525.Az

Aşıq Ələsgərin 200 illiyinə töhfəm - İlqar İmamverdiyev yazır


 

VƏ YA DƏYƏRLİ BİR RƏSMİN TARİXÇƏSİ

Aşıq Ələsgərin 200 illiyinə töhfəm -<b style="color:red"> İlqar İmamverdiyev yazır</b>

Min rəhmət olsun ulu ustadlarımıza! Bu təbiri necə də gözəl ifadə etmişlər:  "Varını verən utanmaz". Bu müdrik kəlama sığınaraq "Bir rəsmin tarixçəsini" xalqımızla paylaşmaq istərdim. Bu il Türk dünyasının nəhəng saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, rəsmi olaraq ana Vətənimiz Azərbaycanda geniş qeyd olunur. Ancaq bu əlamətdar tarix digər Türk Cümhuriyyətlərində də qeyd edilməkdədir. Bu münasibətlə elm xadimlərimiz, tədqiqatçılarımız Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı maraqlı məqalələrlə, müxtəlif diqqətəşayan tədbirlərlə bu əlamətdar hadisəyə yüksək münasibət bildirirlər. Ədəbiyyatşünaslar Aşıq Ələsgər poeziyasına aid yeni-yeni təhlillərlə bu irsə dair araşdırmaların xəzinəsini daha da zənginləşdirir, bəstəkarlarımız əsərlər yeni yazır, aşıqlarımız dastanlar söyləyir, şairlərimiz isə şeirlər qələmə alırlar. Bu qəbildən olan el şairlərimizdən biri də ruhu Haqq dərgahına qovuşmuş Cəmil Əkbərdir. 

Bir zamanlar Cəmil Əkbərin milli saz-söz dünyamızın qibləgahı olan Dədə Ələsgərə həsr etdiyi, tarixi 6.X.1991 kimi göstərilmiş "Ələsgər" rədifli şeirini qiymətli oxucularımıza ilk dəfə təqdim etməklə, bunun ustadımızın yubileyinə töhfə olacağı düşüncəsindəyəm.
                                           
ƏLƏSGƏR     

Çıxmasın yolundan, izindən nə də,
Təpələr yanında dağdı Ələsgər.
Utansın, qızarsın tozundan gədə,
Barlı-bərəkətli bağdı Ələsgər.

Ulu sənətkardı ellər içində,
Bəslənib, yetişib güllər içində,
Dolanır əsrlər, illər içində,
Ölməyib yaşayır, sağdı Ələsgər.

Çoxları çalışdı, izi qalmadı,
Sönübdür ocağı, közü qalmadı,
Ellərə çıxmağa üzü qalmadı,
El yanında üzü ağdı Ələsgər.

Dərməklə neməti azalan deyil,
Qatardan üzülüb pozulan deyil, 
Tərsinə çevrilib yozulan deyil,
Barlı-bərəkətli tağdı Ələsgər.

Cəmiləm, yaxşını yamandan seçdim,
Çisgədən addayıb, dumandan keçdim,
Şeir çeşməsindən əyildim içdim,
Zülaldı, şərbətdi, yağdı Ələsgər.
                               
Görkəmli rəssamlarımız Aşıq Ələsgərin rəsmlərini çəkməklə bu əsərlərini incəsənət-mədəniyyət xəzinəmizə daxil etmişlər. Bu sənət adamlarından biri də hazırda Trabzon Texnik Universitetində çalışan tələbəlik dostum professor Mənsur Cəfərovdur. 

Bir xatirəmi oxucularımızla paylaşmaq istərdim. 2011-ci ildə Aşıq Ələsgərin 190 illiyi münasibəti ilə "Aşıq Ələsgərin poetika və musiqi dünyası" adlı kitab yazmağı nəzərdə tutmuşdum. Hətta kitabın yayınlanması üçün "sponsor" olacaq şəxs də tapa bildiyim üçün bu töhfəmi mədəniyyətimiz üçün xoş məramlı xidmət olaraq göstərmək istədim. Monoqrafiyamın ön sözünü xalqımızın iftixarı olan, 700 məqalənin yazarı, 53 elmi kitabın müəllifi, musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru, professor, Osman Sarıvəlli ocağının şah əsəri Babək Qurbanov "Ustad aşıq, poeziyamızın klassik şairi Aşıq Ələsgər" adlı məqaləsilə yazmışdı. I fəslində ilk dəfə Aşıq Ələsgər yaradıcılığı haqqında mükəmməl elmi əsəri ortaya qoymuş xalq  şairimiz Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illik yubileyinə həsr etdiyi "Qüdrətli şair, ustad sənətkar" adlı məqaləsi də yer alırdı.  "Dədə Ələsgərin musiqi dünyası" adlı 2-ci fəsildə isə 190 adda klassik saz havalarını (yeni kitabımızda 200 saz havası yer alır) nota yazıb kitaba daxil etdim.  

