525.Az

Avropa Birliyinin yeni həmləsi - Xaqani Cəfərlinin siyasi şərhi


 

Avropa Birliyinin yeni həmləsi -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Şərq Tərəfdaşlığı proqramının Brüsseldə keçirilmiş altıncı sammitini bir ifadə ilə Avropa Birliyinin yeni həmləsi adlandırmaq olar. Dörd il əvvəl Şərq Tərəfdaşlığının beşinci sammiti Avropa Birliyinin Şərqə doğru genişlənməsi prosesinin ilk nəticələrinin əldə olunduğu bir mərhələyə yekun vurmuşdu. Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilən dördüncü sammitindən sonra Gürcüstan və Moldova ilə 2016-cı ildə, Ukrayna ilə isə 2017-ci ildə assosiativ saziş imzalanmışdı. Ancaq beşinci sammitdən sonra Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsində fasilə yarandı. İndi belə görünür ki, Avropa Birliyi yenidən zaman itirmək niyyətində deyil.  

Şərq Tərəfdaşlığının altıncı sammiti də özündən əvvəlki sammit kimi Avropa Birliyinin siyasi mərkəzi hesab olunan Brüsseldə keçirildi. Qeyd edək ki, ilk dörd sammit əvvələr Sovet blokunda təmsil olunmuş, Avropa Birliyinə sonradan qoşulan ölkələrdə keçirilmişdi. Beşinci sammitin Brüsseldə keçirilməsinə qərar verən Avropa Birliyi bununla Şərq Tərəfdaşlığına Birliyin sadiqliyini nümayiş etdirmək istəmişdi. Bu dəfə də sammitin keçirilmə məkanı kimi Belçika paytaxtının seçilməsi Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına verdiyi önəmin təkrar vurğulanması idi.

Şərq Tərəfdaşlığının altıncı sammitində Avropa Birliyinə daxil olan bütün ölkələrinin liderləri, proqramın üzvü olan ölkələrdən isə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövlət və hökumət başçıları iştirak edirdilər. Belarus Şərq Tərəfdaşlığının altıncı sammitində təmsil olunmurdu. Lakin buna baxmayaraq, sammit iştirakçılarının oturduğu masanın ətrafında üzərində Belarusun bayrağı olan boş kürsü vardı. Bu da Avropa Birliyinin Minsklə əməkdaşlıq yollarının tam bağlanmadığının göstəricisi kimi dəyərləndirilə bilər.  

Şərq Tərəfdaşlığı proqramı üzv ölkələrə Avropa Birliyinə birbaşa üzvlük imkanları verməsə də, bu platformanı üzv ölkələr üçün əsas cəlbedici edən məqam məhz nə zamansa Birliyə üzv olmaq imkanlarının mövcud olmasıdır.

Şərq Tərəfdaşlığında iştirak edən və Avropa Birliyi ilə assosiativ saziş imzalamış Ukrayna, Gürcüstan və Moldova çalışırlar ki, Birliyə qəbul olunacaqları ilə bağlı dəqiq tarix müəyyən olunmasa da, onların bu hüququnun olduğu rəsmi sənədlərdə öz əksini tapsın. Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdən əvvəl Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə görüşərkən "Məqsədimiz Avropa Birliyinə tamhüquqlu üzvlükdür" deməsi də bu niyyəti təsdiqləyir. Hələlik isə Avropa Birliyi öz sıralarına yeni üzv qəbul etmək imkanında deyil. Çünki Avropa Birliyinə rəsmi namizədlər olan Serbiya, Bosniya, və Hersoqovina, Çernoqoriya, Şimali Makedoniya və Albaniyanın Birliyə nə vaxt qəbul olunacağı hələ bilinmir. Halbuki bu ölkələr 2012-ci ildən Avropa Birliyinə üzv olacaqları günü gözləyirlər. Makedoniya hətta bunun üçün adını dəyişərək Şimali Makedoniya adlandırmaqdan da çəkinmədi. Ancaq hələlik Avropa Birliyi yeni üzvlər qəbul etməyə tələsmir. Burada son iki ildə bütün dünyada siyasi və iqtisadi əməkdaşlığı dondurmuş koronavirus pandemiyasının təsiri də var. Digər tərəfdən, Avropa Birliyinin genişlənməsinə Rusiyanın qısqanc münasibəti də öz təsirini göstərir. Bu və digər səbəblərdən son dörd ildə Şərq Tərəfdaşlığı proqramının icrasında fasilə yaranmışdı. İndi isə Avropa Birliyi bəzi addımlar atmaqla itirilmiş zaman və imkanların yerini doldurmağa çalışır.  

Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin açıqladığı kimi, Birlik Şərq Tərəfdaşlığı ölkələrinə 2 milyard avrodan çox sərmayə qoymağı planlaşdırır. Avropa Birliyi iddialı iqtisadi və investisiya planı ilə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrə ciddi təsir göstərmək niyyətindədir. İyul ayında Avropa Komissiyası tərəfindən hazırlanmış investisiya proqramına əsasən, Şərq Tərəfdaşlığında iştirak edən ölkələr 2027-ci ilə qədər Avropa Birliyindən 2,3 milyard avro sərmayə alacaqlar. Şarl Mişelin açıqladığı məlumatlardan bəlli olur ki, həmin vəsaitin yarım milyon avrosu Şərq Tərəfdaşlığında iştirak edən ölkələrdə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönələcək. Eyni zamanda, korrupsiya ilə mübarizə, müstəqil mətbuatın gücləndirilməsi və qeyri-hökumət təşkilatlarına dəstək məqsədlərinə sərf olunacaq. Bu isə o deməkdir ki, Avropa Birliyi Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin cəmiyyətlərinə yönəlik layihələr həyata keçirməklə onlara təsir göstərməyi nəzərdə tutur.

Bundan əvvəl Avropa Birliyinin Şərq Tərəfdaşlığında iştirak edən ölkələrdəki kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönələn sərmayə bu ölkələrdəki orta təbəqənin formalaşmasına ciddi təsir etməklə yanaşı, Avropa ölkələri ilə iqtisadi bağları da gücləndirir. Bununla da Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin cəmiyyətlərinin yönü Avropaya istiqamətlənir. Əgər Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin bəyan etdiyi kimi, Şərq Tərəfdaşlığı ölkələrinə yönəlik sərmayə 2,3 milyard avrodan bir neçə dəfə çox olarsa, bu, təsir imkanlarının daha da artması deməkdir.

Belə görünür ki, Avropa Birliyi Şərq istiqamətində mövqelərini gücləndirmək üçün iqtisadi təsir vasitələrindən istifadə etmək niyyətindədir. Bu isə postsovet məkanında özünün hökmran rolunu qorumağa çalışan Rusiyanın mövqelərini zəiflədəcək. Çünki Rusiya hərbi güc olmasına baxmayaraq, Avropa Birliyi kimi cəlbedici iqtisadi tərəfdaş deyil.  

 





19.12.2021    çap et  çap et