525.Az

"Cümhuriyyət adamı": Xatirələrin əbədiyaşar sakini - Nadir Yalçın yazır...


 

USTAD PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOVA HƏSR OLUNMUŞ KİTAB HAQQINDA QEYDLƏR

"Cümhuriyyət adamı": Xatirələrin əbədiyaşar sakini -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

Ötən günlərə sadiqliyin təcəssümü

Tarixin sirlərlə dolu köhnə səhifələrini vərəqlədikcə qəribə hadisələrin şahidi olursan və bu qəribəliklərdən doğan müxtəlif suallar daima səni düşündürür. Bəzən baş verənləri tarixə çevirən materialların qeyri-dəqiqliyi və yaxud azlığı hansısa məqamın əbədi pünhan qalmasına səbəb olur. Bağlı qalan kitabların bir gün açılması tarix və tale məsələlərindən asılıdır. Haqqa gedən yolda əsən bütün fırtınalar faydasızdır.

Bəzən də elə olur ki, Tanrı öz lütfünü əsirgəmir, hansısa bəndəsinin fərqlənməyinə rəvac verir, nəfəsini uzun, qətiyyətini möhkəm, əzmini sarsılmaz, yaddaşını yenilməz, təfəkkürünü tükənməz edir. Həmin adamlar ömürlərinin sonuna qədər işıqlı sabahlar naminə mücadilə aparırlar. "Fədai" sözünün leksik mənası bütün çılpaqlığı ilə belə insanların mənəviyyatına nüfuz edir. 

Azərbaycan xalqının keşməkeşli taleyində bir sıra isimlər həmin fədailər mərtəbəsində ehtiramla anılır. Həmin şəxsiyyətlərdən biri də Azərbaycan mətbuatının məhək daşı, tariximizin sayıq keşikçisi, ömrünü Cümhuriyyət tarixinin tədqiqi və təbliğinə həsr etmiş, sözünün kəsəri qılınc kimi iti olan ustad professor Şirməmməd Hüseynovdur.

Professor Şirməmməd Hüseynov son 100 illik tariximizlə yaşıd olan, öz taleyini xalqının taleyinə düyünləyən vicdanlı fikir adamı kimi Azərbaycan xalqının qəlbində enməz taxt qurub. O, elmi yaradıcılığı ilə yanaşı, özündən sonra neçə-neçə söz və fikir adamının yetişməsində böyük rol oynayıb. Elə ona görə də, ustad pedaqoq kimi xatirələrdə hörmətlə anılır, sevgi ilə yad edilir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Elm və həyat" jurnalının sabiq baş redaktoru, Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, öz etibarı ilə könüllər fəth edən Ülkər Hüseynovanın tərtib etdiyi və redaktor olduğu "Cümhuriyyət adamı" kitabı professora həsr olunmuş ən qiymətli nəşrlərdən biri kimi olduqca qiymətlidir. Bu nəşr Ülkər xanımın ailə bağlarından əlavə, həm də bir fikir adamı kimi nəhəng alimə verdiyi dəyərdir. 

Orta-yaşlı nəslin xatirələrindən eşitdiklərimiz Ülkər Hüseynovanın Şirməmməd müəllimə olan böyük qayğısı, dərin ehtiram və məhəbbəti, sadiqliyi barədə ağızdolusu danışmağa əsas verir. Elə bu nəşr də Ülkər xanımın Şirməmməd müəllimə olan etibarının və sevgisinin təcəssümüdür.

Kitabda yer alan "Universitetdə keçən ömür" adlı yazıda Ülkər xanım Şirməmməd Hüseynovun 75 illik pedaqoji fəaliyyətində öz peşəsinə müqəddəs yanaşmasından söhbət açıb. Şirməmməd Hüseynovla tələbələrinin münasibətilə bağlı bəzi xatirələri qələmə alan Ülkər xanım professorun "525-ci qəzet"lə sıx əlaqələri barədə fikirlərini oxucularla bölüşüb. Təxminən, 18 il müddətində "525-ci qəzet"in şənbə sayında Şirməmməd Hüseynovun bir, bəzən də iki səhifə yazısı çap olunurmuş. Ülkər xanım nisgilli günləri belə xatırlayır: "Onun axırıncı yazısı "525-ci qəzet"in 22 iyun şənbə nömrəsində çap olundu.  Bu tarixdən sonra "525-ci qəzet"də onun səhifələri birdəfəlik qapandı. Ölüm xəbərini eşidən qəzetin əməkdaşlarından Şahanə Müşfiq ürəkağrısı ilə demişdi: "Daha qəzetimizdə Şirməmməd müəllimin səhifələri olmayacaq".