Son mərhələdə isə kitabın üzü üçün rəsmə ehtiyac duydum. Bu məramla da istedadlı rəssam dostum Mənsur  Cəfərova telefon açıb istəyimi bildirdim. Bu niyyətim Mənsur bəyin də ürəyincə oldu. Və iş prosesinə başladı. Yağlı boya ilə bir neçə ay rəsm üzərində çox ciddi çalışdığının şahidiyəm. Nəhayət, mənə zəng edib xoş müjdəni verdi. Və tövsiyəmi almaq üçün yeni çəkdiyi rəsmi internet adresimə göndərdi. Bir-iki fikrimi bildirdim. Qısa zamanda onu da düzəldərək rəsmi bir daha mənə göndərdikdə heyrətə gəldim. Nəzərdə tutduğum fikirlər bu rəsmdə yerini almışdı. Çox sevindim və təşəkkürümü bildirdim. Mənsur müəllimin istedadını bu rəsmlə özüm üçün bir daha kəşf etmiş oldum. 

Oxucularımıza təqdim etdiyimiz Aşıq  Ələsgər rəsminin arxasında durna qatarının pərən-pərən düşməsi Göyçə-Qaraqoyun mahalının mənfur qonşumuzun hiylə-məkri və faşist münasibəti ilə böyük bir türk elinin dağıdılmasını (İnşallah, gün gələr, perik düşmüş durnalar  geri dönər, elimiz-obamız yurd-yuvalarına, əbədi məskənlərinə qayıdar) ifadə edir. Bu rəsm dili ilə deyilənlər öz görünüşü ilə heyrətləndirməkdən başqa, məni həm də çox kədərləndirdi. Çünki 1985-ci ilin iyul ayının xoş günlərində hörmətli şairimiz professor Mustafa İsgəndərzadə ilə birlikdə Ağkilsədə Aşıq Ələsgər ocağının müsafiri olmuşdum. 

İsmi keçən kitabın üzündə yer alan, Mənsur Cəfərovun çəkdiyi Aşıq Ələsgər rəsmini də xalqımıza, doğma "525-ci qəzet"in əziz oxucularına təqdim edirəm. 

Bu rəsmin ikinci seyircisi olan Babək müəllim də bu rəsmlə professor Mənsur Cəfərov sənətinin qüdrətini tanımış oldu. Və professorluq elmi adını almaq ərəfəsində böyük həvəslə Mənsur bəyin sənətinə, yaradıcılığına elmi rəy də verməsini heç unutmuram.

Nəhayət kitab hazır vəziyyətə gəlsə də təəssüf ki, müəyyən səbəblərdən töhfəm yayınlanmamış qaldı.  

10 il aradan sonra Aşıq Ələsgərin 200 illiyi keçirilən 2021-ci ildə isə keçən il 44 günlük Vətən müharibəsində gözəl Qarabağımızı mənfur düşmən tapdağından şəhidlərimizin qanı-canı, igid övladlarımızın qəhrəmanlığı  bahasına xilas edib zəfər qazanmış Azərbaycan xalqıma böyük vəfa borcumun olduğunu bir daha hiss etdim. Və təkrar "Aşıq Ələsgərin poetik və musiqi dünyası" adlı kitabımın yayınlanmasına qərar verdim. 

"İksad" yayın evinin rəsmi yetkili nümayəndələri Səfa Salih Bildirçinin, Mustafa Lətif Əməkin və İbrahim Kayanın xeyir-duası ilə anlaşma imzaladıqdan sonra 654 səhifəlik, 200 saz havasının da yer aldığı not nümunələri də daxil olmaqla, kitabım nəhayət işıq üzü gördü. 

Fəqət ömür vəfa etmədiyi üçün ön sözün yazarı, hörmətli alimimiz professor Babək Qurbanov, nə yazıq ki, bu töhfəmi görə bilmədi. Ruhu şad, məkanı cənnət olsun! 

 





17.12.2021    çap et  çap et