525.Az

Bankların əsl üzü - EL Roman yazır


 

Bankların əsl üzü -<b style="color:red"> EL Roman yazır</b>

Banklar pul satan müəssisələrdirsə, pulu pula satmaq nə dərəcədə effektiv ola bilər? Bu, necə tənzimlənir və burada güdülən şəxsi maraq nədir? 

İnsanlar banklara depozit yerləşdirir, kredit götürür, hesab açır, pul köçürür, plastik kart əldə edir və banklar tərəfindən təqdim olunan digər xidmətlərdən yararlanır. Bu işin görünən və hər kəsə bəlli tərəfidir. Bəs qaranlıq tərəfləri də varmı, yoxsa hər şey öz məsumluğu ilə təqdim olunur? 

Maraqlı bir araşdırmaya əsasən statistika çıxarılıb ki, dünyada bankların loqolarında ən çox istifadə edilən rəng qırmızı, ən az istifadə edilən rəng isə sarıdır. Bunun səbəbi psixoloji qata gedib çıxır. Sarı rəng müvəqqətiliyi ifadə edir. Məsələn, od sarıdır, müvəqqətidir. Saralmış yarpaqlar tökülür. Günəşin sarı işıqları müvəqqətidir. Avtomobil icarəsi ilə məşğul olan şirkətlər də loqolarında sarı rəngə üstünlük verirlər. Mesaj budur: "İstifadə etdiyin avtomobil sənə müəyyən müddətliyinə verilib. İstifadə et və geri gətir!" "Fastfood" restoranlarının loqolarında istifadə edilən sarı rəng isə "sürətli ye və get" mesajını ötürür. Məhz bu səbəbdəndir ki, banklar da müvəqqətiliyi təmsil edən sarı rəngi özlərinə yaxın buraxmaqdan qaçırlar. Çünki banklar onlara əmanət edilən pulların müvəqqəti olmadığına və daima etibarlı yerdə saxlandığına işarə vurmaq istəyirlər. 

Amma gəlin görək, həqiqətənmi bu mesajda deyildiyi qədər bank etibarlı yerdir.

Əlbəttə ki, deyil. Bunu iflasa uğrayan banklar asanlıqla sübut edir. Bank səni elə ziyana salır ki, özün iflas etsən, daha az ziyan çəkmiş olardın.  Rəsmi iş yerim və gəlirim var, özüm də Azərbaycan vətəndaşıyam. Amma ölkədə kredit üçün müraciət etmədiyim bank qalmayıb. Hər dəfə müraciət edən də bir-birindən məzəli bəhanələrə məruz qalmışam. Buna baxmayaraq, kredit mütəxəssisi sənin müraciətini elə şirin dillə rədd edir ki, qayıdıb güldən ağır söz də deyə bilmirsən. 

Nədir bu bəhanələr? 

Məsələn, tarixin ən gülünc bankçılıq lətifəsini ötən günlərin birində mənə "Unibank" danışdı. Baxdılar ki, kredit müraciətim bankın bütün şərtlərini ödəyir, "görəsən, ayaqüstü nə bəhanə tapaq?" tərəddüdü qəfildən belə bir "arqumentə" çevrildi: "Bəy, siz indiyə qədər kredit götürməmisiniz, bu sahədə təcrübəniz olmadığından sizə kredit verə bilmirik". "Kapitalbank" isə öz "vermirəm"inə belə don geyindirdi: "Sizin iş yerinizdən 10 il əvvəl gecikdirmə edən bir nəfər olduğuna görə, iş yeriniz qara siyahıdadır. Təəssüf ki, sizə kredit verə bilmirik". Vəssalam.

Banklar ümidlərimi bir-birinin ardınca beləcə dəfn elədikdən sonra A.S. adlı bir nəfər kredit mütəxəssisi də məsələdə mənə qatıldığını bildirdi. Dedi ki, hətta bununla bağlı gedib müdiriyyətə də müraciət etmişəm ki, belə bəhanələr uydurmaq mənasızdır. 

Deməli, sən kredit mütəxəssisi deyilsən. Sənin işin kredit verib-verməyəcəyin şəxsi seçmək deyil. Sən sadəcə, fiqursan və kiməsə krediti aldığın əmrə əsasən təyin edə bilirsən.

Siyahını bu formada xeyli uzatmaq olar. Biri 4 nəfər zamin istəyir, biri ümumi 3 il, son iş yerindən isə 1 il iş stajı tələb edir, biri deyir ki, kefim ümumiyyətlə kredit vermək istəmir, bir başqası da deyir ki, ilin sonudur, müraciət çoxdur, gücümüz çatmır, gələn il yenə müraciət edin.  Ümumiyyətlə, kredit götürəndə bankı inandırmalısan ki, sənin yaşayışın əladır, altında bahalı maşının, şəhərin müxtəlif yerlərində bir neçə evin var, pula ehtiyacın yoxdur, krediti də bekarçılıqdan götürmək istəyirsən. Üzün təraşlı və aristokrat geyimdə müraciət etmək isə səni hesabda 1-0 irəli atacaq. Yəqin təfəkkür budur ki, sənin hər gün üzünü məcbur təraş etdirəcək bir işin və geyinə biləcəyin kostyumun varsa, deməli, aylıq ödənişi gecikdirmə ehtimalın azdır. 

Hələ insanları absurd reklamla aldadırlar ki, "onlayn müraciət et, kredit evdə oturduğun yerdə birbaşa kartına köçsün". Hamı çox yaxşı bilir ki, mən doğum haqqında şəhadətnaməmdən tutmuş, orta məktəbdə aldığım diplomlara kimi təqdim etsəm belə, evdə oturduğum yerdə siz mənim kartıma pul köçürəsi deyilsiniz. Amma oturduğum yerdə puldan yersiz faiz tutmağı və sonradan üzr istəyəcəyiniz yanlış əməliyyatlarla hesaba müdaxilə etməyi çox yaxşı bilirsiniz. 

Tövsiyəm budur ki, bankda pul saxlamayın. Başına nə gələcəyi sual altındadır. Ən yaxşı və etibarlı bank cibiniz, ən etibarlı mütəxəssis isə özünüzsünüz. 
 

 





17.12.2021    çap et  çap et