525.Az

Deyəsən, yazıçı oluram


 

Deyəsən, yazıçı oluram <b style="color:red"></b>

Yenə yuxusuzluq... Yaradıcı insanların xəstəliyinə  mən tutuldum. Onların gecələr yatmayıb əsərlər yazmaları barədə çox eşitmişəm, çox oxumuşam. Mən isə sadəcə, düşünürəm... Deyəsən, mən yazı-pozu adamı oluram...

 

Bu mənim uşaqlıq arzum idi... Atamı o qədər sevirdim ki, atam kimi olmaq istəyirdim. O mənim gözümdə ideal idi. Masa arxasında oturub yazı makinasında yazırdı. Mənim üçün o dünyanın ən möhtəşəm insanı idi. Həmişə istəyirdim ki atam mənimlə fəxr eləsin...

 

Dörd yaşım olanda çap makinasında tanımadığım hərfləri taqqıldadanda görürdüm ki atam sevinir... Beş yaşımda artıq hərfləri tanıyırdım...

 

AtamArqumentı i faktıqəzeti alıb gətirərdi. O vaxtkı qəzet səhifələrini bıçaqla kəsməliydin ki, açıb oxuya biləsən. Atam o bıçağı verirdi ki, qəzeti mən açım... Özümü necə xoşbəxt hiss edirdim.  O qəzetin qoxusu hələ burnumdadır... Oxuya bildiyim üçün qəzetin başlıqlarını atama mən oxuyurdum... Onun gözlərindəki o ifadəni indi görürəm...

 

Həmişə hər şeydə birinci olmaq istəmişəm ki, atamın mənə olan inamını doğruldum. Mən çox bacarıqlı uşaq idim. Beş yaşımda vurma cədvəlini, sütunlu bölməni bilirdim, kitab oxuyurdum. Uşaqların içində ən güclüsü idim, altmış dəfə jim edirdim, şpaqat da açırdım... Gör  atamı necə çox istəyirdim...

 

Sonradan kitaba marağım itdi. Məni daha çox futbol cəlb edirdi. bir gün qaça-qaça evə girib gördüm ki, böyük bacımla  qardaşım oturub atamı dinləyirlər. Dedim, “niyə oturmusuz, gəlin çöldə topla oynayaq”.  Atam dedi: “ Otur sən qulaq as, mən Puşkinin şeirini oxuyuram”. Səkkiz yaşım vardı. “ Puşkindeyib atamı yamsıladım... Sərt baxışları mənə bəs elədi...

 

O hadisədən sonra atam mənə hər həftə bir şeir əzbərlətdirirdi. Bundan pis cəza ola bilməzdi. Şeirləri anlamadığımçün, heç biri xoşuma gəlmirdi...On yaşım olanda atam mənə Ömər Xəyyamın kitabını verdi. O şeirləri sevdim...

 

Özüm başladım şeir yazmağa. İstəyirdim Xəyyam kimi dörd sətirdə həyatın mənasını çatdıra bilim... Atam şeir yazmağımdan xəbərsiz idi. On altı yaşımda bir şeirim qəzetdə çap olundu. Qəzeti atama göstərdim. Həmin o şeir sevgidən idi. Özüm sevməsəm , sevginin olduğunu bilirdim, ona görə ki,  oxuduğum şeirlər sevgidən idi.

 

Elə istəyirdim atam məni o dörd yaşlı uşağı təriflədiyi kimi yenə tərifləsin. Amma başını səhifədən qaldırıb soruşdu ki: “Sən bunu hardan köçürtmüsən?” Özüm yazmağıma inanmayıb dedi ki: “Bunu yazan insan çox şey yaşamalıdır”. Sonra atama bir şeirimi oxudum... Yenə atamın gözlərində işıq gördüm.

 

Atamın qəzetdə yazıları dərc olunurdu. İnanmazsız, amma indi mən həmin qəzetdə işləyirəm. Atam kimi olmaq istəyim çox güclü imiş. Peşiman deyiləm. Atamı çox sevirəm!

 

 





05.05.2014    çap et  çap et