbiyyatı tarixində yeni mərhələ açan Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən bəhs edərək, bu məqsədlə filialın keçirdiyi tədbirlər haqqında məclis iştirakçılarına məlumat verib. 

Tədbirin qonağı - AMEA Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov "Nizami Gəncəvinin milli və ədəbi kimliyi" mövzusunda məruzəsində deyib: "Nizami mənbələrə orijinal yanaşma üslubu nümayiş etdirərək milli keçmişimizlə bağlı tarixi faktlardan öz məqsədi üçün - türklərin möhtəşəm tarixinin gələcək nəsillər tərəfindən unudulmaması və qəhrəmanlıq ənənələrimizin əbədi yaşaması üçün uğurla bəhrələnib, milli kimliyimizi sərgiləyən dastan, əfsanə, rəvayət və nağıllarımızdan səmərəli istifadə etmişdir". 

Mollakənd tam orta məktəbinin direktoru Akif İbrahimov, Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxışlarında Nizami dühasının qüdrətindən, onun ölməz əsərlərindən, "Nizami ili" çərçivəsində keçirilən tədbirlərin gənc nəslin formalaşmasındakı rolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində "Sözün sehri"  telemüsabiqəsinin qalibləri Turanə Şıxəliyeva, İradə Məmmədova, xanəndə Sabir Hüseynov, tarzən Rövşən Zamanov, kaman ifaçısı Rafiq Paşayevin ifaları dinlənilib. 

Sonda "Nizami Gəncəvi ili"ndə keçirilən tədbirlərdə fərqlənənlərə  AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı fəxri fərmanlar təqdim edilib.
 

 





16.12.2021    çap et  çap et