Şirməmməd Hüseynovun çox yaşamasının sirri

Şirməmməd Hüseynovun həm ölümündən əvvəl, həm də sonra haqqında yazılan məqalələrin bir qismi, 2004-cü ildə BDU-da anadan olmasının 80 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirindəki çıxışlar, professorun arxivindəki məqalələrin bir neçəsi "Cümhuriyyət adamı" kitabında cəmləşib. Kitabın üz qabığı belə olduqca əzəmətli görünür. Azərbaycan bayrağının fonunda yuxarıda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Həsən bəy Ağayevin şəkilləri əks olunub. Onlardan aşağıda isə hər birinin ümumiləşdirilmiş yekunu kimi Şirməmməd Hüseynovun şəkli əks olunub. Şirməmməd Hüseynov, həqiqətən, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixi, Cümhuriyyət mücahidlərini ürəyində ümumiləşdirərək yaddaşına həkk etmişdi. Şübhəsiz, daha əvvəl dünyaya gəlsəydi, onlarla eyni sırada mübarizə aparanlardan biri olardı. Elə Cümhuriyyətlə bağlı araşdırmaları da bir mübarizə idi. Bütün çətinliklərə baxmayaraq, materialların toplanılması və tədqiqi ilə bağlı böyük işlər gördü və bu işlərin nəticəsi kimi sanballı əsərlər ərsəyə gətirdi. Professor Şirməmməd Hüseynovun unudulmazlığının bir səbəbi də budur: keçmişə sədaqət, AXC mübarizlərinin yaddan çıxmamaları naminə aparılan mücadilələr.

"Cümhuriyyət adamı" kitabının birinci hissəsində ayrı-ayrı alimlərin, jurnalistlərin, siyasi-ictimai xadimlərinin, bir sözlə, ölkəmizin görkəmli ziyalılarının Şirməmməd Hüseynova həsr olunan məqalələri yer alıb. 

Kitabda kifayət qədər maraqlı məqamlarla zəngin xatirələr var. Xüsusən, bu xatirələr toplusu gənc nəsildə Şirməmməd müəllim haqqında dolğun, dəqiq təsəvvürlər yarada bilər. Bu yazılar professorun kamil portretini yaratmağa xidmət edir. Məqalələr arasında sıx bağlar var və heç bir fikir digərini təkzib eləmir. 

Millət vəkili, yazıçı-publisist Aqil Abbasın Şirməmməd Hüseynovun vəfatı ilə bağlı qələmə aldığı yığcam yazı xüsusi diqqətimi cəlb elədi. Aqil müəllim yazır: "Ustadımız Şirməmməd Hüseynovun üç xoşbəxtliyi vardı. Birincisi, xalqı çox sevirdi və xalq da onu çox sevirdi. İkincisi, Cümhuriyyəti quranlar kimi özünü bu millətə, bu dövlətə fəda eləmişdi. Allah da arzularını həyata keçirmək üçün ona sağlamlıq və uzun ömür qismət eləmişdi ki, xəstələnmədən quş kimi uçub getdi. Üçüncüsü də, onun müqəddəs ailəsi, Ülkər xanım kimi həyat yoldaşı olması..."

