525.Az

Milli yaddaş daşıyıcısı - Qulu Məhərrəmli yazır


 

RAMİZ ORSƏRİN PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOVA HƏSR ETDİYİ "HAQQIN SƏSİ" KİTABI HAQQINDA QEYDLƏR

Milli yaddaş daşıyıcısı -<b style="color:red"> Qulu Məhərrəmli yazır</b>

Azərbaycan jurnalistikasının patriarxı, görkəmli mətbuat araşdırmaçısı, parlaq publisist, böyük alim və pedaqoq Şirməmməd Hüseynov haqqında çox yazırlar. Bu yazıların  əksəriyyəti böyük elm adamına, vicdanlı bir alimə və milli yaddaşın təmsilçisi olan bir şəxsiyyətə səmimi sevginin ifadəsidir. Şirməmməd müəllim bizdən uzaqlaşdıqca onun böyüklüyünü, şəxsiyyətinin miqyasını, tarixə fərqli baxışını, milli məfkurə sahəsində gördüyü işlərin əhəmiyyətini, daşıdığı dəyərlərin mahiyyətini daha aydın dərk edirik.

Türkiyədə nəşr olunan "Təmrin" məcmuəsi son buraxılışlarından birini  professor Şirməmməd Hüseynova həsr edib. "Azərbaycan qəzetçiliyinin duayeni" adı altında çap olunmuş məcmuədə Ş.Hüseynovun həyat və fəaliyyəti, elmi araşdırmaları və publisistika yaradıcılığı  haqqında maraqlı yazılar dərc edilib. Bu faktın özü Şirməmməd müəllimin milli düşüncə tariximizdəki yerini müəyyənləşdirməklə yanaşı, onun elmi əsərləri və mətbu fəaliyyətinin təkcə Azərbaycan üçün deyil, həm də bütün türk dünyası üçün ciddi əhəmiyyət daşıdığını təsdiq edir. Yazılanlardan belə məlum olur ki, bir tarixçi və mətbuat tədqiqatçısı kimi Ş.Hüseynovun əsərlərini daha çox cazibədar edən araşdırmalarında milli yaddaşa geniş yer verilməsidir. Onun fikrincə, istənilən xalqın milli  mənəvi bütövlüyü məhz enerji və qüdrət mənbəyi sayılan milli yaddaşdan keçir və bu yaddaşı olmayan, yaxud ondan uzaq düşmüş unutqan toplum məhvə məhkumdur.

Adı çəkilən məcmuədə yazısı dərc olunan müəlliflərdən biri də Azərbaycan Dövlət Pedaqoji universiteti Şəki filialının müəllimi, Şirməmməd Hüseynov yaradıcılığının davamlı və ən səmimi tədqiqatçılarından biri olan Ramiz Orsərdir. Tarix və filologiyaya dair araşdırmaları, bu mövzuda sanballı kitabları ilə tanınan Ramiz bəy həm də bədii yaradıcılıqla məşğuldur, bir neçə şeir kitabının müəllifidir. Poetik silsilələdən olan sonuncu əsəri Şirməmməd Hüseynovun vəfatına həsr etdiyi "Ağlayan xəbər" adlı poemasıdır. Bu poema haqqında yəqin ki, ədəbiyyat adamları öz sözlərini deyəcəklər. Amma mən R.Orsərin iki il bundan əvvəl çap olunmuş, amma pandemiya səbəbindən təqdimatına imkan etmədiyimiz "Haqqın səsi" kitabı barəsində danışmaq istəyirəm. 

Bu kitab bütün ömrünü həmin milli yaddaşın bərpasına həsr etmiş, hadisələr romanı sayılan tarixdən millətin bugünü və sabahı üçün gərəkli ideyaların gün işığına çıxarılması üçün çalışmış, öz fədakar fəaliyyətilə keçmişlə bu gün arasında mənəvi körpü qurmuş böyük tədqiqatçı alim, professor Şirməmməd Hüseynovun elmi və publisistik yaradıcılığı haqqındadır. Belə qiymətli kitabın üzə çıxması təkcə ensiklopedik zəka sahibi olan böyük bir tarixçi alimin, peşəkar mətnşünasın, qüdrətli publisistin yaradıcılığı haqqında danışmaq deyil, həm də XX əsr tariximizin həyəcanlı anlarından, milli haqq və ədalət uğrunda mübarizədən, ideya toqquşmalarından, çiyinlərini həmin mübarizələrin ağırlığı altına vermiş millət fədailərindən söz açmaq deməkdir.

Ölkədə hamı Şirməmməd müəllimi görkəmli pedaqoq, publisist, mətnşünas alim, milli mətbuat tarixinin peşəkar tədqiqatçısı kimi tanıyır. Ziyalılar arasında da, müxtəlif zövqlü oxucular arasında Şirməmməd müəllimin öz yeri, öz çəkisi vardır. Tarixi yaddaş, Cümhuriyyət tarixi, M.Ə.Rəsulzadə, Ü.Hacibəyli və s. mövzularla bağlı Şirməmməd müəllim ictimaiyyətin güvən yeridir. Çünki onun həm elmi-pedaqoji, həm  publisist fəaliyyəti millət, xalq, vətən və azadlıq sevgisinə dayanır. Ona görə də Ş.Hüseynovun parlaq şəxsiyyəti, nəsillərə nümunə ola biləcək həyatı, məslək mübarizələri, qiymətli araşdırmaları haqqında indiyədək çox yazılıb, barəsində sənədli film çəkilib, biblioqrafiyası nəşr olunub. Ona "İstiqlal işığında" (2014) adlı xüsusi məqalələr toplusu həsr edilib. Professor Rəfael Hüseynov "Millət yaddaşının keşikçisi" (2018) kitabı ilə Şirməmməd müəllimə bir mənəvi abidə ucaldıb. Amma bunlarla yanaşı Ramiz Orsərin oxuculara təqdim etdiyi bu monoqrafik əsərin ayrı bir özəlliyi vardır. Həmin özəllik kitabda ilk dəfə Ş.Hüseynovun elmi-publisistik yaradıcılığının, xüsusən onun Azərbaycan elmi ictimaiyyətində ciddi rəğbət doğurmuş son tarixi araşdırmalarının sistemli şəkildə  tədqiqata cəlb olunması ilə bağlıdır. 

Kitabın müəllifi Ramiz Orsər pedaqoqdur, millət müəllimi Şirməmməd Hüseynov şəxsiyyətinin və yaradıcılığının vurğunudur. Bu amil, eləcə də xtisasca filoloq olması və elmi-tədqiqat işindəki səriştəliliyi ona "Haqqın səsi"ni dolğun notlar və zəngin fikir qaynaqları ilə çatdırmasına imkan vermişdir. Özünün yazdığı kimi sözdən və qələmdən umduğu niyyətlərinin ciddiliyi, publisist düşüncənin vüsət və dərinliyi, məhz publisistikada ifadə olunan ictimai amal və vicdanın, fərdi əxlaqın ülviliyi sayəsində milli jurnalistika və publisistikamızın simvolu olan Şirməmməd Hüseynov yaradıcılığını müxtəlif rakurslarda, həm də bir dəyər kimi təqdim etmişdir.  

Kitabı vərəqlədikcə oxucu ötən əsrin əvvəllərindən bu yana Azərbaycan milli düşüncəsində yer almış ideya burulğanları ilə, milli qayə və məfkurə fırtınaları ilə üzləşəcək, milli kimlik diskussiyalarından keçəcək, Azərbaycan Cümhuriyyətini tarix səhnəsinə gətirən siyasi qasırğaladan, qırmızı terrorlardan keçəcək, millətin imzasını tarixlərə daşıyan istiqlal aşiqlərinin həyatını öyrənəcək, bu gündən keçmişə rahatlıqla baxa biləcəkdir. Bu işdə oxucuya milli qürur və fəxarət mənbəyimiz olan Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə kimi mütəfəkkirlərin düşüncələrindən süzülüb gələn əsərlərin enerjisi yardımçı olacaqdır. Çünki professor Ş.Hüseynov zaman-zaman bu fikir nəhənglərinin əsərlərini publisist-vətəndaş idealı, mənəvi intibah, milli qürur və bəşəri vicdan təcəssümü kontekstində çatdırmışdır. 

Kitab müəllifinin ustalığı ondadır ki, parlaq ideya qaynaqlarını, Ş.Hüseynovun bir-biri ilə sıx bağlı olan elmi araşdırmalarını və publisist yaradıcılığını aydın struktur üzrə məharətlə sistemləşdirə bilmiş, ustad alimin qələmindən çıxmış qiymətli əsərləri milli məfkurə və yaddaş işığında təqdim etmişdir. Buna görə də Ramiz Orsərin bu kitabı bütövlükdə həm professor Şirməmməd Hüseynov yaradıcılığının ruhunu, həm də bu çoxşaxəli yaradıcılığın miqyasını və çalarlarını dolğunluqla əks etdirir.

***

Tarixin yaddaşı təkcə dramatik hadisələrdən, maraq davalarından, xatirələr və təəssüratlar xəzinəsindən ibarət deyil, tarixi yaddaş daha çox mahiyyətdir. Belə olmasaydı bəşəriyyət tarixi yaddaşı zamanın yeganə meyarı hesab etməz, xalqlar öz talelərinə bu yaddaşın işığından baxmazdılar. Çünki tarixin bağrından süzülüb gələn mahiyyət təkcə millətin gedəcəyi yolu deyil, həm də mövcudluq uğrunda çarpışan  toplumun düşüncəsini, onun milli yaddaşını və milli məfkurəsini müəyyənləşdirir. Bu mənada  professor Şirməmməd Hüseynov bizlər üçün tarix və millət yaddaşının salnaməçisidir, onun yaradıcılığı və həyatının qayəsi milli yaddaşa ehtiram nümunəsidir. Ustad Şirməmməd müəllimə tükənməz sevginin mənbəyi də məhz milli yaddaşa olan sevgi və ehtiramdan qaynaqlanır.

 





17.12.2021    çap et  çap et