Aqil Abbasın qeydləri, şəksiz, həqiqətdir. Bu yazını oxuyana qədər Şirməmməd müəllimin uzun ömürlülüyünün səbəbləri barədə düşünəndə beynimdə digər bir variant da var idi. Yazının əvvəlində qeyd etdiyim kimi, bəzən Tanrı insanlara rəhm edir. Şirməmməd Hüseynovun 95 il ömür sürməsi məhz uca yaradanın xalqımıza lütfü idi. O, son nəfəsinəcən Azərbaycan tarixi ilə bağlı təhrif olunmuş məqamların aşkara çıxarılması naminə mübarizə apardı, cəmiyyətimiz üçün tarixi bələdçilik elədi, nəyin düz, nəyin əyri olduğunu ayırd eləməkdə insanlara yol göstərdi, özündən sonrakı tədqiqatçılar, xüsusən AXC tarixinin araşdırmaçıları üçün böyük baza, əsas istinad mənbəyi yaratdı. Elə bu səbəblərdən, Şirməmməd Hüseynovun nəfəsi uzun, canı sağlam oldu...

"Ustad": "525-ci qəzet"in xüsusi buraxılışı

"Cümhuriyyət adamı" kitabının ikinci hissəsi "525-ci qəzet"in Şirməmməd Hüseynovun 95 illiyinə həsr olunmuş "Ustad" sərlövhəli xüsusi buraxılışdan ibarətdir. Bu, ustad pedaqoq Şirməmməd Hüseynov şəxsiyyəti qarşısında Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olan, kiçikdən böyüyə qədər hər kəsin marağını cəlb etməyi bacaran və ən əsası, jurnalistika prinsiplərinə əməl edərək obyektiv mövqe nümayiş etdirən "525-ci qəzet"in mənəvi borcunun qarşılığı kimi əvəzsiz təşəbbüs idi. Ülkər Hüseynova "Universitetdə keçən ömür" adlı məqaləsində "525"in bu addımını yüksək qiymətləndirib: "Vəfatının 1 illiyi münasibətilə onu ürəkdən  sevən "525-çilər", keçmiş tələbələri qəzetin xüsusi bir buraxılış nömrəsini çap etdilər. "525-ci qəzet"in həmin sayı da kitabda bütünlüklə verilmişdir".

Qəzetin xüsusi buraxılışında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin və digər professor-müəllim heyətinin fikirləri,  Azərbaycan ziyalılarının professor haqqında qələmə aldığı məqalələrin bəziləri öz əksini tapıb. Habelə, xüsusi buraxılışda Şirməmməd Hüseynovun tədqiqatlarının, ona həsr olunmuş kitabların siyahısı, jurnalistlərin və iş yoldaşlarının xatirələri də yer alıb. 

Kitabın üçüncü hissəsində Şirməmməd Hüseynovun arxivində olan məqalələrin bəziləri oxuculara təqdim olunub. 

"Cümhuriyyət adamı" kitabı "Uzun ömrün qısa anları" adlı fotoalbomla yekunlaşır. Xatirəyə çevrilən şəkillər alimin ömrünün müxtəlif illərini əks etdirir. 

Qeyd edim ki, "Cümhuriyyət adamı" kitabı Şirməmməd Hüseynovun vəfatından sonra Ülkər xanımın tərtib etdiyi ikinci kitabdır. "Sizdən bir də olmayacaq. Əlvida" adlı birinci kitab alimin vəfatından sonra 40 gün ərzində mətbuatda çap olunan yazıların toplusu idi.

Çox xoşbəxtəm ki, Şirməmməd Hüseynovu cəmi bir dəfə olsa da, canlı görmüşəm və eyni dərəcədə təəssüflənirəm ki, vida mərasiminin də şahidi olmuşam, axı həmsöhbət olmaq kimi arzum var idi... Bəlkə də, ustad pedaqoqun 120, 130, 150 illiyində də həyatda olacağam və özümdən sonra gələn nəsil Şirməmməd Hüseynovla bağlı mənə sual verəndə fəxrlə deyəcəyəm: "Mən "Cümhuriyyət adamı"nı görmüşəm! Və əlbət ki, həmin vaxt Ülkər xanım Hüseynovanın tərtib etdiyi bu kitab və kitaba həsr olunan cari yazı da xatirimdə dolaşacaq. Onda ötüşən günlərin ardınca bir ah çəkəcəyəm. Fəqət, mən əminəm ki, hələ məndən sonrakı neçə-neçə onilliklərdə Şirməmməd Hüseynovun ismi dərin hörmət və ehtiramla anılacaq!..
 

 





17.12.2021    çap et  çap et